Kreml müharibəyə milli azlıqları göndərir – “Şimali Qafqaza xüsusi diqqət yetirilir, çünki…”
“Ukraynadakı müharibədə böyük canlı itkilər verən Rusiya ordusu ciddi problemlə üzləşib. Rusiya canlı qüvvə problemini əsasən Şimali Qafqazdakı və başqa yerlərdəki milli azlıqların hesabına həll etməyə çalışır. Milli azlıqlardan cəlb olunan səfərbərlərə bəzən heç hərbi təlim də verilmir”.
Bu barədə “Azadlıq” radiosunun Dağıstan xidməti yazıb.
Məqalədə qeyd olunur ki, Dağıstan, İnquşetiya və Kalmıkiya rəhbərləri milli əsgərlərdən ibarət diviziyalar yaradılacağını elan ediblər. Bu hərbi birləşmələr rəsmi çağırışa əlavə olaraq təşkil ediləcək.
Əhalisi 3 milyon nəfər olan Dağıstan Rusiyada müqaviləli hərbçilərin əsas mənbələrindən biridir.
Müstəqil “Çernovik” qəzetinin redaktor müqavini Maqomed Maqomedovun dediyinə görə adamlar çoxdan bəridir ki, hərbi qulluğa yaxşı gəlir mənbəyi kimi baxırlar: “Dağıstanlı müqaviləli hərbçilərin böyük bir qismi ali təhsillidir. Lakin onlar təhsil aldıqdan sonra iş tapa bilmirlər. Müqavilə ilə ödənən pul Dağıstan üzrə orta maaş göstəricisindən azacıq yüksəkdir. Doğrudur, bu adamların çoxu düşünmür ki, bu pulu qazanmaq üçün ciddi hərbi əməliyyatda iştirak edəcəklər”.
“Vətəndaş. Ordu. Qanun” adlı insan haqları təşkilatından Sergey Krivenko deyib ki, bu göstəriş milli rəhbərlərə Moskvadan verilib. Krivenko bildirib ki, onun təşkilatı bu prosesi diqqətlə monitorinq edir, amma indilik heç də hər şey aydın deyil. Məsələn, onların Rusiya Müdafiə Nazirliyinin nizami qoşunlarında, yoxsa könüllü muzdlu kimi xidmət edəcəkləri məlum deyil.
Krivenko deyir ki, belə birləşmələrin təşkili bütün Rusiya boyunca aparılsa da, Şimali Qafqaz bölgəsinə xüsusi diqqət verilir, çünki bu region Rusiyanın ən yoxsul bölgələrindən biridir: “Çağırışçılar və müqavilə imzalayanlara Rusiya silahlı qüvvələrinin hərbçisi statusu verilir. Lakin “könüllülər” adlandırılan daha bir kateqoriya var. Onların statusu və onlara verilən qarantiyalar hələki məlum deyil”.
Rusiya insan haqları təşkilatları bildirirlər ki, rezervistlər sənədlərinin dəqiqləşdirilməsi adı ilə hərbi komissarlıqlara çağırılır və burada onlara Ukrayna müharibəsində döyüşmək üçün müqavilələr təklif olunur.
Hüquq müdafiəçiləri belə səfərbərliyə alınan şəxslərin sosial təminatına və maaşına necə qarantiya verilməsindən narahatdırlar. Krivenko deyir: “Milli birliklərin yaradılması qanunsuz deyil. Onların təşkilini qadağan edən qanunlar yoxdur. Amma əgər belə qruplar Müdafiə Nazirliyinə kömək məqsədi ilə yaradılırsa, onda qanunsuz sayıla bilər. Amma hazırda bu qanunsuzluğa göz yumulur”.