“Heç vaxt olmadığı qədər güclü beynəlxalq dəstək gördük”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov gündəmdə olan aktual məsələlərlə bağlı AzPolitika.info-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Sadiq müəllim, xeyli müddətdir paytaxtda və bir sıra şəhərlərdə sərətləşdirilmiş karantin rejimi davam etsə də, koronavirusa yoluxanların sayı hələ də yüksək olaraq qalır. Bunu Azərbaycanda pandemiya ilə mübarizənin keyfiyyətli təşkil edilməməsi ilə bağlamaq olarmı?

– Əlbəttə, xeyr. Yeni növ koronavirus – COVID-19 infeksiyası, sözün əsl mənasında, bəşəriyyətin bəlasına çevrilib. Yer kürəsinin 213 ölkə və bölgəsində tüğyan edən COVID-19-un yayılmasının qarşısının alınması, virusun təsirinin azaldılması məqsədilə bütün ölkələrdə lazımi addımlar atılsa da, hələki infeksiyanı tam ram etmək mümkün olmayıb. İnkişaf etmiş ölkələrin səhiyyə sisteminin belə aciz qaldığı dönəmdə Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə atıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq, xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl hökumət onun ciddiliyini anladı və dünyada öz sərhədlərini, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Ölkədə qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Nəticədə, Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer aldı.

COVID-19 virusunun vətənimizdə qarşısının alınması istiqamətində görülən tədbirlər əhalinin sağlamlığına və təhlükəsizliyinə hesablanıb. Maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması koronavirusla mübarizəyə inanılmaz töhfə oldu. Karantin dövrü ərzində pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən göstərilən maddi və sosial yardımlar bu xüsusda əhəmiyyətli rol oynadı. Hazırda da bu tədbirlər davam etdirilir.

İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib: “Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət”.

Yəni Azərbaycan dünyanın pandemiya dövründə xarici maliyyə dəstəyinə ehtiyacı olmayan ölkələrindən biridir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bunda həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıyır, həm də 2 il öncə, yəni 2018-ci ilin ikinci yarısından başlanılan islahatlar mühüm təsirə malikdir.

Dünyanın digər pandemiya ilə mübarizə aparan ölkələrindən fərqli olaraq dövlətimiz həm pandemiya ilə mübarizə aparır, həm də dövlət milyon yarımdan çox işçinin əmək haqqının əsas hissəsini ödəməyi öz üzərinə götürür, 600 mindən çox aztəminatlı vətəndaşına ayda 190 manat birdəfəlik ödəmə həyata keçirir, ünvanlı sosial yardım alan ailələrin sayını 80 minə çatdırır, 600 minə yaxın işçiyə orta aylıq 712 manat civarında pul ödəyir, heç bir sosial proqramın təxirə salınmayacağını xalqın qarşısında bəyan edir, şəhid ailələri və məcburi köçkünlərə tək bu il 8500-dən çox mənzil vermək hədəfinə doğru inamla gedir, ziyan çəkmiş sahibkarlara kompensasiya ödəyir, işçini ixtisar edən sahibkarı güzəştsiz şəkildə cəzalandırır, müəyyən kateqoriya təhsil haqqı ödəmiş tələbələrin pulunu geri qaytarır, yəni “ağırlıq xalqın yox, onun yanında duran dövlətin çiyinlərinə düşəcək” kimi dərin humanist-sosial prinsipin əsasında fəaliyyət göstərir.

Eyni zamanda dünyanın pandemiya ilə çarpışdığı ağır bir zamanda Azərbaycanın sərhədlərinə xaincəsinə hücum edərək vəziyyəti çətinləşdirmək istəyən Ermənistan kimi mənfur düşmənlə də layiqli mübarizə aparır.

