İran Səudiyyə Ərəbistanına hücum edə bilər – ABŞ-dan “tərəddüd etməyəcəyik” açıqlaması.
Səudiyyə Ərəbistanı ABŞ rəsmiləri ilə paylaşdığı kəşfiyyat məlumatında qeyd edir ki, İran krallığa tezliklə hücuma hazırlaşa bilər. Məlumatı ABŞ-ın üç rəsmisinə istinadla “Associated Press” agentliyi yayıb.
Agentlik yazır ki, Səudiyyəyə potensial hücumla bağlı narahatlıq Bayden administrasiyasının Tehranı tənqid etdiyi bir vaxta düşür. Tehran Ukraynadakı müharibədə Rusiyaya yüzlərlə dron göndərdiyinə, texniki dəstək göstərdiyinə görə tənqid olunur.
“Təhdid mənzərəsindən narahatıq, Səudiyyə ilə hərbi və kəşfiyyat kanalları ilə daimi əlaqə saxlayırıq. Regiondakı maraqlarımız və tərəfdaşlarımızın müdafiəsi üçün hərəkətə keçməyə tərəddüd etməyəcəyik”, – ABŞ-ın Milli Təhlükəsizlik Şurası bəyanatında bildirib.
Agentlik Səudiyyə Ərəbistanından, yaxud İranın BMT-dəki missiyasından hər hansı açıqlama ala bilməyib.
Kəşfiyyat məlumatının olmasını təsdiqləyən rəsmilərdən biri “tezliklə, yaxud 48 saat ərzində” hücumun ola biləcəyinə etibarlı hədə olduğunu deyib. Ancaq regiondakı ABŞ səfirliyi, yaxud konsulluğu Səudiyyə Ərəbistanı, Yaxın Şərqdə başqa yerlərlə bağlı xəbərdarlıq səsləndirməyib.