Kiyev Avropa İttifaqı ilə dialoqun çətin keçdiyini etiraf edib
Ukraynanın hakimiyyət orqanları Avropa İttifaqı ilə maliyyə yardımı və sanksiyalara dair dialoqun hər zaman çətin keçdiyini etiraf edib.
Polise.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina “El Pais” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, Kiyev Avropa İttifaqı ilə müxtəlif məsələlər, o cümlədən hərbi yardım, sanksiya və ya islahatlar proqramı üzrə mütəmadi dialoq aparır.
“Biz Brüsselin siyasi meyarlarla bağlı tələb etdiyi islahatları yerinə yetirdik. Əgər Avropa Komissiyası bunu müsbət qiymətləndirsə, Aİ-yə üzvlüklə bağlı danışıqlar tez bir zamanda başlamalıdır”, – deyə Olqa Stefanişina bildirib.
Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğu 2023-cü ilin birinci rübündə korrupsiya halları ilə bağlı 2,4 mindən çox cinayət işi açıb və həmin işlər üzrə 2 minə yaxın hökm çıxarılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 51,8 faiz çoxdur. Bundan əlavə, təxminən 19 milyon dollar dəyərində əmlaka həbs qoyulub.
Polise.az