Gorus-Qafan yolunun üstündə Azərbaycanın polis postu

Sosial şəbəkələrin erməni seqmentində Gorus-Qafan yolunun üzərində qoyulmuş Azərbaycan polis postunun fotosu yayılıb. Və ermənilər arasında növbəti təşviş dalğasına səbəb olub. Yolun yenidən bağlanacağı haqda söz-söhbətlər yayılıb.

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) qubernatoru Melikset Poqosyan isə əhalini sakitləşdirməyə çalışaraq bildirib ki, polis postu yolun Azərbaycan ərazisindən keçən hissəsində, Qubadlıda yerləşdirilib.

“Bu post yolun onların ərazisindən keçən hissəsində qoyulub, Gorus-Qafan yolunun üzərində. Rusiya və Azərbaycan sərhədçiləri yolun bu hissəsinə nəzarət edir. Mən də bunu indi gördüm, getdim, baxdım, gördüm ki, post onların tərəfindədir. Əvvəldən orada post var idi, evciyi isə yeni tikiblər. Bu təhlükəli deyil,  yol Rusiyanın nəzarəti altındadır”,-qubernator bildirib.

Xatırladaq ki, bu günlərdə Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Ermənistan hərbçilərinin Azərbaycan sərhədçisinə bıçaqla hücum etməsinin ardınca Azərbaycan tərəfi yolu bağlayıb. Nəticədə Ermənistanın İranla quru əlaqəsi faktiki olaraq kəsilib, Zəngəzurun bir neçə yaşayış məntəqəsi isə faktiki blokadada qalıb. Rusiya tərəfinin iştirakı ilə aparılan danışıqlardan sonra Azərbaycan yolu açıb, amma yolda hərəkət sürətini  minimuma endirmək üçün ən azı iki yerdə beton bloklar qoyulub. Bu da yolda hərəkətə vizual nəzarəti gücləndirməyə imkan verir.

Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Qubadlı ərazisindən çəkilib, ötən ilin dekabrında Azərbaycan Ermənistanla sərhədin bu hissəsinə nəzarəti təmin edib və nəticədə yol Azərbaycanın nəzarətinə keçmiş olub. Alternativ yolun çəkilməsinə qədər Azərbaycan tərəfi bu yolda hərəkətə icazə verib.

Hamısını Göstər

Related Articles

Back to top button