“Hindistan Azərbaycandan öyrənsin” – hind mediası

Hindistanın “The Print“ nəşri “India can learn from Azerbaijan how to spend smart on military when budget is thin“ (“Büdcəsi az olan Hindistan hərbə ayrılmış vəsaiti səmərəli xərcləməyi Azərbaycandan öyrənə bilər”) başlıqlı məqalədə Azərbaycan insanı üçün maraqlı ola biləcək dəyərli statistik məlumatlar var. Əsasən məqalədəki bu kimi məqamlara vurğu edəcəyik. Qos-qoca Hindistanın Azərbaycandan nəsə öyrənməsi ilə əlbəttə, qürur duymaq olar.

“The Print” yazır ki, Hindistanın hərbi büdcəsi son günlərdə ciddi tənqid olunur. Hindistan ordusunun keçmiş rəhbəri V.P.Malik nəşrə bildirib ki, Hindistan müdafiəyə yetərincə vəsait ayırmır. Belə ki, Çinin hərbi büdcəsi Hindistanla müqayisədə 4 dəfə çoxdur. General bildirib ki, Hindistan müdafiəyə ən azı Ümumi Daxili Məhsulun 3 faizini ayırmalıdır. Hazırda bu göstərici 2.14 faizlə məhdudlaşır.

Hindistanın baş naziri Narendra Modi deyib ki, hökumətinin bundan artığına gücü çatmır. Çünki Hindistanda az qala bütün sahələrə ciddi problemlər mövcuddur. Ancaq Çinlə hərbi qarşıdurmada olan Hindistan üçün hərbi sahə strateji xarakter daşıyır.

“The Print” bildirir ki, Hindistanın pulu azdır. Ancaq çıxış yolu var. Az pulu ağılla xərcləmək, yəni gərək olan şeylərin alınmasına xərcləmək ən ideal çıxış yoludur. Hindistan az puldan daha səmərəli istifadənin yolunu tapmaq üçün Azərbaycan-Ermənistan müharibəsinə diqqət etməlidir.
İsveçin nüfuzlu beyin mərkəzi olan Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutunun (Stockholm International and Peace Research Institute (SIPRI)) hesabatına söykənən nəşr yazır ki, 2009-2018-ci illərdə Azərbaycan hərbi məqsədlər üçün 24 milyard dollar xərcləyib. Ermənistan isə hərbi sahəyə eyni müddət ərzində 4 milyard dollardan bir qədər artıq vəsait ayırıb.

Neft gəlirlərinə söykənən Azərbaycanın maddi imkanları Ermənistandan ciddi şəkildə üstündür. 2018-ci ildə əhalisinin dörddə biri kasıblıq həddində yaşayan Ermənistan büdcəsinin 21 faizini hərbi xərclərə ayırıb, Azərbaycan isə 11 faizlə bu işi bitirib.

Məqalədə qeyd olunur ki, Azərbaycan tərəfinin gördüyü daha bir ağıllı yanaşma onda özünü büruzə verdi ki, rəsmi Bakı silah-sursatı təkcə Rusiyadan almadı. İsrail və Türkiyəyə də üz tutdu. Ermənistan isə əsasən Rusiya silahları ilə keçinməli oldu.

Hindistan nəşri mərkəzi ofisi Londonda yerləşən “Müharibə və Sülh İnstitutu”na (The Institute for War & Peace Reporting (IWPR) istinadən (sözü gedən məqalə “Why Azerbaijan Won” (Niyə Azərbaycan qalib gəldi )) adlanır. Həmin məqalə tanınmış iqtisadçı Qubad İbadoğlu tərəfindən qələmə alınıb. E.H) yazır: “İsrail 2015-2019-cu illərdə Azərbaycanın hərbi sahədə ən böyük və birinci dərəcəli ticarət tərəfdaşı olub. Həmin illərdə Azərbaycana olan silah ixracının 60 faizi İsrailin, 31 faizi Rusiyanın, 3.2 faizi Türkiyənin payına düşüb. Yerdə qalan 5.8 faiz isə Ukrayna, Belarus, Pakistan və Çindən idxal olunub”.

Türkiyənin “Bayraqdar TB2” və İsrailin “Heron-TP” dronları ilə silahlanan Azərbaycan müharibənin gedişini öz xeyrinə dəyişə bilib.

“Müharibə və Sülh İnstitutu” o məqama da diqqət çəkilir ki, Azərbaycan 2010-2015-ci illərdə Rusiyadan, 2015-2019-cu illərdə İsraildən, 2020-ci ildən isə Türkiyədən daha çox silah alıb.

Məqalənin sonunda deyilir ki, bir zamanlar Ermənistan Azərbaycanın üzərində hərbi üstünlüyə malik idi. Ancaq getdikcə vəziyyət dəyişdi. 2010-cu ildə Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyan bəyan etdi ki, “Azərbaycanın artan hərbi büdcəsinə cavab olaraq daha az vəsaitlə effektli ordu yaratmalıyıq”. Artıq 2008-ci ildə aydın görünürdü ki, Azərbaycan mübahisəli Dağlıq Qarabağı ya Ermənistana təzyiq göstərməklə danışıqlar yolu ilə həll edəcək, ya da müharibəyə əl atacaq…

Onu da vurğulamaq gərəkir ki, Hindistan Türkiyə-Pakistan-Azərbaycan üçbucağına qarşı aqressiv münasibəti ilə seçilən ölkədir. Rəsmi Dehli Türkiyəyə qarşı cəbhə açıb. Bu məqsədlə də Yunanıstan, Kipr və Ermənistanla isti münasibətlər qurub.

Buna baxmayaraq, Hindistan Azərbaycanın hərbi sahədə yeritdiyi siyasəti nəyinki doğru sayır, hətta Azərbaycandan öyrənməyi belə özünə əskiklik bilmir.

Çox istərdim ki, prezident İlham Əliyevin Ali Baş komandan kimi Qarabağ cəbhəsində əldə etdiyi möhtəşəm qələbəyə dil uzadanlar beynəlxalq səviyyədə etiraf olunan bu nailiyyətə qərəzli münasibətdən çəkinsinlər. Ermənistan üzərindəki qələbə Ali Baş komandanla Ordunun və xalqın bütövləşməsindən doğub, ən azı buna görə ümummilli xarakter daşıyır. Bu qələbəni siyasi intriqaların predmetinə çevirmək olmaz. Bu, yanlış yoldur.

Hamısını Göstər

Related Articles

Back to top button