“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub…

Yeni qanun layihəsinə əsasən, korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən və həmin məlumatı təsdiqlənən şəxslərə maddi mükafat veriləcək. Mükafat təşkilat rəhbərinin qərarı ilə təşkilatın büdcəsindən və ya büdcə təşkilatlarında saxlanma və büdcədənkənar vəsaitlər hesabına ödəniləcək.

Mükafat məlumatın təsdiqlənməsi barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən etibarən 10 iş günü ərzində ödənilməlidir. Məbləğ minimum əməkhaqqının 25 mislindən çox ola bilməz. Mükafat müəyyən edilərkən hüquqpozmanın xarakteri, faktların sayı, məlumatın korrupsiyanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərər və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən şəxslərə maddi mükafat ödənilməsini nəzərdə tutan yeni qanunun praktikada tətbiqi hansı müsbət və mənfi nəticələrə səbəb ola bilər? Bu mexanizm insanların korrupsiya faktları barədə məlumat verməsini real olaraq stimullaşdıra biləcəkmi, yoxsa məlumatların sui-istifadə məqsədilə verilməsi, əsassız ittihamlar və digər neqativ halların yaranması riskini artıracaq? Qanunun korrupsiyaya qarşı mübarizədə effektiv mexanizmə çevrilməsi üçün hansı təminatlar vacibdir?

Cəmiyyətdə korrupsiya barədə xəbərdarlıq və məlumat vermə mexanizminin tətbiqi insanlar arasında münasibətləri gərginləşdirə və həmrəyliyə mənfi təsir göstərə bilərmi? Bu narahatlığın nə dərəcədə əsaslı olduğu da cəmiyyətdə müzakirə olunur.

Şəmsəddin Əliyev: “Korrupsiya ilə mübarizədə məlumat verən şəxslərin təhlükəsizliyi mütləq təmin olunmalıdır”

Sabiq polis rəisi adam oğurluğunda şantaj edildi... - Baki ...

Hüquqşünas Şəmsəddin Əliyev yeni korrupsiya qanun layihəsi ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, korrupsiya faktları barədə məlumat verən şəxslərin maddi mükafatlandırılması və onların müdafiəsinin təmin edilməsi korrupsiyaya qarşı mübarizədə mühüm stimul ola bilər. Onun sözlərinə görə, belə mexanizm vətəndaş cəmiyyətinin, əhalinin vəzifə cinayətləri və mütəşəkkil cinayətkarlıqla mübarizəyə daha fəal cəlb olunmasına imkan verəcək.

Hüquqşünas hesab edir ki, verilən məlumatın xarakterinin, əhəmiyyətinin və korrupsiya faktının aşkar edilməsinə təsirinin nəzərə alınması mükafatlandırma mexanizminin səmərəliliyini artıra bilər. Bununla belə, o, sistemdən sui-istifadə hallarının da mümkün olduğunu istisna etmir. Bu baxımdan məlumatların obyektiv şəkildə yoxlanılması və yalnız təsdiqlənmiş faktlara görə mükafat verilməsi xüsusi əhəmiyyət daşıyır.

Şəmsəddin Əliyevin fikrincə, qanunun tətbiqi korrupsiyaya və vəzifədən sui-istifadəyə meylli şəxslərin fəaliyyət imkanlarını məhdudlaşdıra bilər. Xüsusilə regionlarda vətəndaşların korrupsiya və vəzifədən sui-istifadə halları ilə bağlı müraciətlərinin artacağı gözlənilir.

Lakin hüquqşünas qanunun praktiki effektivliyi baxımından mühüm bir problemə diqqət çəkir. Onun sözlərinə görə, korrupsiya faktları barədə məlumat verən şəxslərin anonimliyinin qorunması məsələsi ayrıca nəzərə alınmalıdır. Çünki müəyyən vəzifəli şəxslərin fəaliyyətindən məlumatlı olan insanlar həmin məlumatı açıq şəkildə təqdim etdikləri halda təzyiq və ya digər təhlükələrlə üzləşməkdən ehtiyat edə bilərlər.

“Əgər doğrudan da biz korrupsiya, sui-istifadələr, ümumiyyətlə vəzifəli şəxslərin sui-istifadələri ilə bağlı səhih məlumat istəyiriksə, anonim müraciətləri də qəbul etməliyik. Onları kənara qoymaq olmaz”, – deyə hüquqşünas vurğulayıb.

Onun fikrincə, bəzi hallarda dövlət qurumlarının məlumatlı olmadığı və ya aşkarlaya bilmədiyi korrupsiya faktları məhz vəzifəli şəxslərə yaxın olan şəxslərin məlumatları hesabına üzə çıxa bilər. Belə şəxslər məmurun gəlirlərinin mənbəyi, qanunsuz əmlakı və digər fəaliyyətləri barədə ətraflı məlumatlı ola bilərlər. Lakin təhlükəsizliklərinə təminat olmadığı halda həmin şəxslərin açıq şəkildə məlumat verməsi real görünmür.

Şəmsəddin Əliyev hesab edir ki, buna görə korrupsiya faktları barədə məlumat verən şəxslərin təhlükəsizliyinin təmin edilməsi qanunun əsas elementlərindən biri olmalıdır. Onun sözlərinə görə, məlumatı təsdiqlənən şəxslər sonradan həm özləri, həm də ailə üzvləri və yaxınları baxımından təzyiq riski ilə üzləşə bilərlər.

Hüquqşünas korrupsiyanın dövlət idarəçiliyinə və cəmiyyətin dövlət institutlarına etimadına ciddi zərər vuran cinayət olduğunu bildirərək, məsələyə daha ciddi yanaşmağın vacibliyini qeyd edib. O, korrupsiyanın beynəlxalq səviyyədə də mütəşəkkil cinayətkarlıqla mübarizənin mühüm istiqamətlərindən biri kimi qəbul edildiyini xatırladıb.

Şəmsəddin Əliyev, həmçinin, korrupsiyaya qarşı mübarizə qanunvericiliyində dövlət qulluqçularının müəyyən həddə hədiyyə qəbul etməsinə imkan verən müddəaların da yenidən nəzərdən keçirilməsini təklif edir. Onun fikrincə, hədiyyəyə müəyyən məbləğ həddində icazə verilməsi sonradan həmin ödənişlərin rüşvət və ya şəxsi maraqların təmin edilməsi üçün istifadə olunmasına zəmin yarada bilər.

Hüquqşünas hesab edir ki, korrupsiya barədə məlumat verən şəxsin mükafatlandırılması ilə yanaşı, onun cəmiyyətdə kimliyinin açılmasının qarşısının alınması və təhlükəsizliyinin qorunması üçün də hüquqi mexanizmlər yaradılmalıdır. Əks halda maddi mükafatın özü insanların korrupsiya faktlarını açıq şəkildə bildirməsi üçün kifayət qədər güclü stimul olmaya bilər.

Onun sözlərinə görə, qanunun real nəticəsi yalnız mükafatların verilməsi ilə deyil, vətəndaşın verdiyi məlumatdan sonra dövlət qurumlarının nə qədər operativ, obyektiv və şəffaf araşdırma aparması ilə müəyyənləşəcək. Bu baxımdan yeni mexanizm korrupsiyanı ifşa edən vətəndaşın həm mükafatlandırıldığı, həm də qorunduğu etibarlı hüquqi sistemlə müşayiət olunmalıdır.

Akif NƏSİRLİ

 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button