Jirinovskinin Azərbaycanı hədəf almasının şok səbəbi – “Ana müxalifət” istəyi…

Kreml LDP lideri kimi avantüristin əsas müxalifət olmasına  qarşıdır, bu səbəblərdən Jirinovski də Rusiyanın strateji müttəfiqlərini hədəf alır.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bir açıqlaması ilə Bakı-Moskva əlaqələrinə soyuq duş effekti yaratmağa müəyyən qədər nail oldu. Onun bir sarsaq çıxışı ucbatından Azərbaycan Rusiyaya nota verdi və bu, iki ölkə əlaqələrinin həlim dönəmində arzuolunmaz hal idi.

“Yeni Müsavat” Jirinovskinin niyə Azərbaycanı hədəf alması barədə Rusiyadakı mənbələrimizdən yeni məlumat əldə edib. Mənbə xatırladıb ki, hazırda Rusiyada payızdakı seçkilərlə bağlı ciddi proseslər gedir. “Vahid Rusiya” Partiyasının bu seçkilərdə qalib gəlməsi Putin hakimiyyətinin sonrakı taleyini böyük ölçüdə həll edə bilər. Bu səbəbdən Putin hakimiyyətinə sistem müxalifətindən də ciddi təzyiqlər var. Məlumdur ki, Jirinovskinin rəhbərlik etdiyi LDP sistem müxalifəti kimi hakimiyyətin pul kilsəsindən asılıdır.

Kommunistlərin Putinin hakimiyyətinin uzadılması ilə bağlı referenduma qarşı çıxmasından sonra Gennadi Züqanovla münasibətlər gərginləşib. LDPR və digər partiyalar isə bunu fürsət bilərək mandatlarının sayının artırmaq istəyindədirlər. Jirinovski deputat mandatlarının sayının artması, hətta “ana müxalifət” olmaq arzusundadır ki, Kreml buna qarşıdır. Jirinovski kimi avantürist “ana müxalifət”ə Kremlin ehtiyacı yoxdur. Bu səbəblərdən Jirinovski də Rusiyanın strateji müttəfiqi və Kreml sahibi ilə yaxşı münasibətləri olan Azərbaycanı hədəf seçir, bununla da Kremldən narazılığı artırır.

Kremlin buna cavabı hələ ki yoxdur, ola bilsin olmasın da. Çünki hazırda Dumaya düşmək üçün qızğın siyasi mübarizə gedir və payızadək situasiya dəyişə də bilər. Digər tərəfdən, Jirinovskinin sözlərini Kremldəki dairələrin danışan dili kimi qiymətləndirənlər var. Hətta deputat Aqil Abbas bildirmişdi ki, Jirinovski Putinin adından danışır. Rusiya səfirliyi və Xarici İşlər Nazirliyi isə hələ ki nə Jirinovskinin sərsəm açıqlamalarına, nə də Azərbaycanın notasına münasibət bildirib. Jirinovskinin qeyri-ciddi siyasi obrazına görə bəlkə də onun dediklərinə əhəmiyyət verməmək olardı. Bu barədə ictimai müzakirələrdə də sözügedən fikir üstünlük təşkil edir.

Amma LDP sədrini “Rusiyanın makiyajsız sifəti” adlandıranlar onun fikirlərini Kremlin Azərbaycana mesajı kimi dəyərləndirirlər. Qeyd olunur ki, Kremlin əslində siyasi və diplomatik ritorikada səsləndirmədiyi istəkləri Jirinovskinin pozuq nitqi ilə çatdırılır. Əlbəttə, bu yanaşmalar da əsassız deyil. Çünki təcrübədə Jirnovskinin qeyri-ciddi, sərsəm açıqlamaları bir müddət sonra bir qədər sığallı şəkildə Rusiya rəsmilərinin dilindən səsləndirilib. Lakin yuxarıda sadalanan nüanslar istisna deyil və Jirinovski Rusiya ilə yaxşı əlaqələri olan ölkələri hədəfə almaqla Putin iqtidarına təzyiq göstərə bilər.

