İtaliya saytı Şuşada qurulan yeni Türk İmperatorluğundan yazdı: Sensasion iddialar!

Asianews.it: “İlham Rəhimovun “bir millət, bir dövlət” təklifi gündəmdədir”; “Qafqazda Türkiyə ilə Rusiyanın təsir gücü bərabərləşib”: Qərb Türk Birliyindən narahatdır

İtaliyanın “asianews.it” saytında gedən “Erdogan’s new Ottoman empire advances in the Caucasus and Central Asia” (Ərdoğanın yeni Osmanlı imperiyası Qafqazda və Orta Asiyada irəliləyir) adlı məqalə qurulmaqda olan Türk Birliyinin Qərbdə doğurduğu narahatlığı açıq şəkildə özündə əks etdirir. Müəllif Vladimir Rozanskij yazır ki, Ankara Qırğızıstan və Tacikistan arasında sərhəd problemi ilə bağlı vasitəçilik edir. Türklərin Qafqaza təsiri Rusiyanın təsirinə bərabərdir. Azərbaycanın Ermənistana qarşı hərbi qələbəsində Türkiyə önəmli rol oynadı. Azərbaycan ordusu əslində Ərdoğanın generallarının nəzarəti altındadır. Onlar Türkiyə-Azərbaycan birliyinin xəyalı ilə yaşayırlar.

Türkiyənin müdafiə naziri Hulusi Akarı səhvən Türkiyənin Xarici İşlər Naziri kimi təqdim edən müəllif yazır ki, Qırğızıstandan sonra Tacikistana keçən nazir Orta Asiya turuna başlayıb. Səfərin əsas məqsədi iki ölkə arasında razılaşmalara üstünlük vermək, son sərhəd münaqişəsinin təkrarlanmasının qarşısını almaqdır. Bununla yanaşı Hulusi Akar “hərbi, təhlükəsizlik və silah sənayesində genişlənən iş birliyindən” danışaraq daha iddialı hədəflərə sahib olduqlarına işarə edib. O, Düşənbə və Bişkekin “Türkiyə üçün önəmli tərəfdaş” olduğunu vurğulayıb.

Məqalədə deyilir ki, keçən ilin noyabrında Azərbaycanın Ermənistan üzərində qazandığı hərbi qələbə yalnız Qafqazda deyil, “yeni Türk imperatorluğu” ətrafındakı bölgədə də güc nisbətini dəyişdi. Bu dəyişiklik Orta Asiyanı da öz ağuşuna aldı.

Rusiya yalnız Dağlıq Qarabağda kövrək barışıq əldə edə bildi və Avropa ilə Asiya arasındakı sərhəddə Qafqaz oyunlarının əsas qəhrəmanı rolunu isə əldən vermək məcburiyyətində qaldı. Sözdə və əməldə “azəriləri” açıq şəkildə dəstəkləyən Türkiyənin təsiri Rusiya ilə müqayisədə xeyli genişləndi: ən azı indi Türkiyənin Qafqaza təsiri Rusiyanın təsirinə bərabərdir.

Türk hərbçiləri Ankaranın təsirli bir şəkildə idarə etdiyi Azərbaycan ordusunu təkmilləşdirmək üçün “Mustafa Kamal Atatürk 2021” adlı hərbi təlimlər keçirir.
Müəllif bildirir ki, Türkiyənin “Anadolu” xəbər agentliyi “iki dövlət, bir millət” konsepsiyasına əsaslanaraq Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən bəhs edir. Əslində bu yanaşma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və azərbaycanlı həmkarı İlham Əliyev tərəfindən imzalanan (16 iyun) “Şuşa bəyannaməsi”ndə də öz əksini tapıb.

Prezident İlham Əliyevə çox yaxın olan azərbaycanlı milyarder İlham Rəhimov hökumətyönlü qəzet olan “Yeni Müsavat”-a verdiyi son müsahibəsində daha da irəli gedib. Onun fikrincə, birbaşa “bir millət, bir dövlət” modelinə keçməyin vaxtıdır.

