PENSİYA VƏ MAAŞ ARTIMI CİBİMİZDƏ HİSS OLUNACAQMI? – Ekspertdən AÇIQLAMA

Gələn il maaş və pensiyaların artırılması gözlənilir. Artım xəbəri əhalinin gəlirlərinin yüksələcəyi ilə bağlı müəyyən gözləntilər yaradıb. Cəmiyyət tərəfindən bu xəbər sevinclə qarşılansa da, artımların yaşayış xərclərini nə dərəcədə kompensasiya edəcəyi müəyyən suallar doğurur.

Bəs 2027-ci ildə maaş və pensiyaların artımı insanların real həyatına necə təsir edəcək? Bu artımlar yüksək bazar qiymətlərini kompensasiya edə biləcəkmi?

Mövzu ilə bağlı “Azpolitika”ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2027-ci ildə maaş və pensiyaların artırılması əhalinin nominal gəlirlərini yüksəldəcək.

 

 

Lakin, onun sözlərinə görə,  əsas məsələ artımın inflyasiyadan nə qədər yüksək olacağıdır: “Prezident 2027-ci ildə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını açıqlayıb. Eyni zamanda hökumətin 2027-ci il üçün inflyasiya proqnozu 5,3 faizdir. Əgər maaş və pensiya artımı 5,3 faizdən əhəmiyyətli dərəcədə yüksək olarsa, insanların real alıcılıq qabiliyyəti müəyyən qədər yüksələ bilər. Məsələn, gəlir 10 faiz, qiymətlər isə 5,3 faiz artırsa, real gəlir təxminən 4,5 faiz yüksəlmiş olur. Amma artım inflyasiyaya yaxın olarsa, vətəndaşın cibinə daxil olan pul artsa da, onun həmin vəsaitlə ala bildiyi məhsul və xidmətlərin həcmi ciddi dəyişməyəcək. Burada orta inflyasiya göstəricisi də hər şeyi izah etmir. Əhalinin gündəlik xərclərində ərzaq, kommunal xidmətlər, nəqliyyat, dərman və digər zəruri məhsulların payı yüksəkdirsə, bu kateqoriyalarda qiymət artımı ümumi 5,3 faizdən çox ola bilər. Belə halda statistik olaraq gəlirlər inflyasiyanı üstələsə belə, vətəndaş bunu gündəlik həyatında tam hiss etməyə bilər”.

Ekspertin sözlərinə görə, maaş və pensiyaların artırılması yalnız sosial deyil, iqtisadi baxımdan da əhəmiyyətlidir: “Əhalinin gəliri artdıqca istehlak və daxili tələbat genişlənir, bu da ticarət və xidmət sektorunda dövriyyəni artıra bilər. Hökumətin 2027-ci il büdcəsində sosialyönlü xərclərin payını 44 faiz proqnozlaşdırması da sosial ödənişlərin artırılmasının büdcə siyasətində mühüm yer tutduğunu göstərir. Ona görə 2027-ci ildə əsas “maaş və pensiya neçə faiz artacaq?” deyil, “gəlirlərin yüksəlmə tempi insanların əsas xərclərindəki qiymət artımını neçə faiz üstələyəcək?” sualı olacaq. Əgər gəlir artımı real inflyasiyanı üstələsə, əhalinin rifahında real yaxşılaşma yaranacaq, əks halda artımın mühüm hissəsi bahalaşmanın kompensasiyasına gedəcək”.

Günəş Fərəh

Azpolitika.info

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button