Əliyevin uğurlu siyasəti

Özünün siyasi uzunömürlülüyünə, əsl siyasi bacarığına və yeni beynəlxalq şəraitə uyğunlaşmaq qabiliyyətinə görə İlham Əliyev Netanyahu, Ərdoğan, Nazarbayev, Merkel, Putin kimi hakimiyyət ustalarından geri qalmır….Bir qayda olaraq siyasətçi üçün fəal idarəçiliyinin və ya aramsız, qızğın mübarizənin ikinci ongünlüyündə karyerasının qürubu dövrü başlayır. Xüsusən də əgər siyasətçi fasiləsiz olaraq  hakimiyyət sükanı arxasındadırsa və ya qısa müddət kənara çəkilibsə. Adam hakimiyyətdən, onun məsuliyyətindən və yükündən yorulur, eləcə də xalq hətta ən proqressiv və rasional , amma dəyişməyən hakimiyyətdən belə yorulur. İstənilən hakimiyyətdən, hətta onun başlıca amalı  vicdan və insanlara xidmət olaraq qalsa belə.

Hələ prezident idarəçiliyindən əvvəl, siyasi karyerasının başlanğıcında İlham Əliyev özünün başlıca missiyasını elan etmişdi-Qarabağın qaytarılması

Lakin sosial psixologiyanın  “xalq və lider” anlayışlarına münasibətdə oturuşmuş bu aksiomunu özünün nüfuzu və motivasiyası ilə bütöv tarixi prosesləri hərəkətə gətirən siyasətçilərə aid etmək çətindir. Tarixi siyasətçilər yaradır. Xalqlar isə siyasi dövrlərin əsəridir. Lakin burada böyük rus marksist-alimi Plexanov mühüm nəzəri nəticəyə gəlir-siyasətçinin yaratdığı dövrdə xalq özü yeni dövrün yaradıcısına çevrilir.

Bu nəzəri yanaşma İlham Əliyevin ikinci Qarabağ müharibəsində möhtəşəm uğuruna gətirib çıxaran hadisələrin məntiqinə uyğun gəlir. Müharibənin başa çatmasından sonra Azərbaycan lideri çıxışlarından birində özü vurğulamışdı ki, milli arzuya-Qarabağın azad edilməsinə nail olmaq məhz onun dövründə yetişmiş nəslin qəhrəmanlığı, fədakarlığı, qanı, canı hesabına başa gəlib. Bu nəsil Əliyev dövründə doğulub.

Tarixi qanunauyğunluq formuludur: tarixi şərait-tarixi tələbat-şəxsiyyətin tarixi proseslərlə qarşılıqlı əlaqəsi. Öz üzərinə tarixi proses missiyası götürmüş siyasətçi ayrıca zaman kəsiyi, hakimiyyətlərin əvəzlənməsi prinsipi, cəmiyyətdəki təbii siyasi mübarizə ilə qavranılmır. Axı şəxsiyyətin tarixi proseslərə təsiri həm də onun şəxsi keyfiyyətləri, istedadı və imkanları ilə ölçülür, bu da özünü Putinin dövründə Rusiyanın yenidən dünya nəhənginə çevrilməsində və Ərdoğan dövründə Türkiyənin Yaxın Şərqdəki böyük renessansında özünü göstərib. Eləcə də böyük liberal və demokratik nailiyyətlər əldə etmiş İsrail xalqının zəngin təcrübəsini göstərmək olar: Netanyahu Yaxın Şərqdə hökm sürən mürəkkəb dövrdə İsraildə sistemli stabilliyi və yenilməz müdafiə qabiliyyətini özündə əks etdirir. Tramp amerikalılları özünün prezident idarəçiliyinin müddətini uzatmağa çağıranda da bu inama əsaslanırdı. Lakin olan oldu-yeni hakimiyyət tarixi prosesi dayandırdı, “Avramovlar razılaşması”ına zərər vurdu, müharibə yenidən Yaxın Şərqin qapılarını döydü…Bəs geosiyasi inqilabı özünün kulminasiya dövründə boğulan Saakaşvili?..

Əliyev dövrünün gəncləri canlarından keçdilər, amma qalib gəldilər…

Bir şəxsiyyətin tarixi proses üzərində dominantlığı ilə müasir cəmiyyətlərdə bölünməz dəyər olan öz iradəsini sərbəst ifadə etmə arasında ziddiyyət varmı? Şübhəsiz ki, yox, axı tarixi proses elə xalqın öz iradəsini ifadə etməsi ilə yaranır. Əsrin dörddə biri  ərzində Azərbaycanda dövlətin mövcudluğunun və ictimai inkişafın ali mənası Qarabağın geri qaytarılması ideyası idi. İlham Əliyev bu tarixi prosesi uğurla başa çatdırdı, yeni eranın-əldə edilmiş qələbənin möhkəmləndirilməsinin, azərbaycanlıların böyük qayıdışının və Qarabağın xarabalıqlardan bərpasının əsasını qoydu. Əliyev yeni tarixi eranı özü həyata keçirir, bu da özünü erməni siyasi düşüncəsinin təsəvvürlərində öz əksini tapır. “Ancaq Əliyevin hakimiyyətdən getməsindən sonra biz Qarabağın geri alınmasına ümid edə bilərik”,-Aram Qabrielyanovun dilindən qəzəbli və öz gücsüzlüyünün etirafı olan bu ifadə səslənir. Erməni siyasi düşüncəsinin digər görkəmli nümayəndəsi Levon Ter-Petrosyan isə erməni işğalçılığının çöküşünün parlament idarəçilik formasına keçidlə-Ermənistanda hakimiyyətin tez-tez dəyişməsi ilə başladığını deyir. Kim bilir, əgər hakimiyyətdə Köçəryan qalsaydı və ya Sərkisyan parlament idarəçiliyinə keçməsəydi tarixin gedişatı necə dəyişərdi? Bu, taleyüklü dövrlərdə, tarixi dönüş mərhələlərində  şəxsiyyətlərin rolu nəzəriyyəsini müasir şərtlərdə möhkəmləndirir. Tarixi prosesin yekunlaşmasına qədər.