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” » Reyting.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli bu fikirlərlə qismən razıdır. Onun özlərinə görə, Rusiyada seçkilərə hazırlığa start verilib: “Züqanov əhalidə fikir yaratmağa çalışır ki, əsl müxalifət partiyasıdır. Əslində Züqanov və Jirinovski hakim partiya ilə birgə hərəkət edib, siyasi cizgisində dayanıb. İndi görürlər ki, hakimiyyət uğrunda mübarizənin yeni mərhələ başlanıb, ona görə ilk addımı Züqanovun partiyası atdı, özlərini göstərməyə çalışırlar ki, əsl siyasi müxalifətdirlər, kommunist ideyalarına sadiqdirlər. Jirinovski gördü ki, Putinin gözündə siyasi çəkisi azalır, xalq içində də heç bir sosial dayağı yoxdur, şəxsiyyət olaraq da xalqın nifrətini qazanmış adamdır, dərhal hərəkətləndi. Amma elə etikasız hərəkətlər edir ki, rus xalqında ona qarşı ümummilli nifrət oyadır. İndi Züqanov manevrlər etdiyi kimi bu siyasi təlxək də manipulyasiya fikrinə düşüb. Ona görə Putinin xoşuna gəlmək üçün siyasi manevrlər etməyi qarşısına məqsəd qoyub”.

Q.Hüseynli hesab edir ki, Jirinovski üçün rus xalqının maraqları anlayışı yoxdur: “Elə təsəvvür yarana bilər ki, Rusiya maraqlarına xidmət edir, amma öz cibini düşünməkdən başqa heç bir mənafeyi olmayan adamdır. Sadəcə, pulla xidmət edən muzdlu siyasətçidir. Ona görə Azərbaycana qarşı siyasi təzyiq xarakterli çıxışlar edir. Başqa bir ölkənin lideri və xalq haqda təhqiramiz ifadələr işlətməsi liberal-demokrat görüşləri ilə daban-dabana ziddir. Əslində Rusiya rəhbərliyi onu qınamalıdır. O, bu yolla iki ölkə əlaqələrinin inkişaf etdiyi vaxtda münasibətləri pozmağı qarşısına məqsəd qoyub. Belə çıxır ki, ya ermənilərdən pul alıb sifariş yerinə yetirir, ya da Putinə yarınıb gələcəkdə daha çox mandat qazanmaq üçün ”ayı xidməti” göstərir. Amma onun çıxışı başıboş adam olduğunu ortaya qoydu və uğursuz alındı. Əslində Jirinovski buna görə beynəlxalq məhkəməyə verilə bilər. Ən azından ona xəbərdarlıq edilməlidir ki, partiya fəaliyyətinə uyğun olmayan addımlar atır. Partiya lideri öz ölkəsində siyasi mübarizəsini aparmalıdır, suveren ölkələrin işinə qarışmalı deyil. Bu siyasi şizofrenikin hərəkətlərinə qiymət verilməlidir”.

Kommunist Rauf Qurbanov: “Ermənilərin də bu torpaqda yaşamağa haqqı var”

Rauf Qurbanov

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov “Yeni Müsavat”a bildirdi ki, Jirinovskini peşəkar siyasətçilər ciddi siyasət adamı kimi qəbul etmirlər. O, LDP sədrinin bu fikirləri ana müxalifət olmaq şansını qazanmaq üçün söylədiyini bölüşmür, Putinin müttəfiqlərini hədəfə aldığına da inanmır: “Sadəcə, sərsəm ağılda olan adamdır və belə düşüncələri ilə seçkidə Azərbaycan diasporasını öz əleyhinə çevirir. İnsan ağlını itərəndə nə gəldi danışır. Mən həmin müsahibə ilə tanışam, əslində daha çox Ukrayna haqda danışıb, Azərbaycandan isə bir fraqment danışıb. İnanmıram ki, onun bu çıxışları Azərbaycan-Rusiya əlaqələrini korlayacaq”.

R.Qurbanov bildirdi ki, Jirinovskinin dəfələrlə Türkiyə, Azərbaycan, hətta Ermənistan və Rusiyanın dövlət başçısı əleyhinə çıxışlarını görmüşük: “Ermənistanı ”çar Rusiyası dövlət edib” deyən adamdır, yəni hamıya qarşı çıxır. Ona görə bu adama reaksiya vermək reklamına xidmət etmiş olar. Bu sözləri qətiyyən iki ölkə münasibətlərinə təsir edə bilməz. Bir adam gah SSRİ tərəfdarı olur, ertəsi gün Lenini pisləyir, gah Züqanovu tərifləyir, başqası gün “onun əli stəkana dəyib, oradan götürün” deyir. Bir sözlə, təlxək biridir. Odur ki, “it hürər, karvan keçər”.

Hamısını Göstər

Related Articles

Back to top button