Kremldən danışıqların bərpasına cəhd: “Azərbaycan qoşunlarını çıxarılmasının vaxtı və qrafikini tələb etməlidir”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiya ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların tezliklə bərpa olunması üzərində işləyir.

Lavrov qeyd edib ki, atəşkəs haqqında 1994-cü il Sazişinin ikinci daha irimiqyaslı pozuntusu olub. Nazir son 26 ildə ilk dəfə artilleriya, qumbaraatanlar və hücum dronlarının istifadə olunduğu yüksək intensivli toqquşmaların Qarabağda təmas xəttində deyil, birbaşa Azərbaycan və Ermənistanın dövlət sərhədindəki məntəqədə baş verməsinə diqqət çəkib. Nazir bu məsələdə coğrafi amilin də əsas rol oynadığını deyib. Lakin bundan əvvəl də 25 ildən çoxdur ki, danışıqlar prosesinin getməsinə baxmayaraq Dağlıq Qarabağ probleminin çözümü ilə əlaqədar heç bir addım atılmayıb. Məsələ qaldırılıb vəziyyət gərginləşəndə də ATƏT-in Minsk qrupu yeni təklif irəli sürür.

Guya bu təkliflə problem həll olunacaq. Lakin o paketə elə tələblər daxil edilir ki, münaqişə tərəflərindən biri bundan imtina etməli olur. Təbii ki, ən yaxşı halda Ermənistan mümkün variantdan da boyun qaçırır. Çünki problemin həlli üçün özünü “demokratiya beşiyi” hesab edən Qərbin ona təzyiq etməyəcəyini bilir. Həmsədr dövlətlərin tərkibində Rusiyanın və Fransanın olması məsələni bir az da qəlizləşdirir. Çünki Rusiya ermənilərin hamisi, Fransa isə erməni lobbisinin beşiyidir.

Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, danışıqlar prosesi Azərbaycana heç nə vəd etmir, lakin ona getmək məcburiyyətindəyik:

“Danışıqların nəticə verəcəyinə ehtiyatla yanaşmaq lazımdır. Çünki bu məsələdə ermənilər həmişə pozucu tərəf kimi çıxış edir. Danışıqlar prosesində destruktiv davranır və sülhyaratma prosesinin yaranmasına imkan vermir. Amma biz bütün hallarda “danışıqlara getmirik” deyə bilmərik. Bu, danışıqların pozulmasına gətirib çıxara, günahı Azərbaycanın üzərinə qoyula bilər ki, guya Azərbaycan Minsk prosesini pozdu və danışıqlardan geri çəkildi. Onsuz da bizi günahlandırmağa bəhanə gəzirlər. Baxmayaraq ki, təcavüzə məruz qalmışıq, lakin bunu qəbul edən tərəflər də azdır. Ona görə formal da olsa, danışıqlara getmək məcuriyyətindəyik. Amma bəri başdan deyə bilərəm ki, danışıqlar heç nə verməyəcək”.

Ekspert qeyd edib ki, danışıqlar prosesinin bərpası zamanı bu dəfə konkret və həlledici tələblər irəli sürməliyik:

“Danışıqların gündəliyi müəyyənləşdirilərkən tərəflərlə məsləhət olunur. Məsələn, Ermənistan yenilənmiş Madrid prinsiplərini tələb edə bilər. Azərbaycan da deyə bilər ki, mən təklif edirəm, işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması, onun vaxtı və qrafiki müzakirə edilsin. Yəni qəti təkliflə çıxış etməliyik. Ermənilər deyə bilər ki, Dağlıq Qarabağa müstəqillik istəyirik. Bu da Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Ona görə də ərazi bütövlüyümüzə xələl gətirəcək hər hansı bir mövzunun müzakirəsindən söhbət gedə bilməz. Danışıqlarda yalnız sülh sazişinin imzalanması və şərtləri haqqında danışmaq olar”.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button