Yerinə yetirdiyi tarixi missiyadan ruhlanan İlham Əliyevin sonsuz sevinc hissləri onu qanadlandırır. Sözün əsl mənasında Azərbaycan lideri tələsir və gecikməkdən qorxur. O, öz vaxtının hər saatının, hər dəqiqəsinin qiymətini bilir. Dərk edir ki, onun tarixi missiyasının yekun hissəsi gəlib çatıb. Axı Qarabağın qaytarılmasından sonra ilk növbədə düşmən Ermənistanla asan olmayan sülh sazişi bağlamaq lazımdır, irəlidə isə hələ ağlasığmaz dərəcədə böyük miqyaslı tikinti, Zəngəzur dəhlizinin açılması dayanır. Bunlarla eyni vaxtda İlham Əliyev amansız pandemiyanın nəticələrini aradan qaldırmalıdır-axı ölkə iqtisadiyyatına böyük ziyan dəyib. O, nazirlərlə və köməkçiləri ilə bir müşavirəni tərk edib digər məmurlarla problemlərin müzakirəsinə keçir. Üstəlik öz hökumətindəki qaçılmaz məmur instinktini dəf edərək.

O, Şuşaya tələsir ki, Azərbaycan mədəniyyətinin beşiyində təşkil olunan ilk festivalın sevincini bölüşsün. Lakin hamı ilə birlikdə Bakıya qayıtmır, Qarabağdan Qəbələyə gedir. Pandemiya tüğyan edir, əhalinin gəlirləri azalır. Və o, öz xalqını çörəklə təmin etmək üçün yeni müəssisələr açır.

İlham Əliyev öz missiyasını şərəflə başa vurdu. İlham Əliyevin ikinci nəfəsi açılır…

Mayın 28-də İlham Əliyev Ağdamdadır. Onu, Qarabağın ikinci paytaxtının ictimaiyyəti ilə ilk görüş gözləyir. Sonra şəhərin baş planını müzakirə edir. O, Bərdədən Ağdama yeni yolun təməlini qoyur. Məktəbin bərpa ediləcəyi yerə tələsir. O, hökmən Ağdamın ilk məktəbinin tikiləcəyi yerdə də olmalıdır, həm də ilk yaşayış binasının, sənaye parkının təməlini qoymalıdır…Əliyev Qarabağ xanlarının Ağdamda dağıdılmış sarayına da baxmalıdır. O, tapşırıq verir: bərpa edin! Elə buradaca, ruhlar şəhərinə çevrilmiş Ağdamda İlham Əliyev yeni xatirə muzeyinin tikintisinin təməl daşını qoyur. Xalq öz tarixini xatırlamalıdır. Keçmişin lənətlərindən qaçmaq üçün…Və prezident Bakıya tələsir. Axşamdan xeyli keçmiş nazirlərlə müşavirə təyin olunub. Yaxın köməkçilərinin məruzələrini də dinləməlidir.

Mayın 29-da, sübh tezdən İlham Əliyev artıq öz kabinetindədir! Hökumət başçısının və güc strukturlarının başçılarının məruzələrini dinləyəndən sonra saat 08.30-da prezident Bakıda yeni inzibati binaların açılışına gedir. Bəli, düşüncəsində o hələ orada, Ağdamdadır, paralel olaraq “Zəngəruz dəhlizi”  üzrə danışıqlar barədə düşünür, lakin indi nəzərlərini Bakıya yönəltməlidir. Əliyev Suraxanı məhkəməsinin açılışında fürsətdən istifadə edib ədliyyə nazirindən hüquqi islahatların gedişi haqda soruşur. Onu bir məsələ maraqlandırır: insanların şikayətinə reaksiya necədir? ..

Budur, Əliyev artıq diqqətlə və bütün incəlikləri ilə İqtisadiyyat Nazirliyinin yeni binasının bütün mərtəbələrini nəzərdən keçirir.

O, hələ Bakıda “8 noyabr” metro stansiyasının açılışını da etməlidir. Qələbənin, onun böyük qələbəsinin, Azərbaycan şəhərlərinin anası olan Şuşanın azad edilməsinin şərəfinə adlandırılan stansiyanın. Onun sifətindən təbəssüm keçir. Əliyev hələ də Cıdır düzündə , başgicəlləndirici uçurumun üstündə yerləşən düzənlikdə səslənən Azərbaycan muğamının sədalarının təsiri altındadır…Bu, qələbənin şirin dadının hiss olunduğu hansısa başgicəlləndirici gün idi. Bəli, bəli, o həmin uçurumun astanasında olan  xalqını xilas etdi.

Tarixi borcun yerinə yetirilməsi hissi yüngül yorğunluğu arxada qoyur. İrəlidə Türkiyə hökumətinin naziri Qaraismayıloğlu ilə görüş var. Əliyev görüşdə Zəngəzur dəhlizinə dair danışıqlarda əldə edilmiş uğur barədə danışır. O, yeni tarixi missiyanın kəndarına yaxınlaşıb. Bu, onun fenomenidir, onun ikinci nəfəsidir.

Ortada yeni mübarizə var. Və o, qalib gəlməlidir. Yeri gəlmişkən, İlham Əliyev başqa cür bacarmır.

Müəllif: Eynulla Fətullayev

Hamısını Göstər

Related Articles

Back to top button