Bakı üçün sənədin imzalanması “xüsusi tarixi əhəmiyyətə malik bir addım”dır. İndi Dağlıq Qarabağda həm də simvolik məna daşıyan və 1368 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən Şuşa şəhərdə yeni Türk-Osmanlı imperatorluğunun geniş ərazilərinin ənginliklərini rahatlıqla seyr etmək mümkündür.

Şuşada imzalanan əməkdaşlıq müqaviləsi hər iki tərəfi konkret addım atmağa məcbur etmir. Bununla yanaşı, İlham Əliyevin də qeyd etdiyi kimi, “bu, keçmişdə olduğu kimi, gələcəkdə təhlükəsizlik baxımından da Azərbaycan və Türkiyənin ən vacib məsələlərdə birləşib bir-birinə dəstək olacağını göstərir”. Bəyannamədə vurğulanır ki, “iki ölkədən birinə qarşı müharibə elan olunması avtomatik olaraq digərinə müharibə elan etmək deməkdir”.

Məqalədə o da qeyd olunur ki, Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı hərbi yardım əslində 2017-ci ildən başlanıb. Hər iki tərəfin hərbi sənaye sahəsində ilk müqavilələrə imza atması, eyni zamanda Bakıda Türkiyənin hərbi təlimlərə başlaması Azərbaycanla Ermənistan arasında noyabrda başlanan münaqişədən xeyli əvvəl olmuşdu.

O vaxtdan bəri Azərbaycan ordusu Türkiyə ordusunun “kiçik modeli” olaraq tanınmağa başladı. Gənc azərbaycanlı zabitlər (təxminən 20 min nəfər) Türkiyə hərbi akademiyalarının məzunlarıdır. Onlar Rusiyaya sıx bağlı olan “köhnə Sovet qvardiyası” nı tədricən sıxışdırıb ordudan qovdular.

Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsindən sonraya təsadüf edən eyforiya dövründə “Türkiyə” qəzeti “Turan Ordusunun Qərarı” (27 oktyabr) adlı xüsusi bir buraxılış yaydı: Qəzet pan-türkçü düşüncədən yoğurularaq Türkiyə tərəfindən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan (taciklər, İran mənşəlidirlər, red.) ilə birlikdə yaradılacaq xəyalı Turan Ordusundan söhbət açılırdı.

Azərbaycanlı müğənni Talıb Talenin bu il Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərə həsr olunmuş “Bir müddət əvvəl bölünmüşdük, indi isə birləşirik,” sözləri ilə başlayan “Bir millət, İki dövlət” mahnısı tezliklə hitə çevrildi. Keçirilən sorğuya görə, “azərilərin” 91 faizi Azərbaycanın Türkiyə ilə ittifaqını dəstəkləyir.

Prezident İlham Əliyevə çox yaxın olan azərbaycanlı milyarder İlham Rəhimov hökumətyönlü qəzet olan “Yeni Müsavat”-a verdiyi son müsahibəsində daha da irəli gedib. Onun fikrincə, birbaşa “bir millət, bir dövlət” modelinə keçməyin vaxtıdır.

Bu kimi pantürkçü fikirlər Azərbaycandakı siyasi müxalifət tərəfindən də ciddi şəkildə dəstəklənir. Milli Şuranın liderlərindən biri olan Gültəkin Hacıbəyli “Türk Konfederasiyası ideyası münaqişələrin həlli üçün ən real yol ola bilərdi və çağdaş dünyanın ziddiyyətləri fonunda, xüsusən bizim geo-siyasi bölgədə bu ideya gərəklidir. Yaşadığımız bölgədə bizim xalqımız dəfələrlə yox olmaq təhlükəsi ilə üzləşib”.

Müəllif sonda yazır ki, Azərbaycan-Türkiyə birliyi fikri Sovet İttifaqı dağıldıqdan bəri Bakıda dövriyyədə olub və xəyallarda yaşayıb.

Hamısını Göstər

Related Articles

Back to top button