Lukaşenko üçün “çəmbər daralır”: Prezident “çarpaz atəş” altında

ABŞ Dövlət katibi Mayk Pompeonun Belarusda yeni prezident seçkilərinin keçirilməsinə dair bəyanatı Aleksandr Lukaşenko hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Çünki bu açıqlama Belarusda etiraz aksiyalarının Rusiya tərəfindən təşkil olunduğu və Qərbin seçkinin nəticələrini qəbul edəcəyinə dair rəylərin üzərindən xətt çəkir. Qeyd edək ki, ABŞ-n dövlət katibi Belarusda mövcud böhranın sülh yolu ilə həlli üçün beynəlxalq müşahidəçilərin nəzarəti altında yeni prezident seçkilərinin keçirilməsinə çağırıb.

Əslində, Mayk Pompeonun bu açıqlaması Qərbin Belarusda hakimiyyə dəyişikliyi prosesinə dəstək verməsi kimi başa düşülə bilər. Bu da Lukaşenko rejimi ilə səsvermənin nəticələrinin ləğvini tələb edən etirazçı kütlə arasında siyasi qarşıdurmanın getdikcə dərinləşməsi ilə bağlıdır. Hadisələr hazırkı templə davam edərsə, siyasi xaos tezliklə bütün ölkəni əhatə edə bilər. Prezident Lukaşenko güc hesabına bu aksiyaları yatıracağını düşünsə də, artıq proseslər nəzarətdən çıxmağa başlayb. 6,7 min nəfərdən artıq insaın həbs edilməsinə baxmayaraq, Belarusda spontan şəkildə baş verən etirazlar siyasi itaətsizliklə həddinə çatıb. Bu isə ölkədə idarəetməni çətinləşdirəcək və bu, Aleksandr Lukaşenko üçün yaxın perspektivdə ciddi problemlər yarada bilər. Güclü müxalifət institutunun olmadığı Belarusda prezident Lukaşenko ilə hələ bir müddət əməkdaşlıq etmək Qərb tərəfindən atılmış daha real addım sayıla bilərdi. Ancaq etiraz nümayişlərinin, siyasi zoakılıqların və ümummilli tətillərin baş verdiyi bir vəziyyətdə ölkəni idarə etmək Aleksandr Lukaşeko üçün heç də asan olmayacaq.

Siyasi etirazların qarşının alınmasına ordunun cəlb edilməsi faktiki olaraq, Belarusda hərbi xuntanın yaradılması deməkdir. Bu da son illər A.Lukaşenkonun Avropa Birliyi və ABŞ-la yaxınlaşmağa üsünlük verən “demokrat” imicini tamamilə alt-üst etdi. Belə vəziyyətdə Qərbin diktatoru himayə etməsi Belarus cəmiyyətini ABŞ-a və Avropaya qarşı çevirmək üçün Rusiyanın əlində tutarlı arqument ola bilər. Qərbyönlü müxalifətin namizədi Svetlana Tixanovskayanın Litvaya mühacirət etməsindən sonra etiraz dalğasınn lidersiz davam etməsi görünür, həm Qərbin, həm də Rusiyanın Belarusla bağlı planlarına dəyişiklik etməsinə səbəb olub. Səsvermədən dərhal sonra prezident Vladimir Putinin Aleksandr Lukaşenkonu qələbə münasibətilə təbrik etməsi Qərbyönlü namizədlə rəqabət fonunda status-kvonun Rusiya üçün əlverişli olduğunu deməyə əsas verirdi. Ancaq Tixanovskayanın ölkəni ərk etməsindən sonra spontan aksiyalar son illər Rusiyaya tabesizlik nümayiş etdirən A.Lukaşenkoya qarşı Kremlin əlində ciddi təzyiq vasitəsinə çevrildi. Etirazların Rusiya tərəfindən təşkil olunmasına dair rəylər də buradan qaynaqlanırdı. Toqquşmaların artan xətt üzrə getməsi Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq və öz adamı ilə əvəz etmək istəyən Rusiyanın maraqlarına cavab verir.

Svetlana Tixanovskayanın yaratdığı “siyasi vakuum” Rusiyanın əlinə oynadığı kimi, səsvermənin nəticələrinə ilk günlər müşahidəçi mövqedən yanaşan Avropa ölkələrini və ABŞ-ı adekvat addımlara atmağa sövq etdi. Çünki aksiyalar spontan təsir bağışlasa da, kənardan idarə olunan prosesə bənzəyir. Bu situasiya əslində, Tixanovskayanın qarşı duran müxtəlif siyasi qütblərin arasından çəkilməklə yaratdığı maraqlar toqquşmasıdır. Müxalifətin namizədinin ölkəni tərk etməsi və Rusiyaya bir addım önə çıxmağa şərait yaratması Lukaşenko ilə əməkdaşlıqda maraqlı olan Qərbi cəzalandırmaq məqsədi daşıyıb.

