“İranda böyük rüşvət əməlləri dövlətin üst səviyyəsində törədilir” – İnsan haqları müdafiəçisi

“İranda qanunsuzluq baş alıb gedir. Bunu bütün sahələrdə rahatlıqla müşahidə edə bilirik. İnsan haqları ciddi şəkildə pozulur. Xüsusilə Azərbaycan türkləri və digər etnik qruplara qarşı zorakılıq törədilir. Etirazlar keçirildikdə isə rejim tərəfindən qarşısı alınır. Onu törədən şəxslər həbs edilir, işgəncələrə məruz qalır və uzun müddət məhbus həyatı yaşayırlar”.

Bu fikirləri İrandakı mövcud durumu Oxu.Az-a şərh edən Azərbaycanlıların İnsan Haqlarının Müdafiəsi Təşkilatının idarə heyəti üzvü Şahin Xiyavi səsləndirib. İctimai fəal İrandakı etiraz dalğasının sistemin təzyiqlərindən qaynaqlandığını vurğulayıb:

“Son dörd-beş il ərzində fərqli səbəblərdən aksiyalar keçirilib. İşçilərin hüquqlarının pozulmasına, bahalığa, təqaüdçülərin gəlir azlığına qarşı etirazlar olub. Ən son etiraz isə Urmiya gölünün qurudulmasına qarşı Azərbaycan şəhərlərində baş tutub. 

Son illərdə İranda tanınmış keçmiş jurnalist Əli Nejat rəhbərliyində bir kampaniya başladılıb, bu kampaniya tərəfdarları hicaba qarşı çıxaraq öz baş örtüklərini açırlar. Təkcə paytaxt Tehranda yox, bir çox yerdə hicaba qarşı etirazlar var. Lakin məlumdur ki, İran şəriət əsasında idarə olunur, ona görə də bu etirazlarda çoxlu sayda insan həbs olunur, onlara təhlükəsizlik qüvvələri tərəfindən işgəncələr edilir. İranın polis əməkdaşları qadının saçının çox az hissəsi görünəndə belə, yaxınlaşıb xəbərdarlıq edirlər. Hətta bəzən polis buna görə cəzalar da tətbiq edir. Nəticədə həbslər olsa da, etirazların ardı-arası kəsilmir”.

Həmsöhbətimiz İranda rüşvət məsələsinə də toxunub: 

“İran-İraq müharibəsindən sonra rüşvət baş alıb getdi. Sən bir idarəyə iş üçün müraciət etdikdə, əgər şəhid ailəsi deyilsənsə və ya ailə üzvlərindən biri yüksək idarədə vəzifə sahibi deyilsə, müraciətin diqqətə alınmır. Çox insan buna görə istədiyi sahədə işləyə bilmir. Rüşvətin kökünü kəsmək, korrupsiyanın qarşısını almaq mümkün görünmür. Dövlət bununla bağlı hansısa qanun tərtib etmir. 

Hətta böyük rüşvət əməllərinin dövlətin üst səviyyəsində törədildiyini deyə bilərik. Sadəcə, bəzən bir sıra insanları göstəriş üçün mühakimə edirlər, çünki rüşvətlə məşğul olanların bir qisminin hakimiyyətin bəlli nümayəndələri ilə əlaqələri olur. Məsələn, keçmiş İran prezidentinin qardaşını  buna nümunə göstərmək olar. Onların mənimsədiyi pulların hamısı aşağı təbəqədən olan insanların qazancıdır”. 

Hamısını Göstər

Related Articles

Back to top button