– Söhbət Ermənistanın növbəti təcavüz cəhdindən düşmüşkən, bununla bağlı bəzi məsələlərlə bağlı Sizin də fikirlərinizi öyrənmək istərdik. Əvvəla, necə bilirsiz, bu təcavüzün dəf edilməsində Azərbaycana verilən beynəlxalq dəstəyi yetərli hesab etmək olarmı?

– Bilirsiz ki, ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqda ibarətdir.

Bu günlərdə heç vaxt olmadığı qədər çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər. Eyni zamanda, ATƏT-də də, Avropa İttifaqında da Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin haqlı və ədalətli möv¬qeyi həmin təşkilatların müvafiq sənədlərində əks olunub. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. 14 iyul 2020-ci il tarixli açıqlamasında Türk Şurasının Baş katibi Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı bildirdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib.

14 iyul 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanatla çıxış edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. İƏT Baş katibi şəhid olan Azərbaycan hərbi qulluqçularının ailələrinə başsağlığı verib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanıb.

Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli kommünike sənədi isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Qoşulmama Hərəkatının Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edilib. Qoşulmama Hərəkatına üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Baş katibi mülki əhalinin ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhəd yaşayış mənətəqələrini atəşə tutmasını şiddətlə qınayıb. TÜRKPA-nın Azərbaycan respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəklədiyini bir daha bəyan edib.

GUAM təşkilatı isə sosial şəbəkə hesablarından etdiyi paylaşımlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hücumunu pisləyib və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını paylaşıb.

Göründüyü kimi, Ermənistanın son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək cəhdi beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılıb. Baş vermiş təxribatla bağlı BMT, Aİ, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamalar ilə yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən QH, eləcə də İƏT və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli ismarışlar ünvanlanıb.

– Sadiq müəllim, Ermənistanın birdən-birə Tovuz istiqamətində Azərbaycan ərazilərinə təcavüz etmək cəhdinin səbəbləri barədə müxtəlif mülahizələr var. Sizin fikinizcə, bu təcavüz cəhdinin arxasında hansı məqsəd dayanırdı?

– Fikrimcə, Ermənistanın son provokasiyaları yalnız Azərbaycan ərazilərinə qəsd deyil, həmçinin ölkəmizin strateji əhəmiyyətli nəqliyyat və enerji layihələrinə zərbə vurmaq məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Bakı-Tiflis-Ərzurum (BTƏ) qaz kəməri erməni hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərazisindən keçir. Cənubi Qafqaz Boru Kəməri (CQBK) Türkiyədən TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında Avropaya ilkin qazın çatdırılması planlaşdırılır. Hazırda Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi Avropa Komissiyasının ittifaq ölkələrinin enerji təhlükəsizliyi üçün prioritet hesab olunan layihələrdən biridir. Beləliklə, Ermənistanın Tovuz istiqamətində atdığı təxribat xarakterli addımlar birbaşa Avropanın enerji təhlükəsizliyini təhdid edir.

Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışırdı. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Ermənistanın daha çox güvəndiyi KTMT-dən arzuladığı dəstəyi, müsbət cavabı ala bilmədi.

Ermənistanın başqa bir avantürası isə ABŞ Konqresində iflas etdi. Artıq bilindiyi kimi, Azərbaycan əleyhinə düzəliş keçmədi, əvəzində, ilk dəfə, Ermənistan əleyhinə düzəlişlər qəbul edildi. Təbii ki, bu uğursuzluqlar erməni lobbisinin, xüsusilə, “Daşnak” partiyasını təmsil edən ANCA-nı (“Amerika Erməni Milli Komitəsi”) çaşqınlıq və məyusluğa düçar edib.

Digər yandan, Konqres üzvü Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş bilginin ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

– Erməni təcaavüzünə qarşı ölkədə böyük milli həmrəylik nümayiş etdirildi. Bunu necə qiymətləndirirsiz?

– Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq müəyən qüvvələr, o cümlədən bəzi AXCP üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi, xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər.

Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Unutmayaq ki, biz birlikdə güclüyük!

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button