Məlumdur ki, Belarusda hakimiyyətlə aksiya iştrakçıları arasında baş verən toqquşmalar həm də özündə Qərb və Rusiya arasında davam edən geosiyasi qarşıdurmanı ehtiva edir. Pompeonun bəyanatı göstərir ki, A.Lukaşenkonun mövqelərinin getdikcə zəiflədiyini və hakimiyyət dəyişikliyinin qaçlmaz amilə çevrildiyini artıq Qərbdə də anlayırlar. Qərb vəziyyətə müdaxilə etməsə, kütləvi etirazlar nəicəsində yaranmış siyasi xaosdan və müxalifət liderinin xaricdə olmasından istifadə edən Rusiya qarşıdurmanı dərinləşdirməklə prezident Lukaşenkonun devrilməsinə nail ola bilər. Bu isə növbəti mərhələdə Rusiyanın geosiyasi orbitindən uzaqlaşmaqda olan Belarusun yenidən Kremlin tam təsir dairəsinə salınması deməkdir. Belarus parçalanması və ya hərb təcavüz yolu ilə yeni münaqişə ocağının yaradlmasından daha çox Rusiyanın maraqlarına Lukaşenkonun yerinə Putinin adamının gətirilməsi planı cavab verir. Əks təqdirdə, Ukraynaya təcavüzdən sonra ümumdaxili məhsulda artım səviyyəsi 1,3 faizə düşmüş Rusiya Qərbin daha ağır sanksiyalarına məruz qala bilər. Bu, Avropanın təhlükəsizliyi problemini yenidən gündəmə gətirəcək. Nəticədə, ABŞ-ın və NATO-nun Şərqi Avropada və Qara dəniz regionunda güclənməsinə şərait yaradacaq. Ukrayna ilə münaqşədən və “Şimal axını-2” qaz kəməri layihəsinə ABŞ-ın sanksiya tətbiq etməsindən sonra Belarus Rusiya neftinin və təbii qazının Avropaya daşındığı əsas enerji dəhlizinə çevrilib. Bu isə Belarusun geosiyasi əhəmiyyətini artırır. Belarusda münaqişə yaranması Rusiya üçün bu dəhlizin bağlanması təhlükəsini yaradır. Ona görə də Kreml üçün ən pis variant status-kvonun saxlanması, ən yaxşı ssenari isə Belarusda Putinə itaət edən şəxsin hakimiyyətə gəlməsindən ibarətdir. Pompeonun açıqlaması Qərbin hadisələrin sürətlə Rusiyanın xeyrinə dəyişməsindən narahatlığını əks etdirir. Belarusu Rusiyaya güzəşt etmək istəməyən Qərb qüvvələr nisbətini öz xeyrinə dəyişmək üçün hakimiyyətin dinc yolla ötürülməsinə nail olmağa çalışır. Pompeonun yeni seçkilər keçirmək çağırışı da bu planın Avropa ölkələri ilə müzakirə olunduğunu deməyə əsas yaradır.

Pompeonun bəyanatı Belarusda yeni siyasi situasiyanın yaranmasına səbəb ola bilər. Lukaşenkonun ABŞ-ın təklifini qəbul edəcəyi barədə fikir söyləmək çətindir. Vaşinqton qeyd edilən bəyanatı ilə Lukaşenkoya hakimiyyətdən dinc yolla çəkilməyi təklif edir. Əks təqdirdə, hakimiyyətə qarşı dinc inqilab etmək formalaşmış sosial bazaya Qərb dəstək verə bilər. Ancaq azad seçkilərin Rusiya və Qərb münasibətləri baxımından daha gərgin olacağını söyləmək olar. Çünki növbədənkənar seçkilərin keçirilməsi siyasi məhbusların azadlığa buraxılması deməkdir. Bu halda, Rusiyanın dəstəklədiyi namizəd Viktor Babariko yüksək nüfuza malik olduğundan qələbə şansı da çox olacaq. Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovskinin azadlığa çıxması isə Qərbyönlü qüvvələrin vahid namizədi kimi seçkiyə onun qatılması ilə nəticələnə bilər. İki güclü siyasi liderin rəqabəti fonunda yeni seçkilər Rusiya və Qərb arasında növbəti qarşıdurma prosesinin meydana çıxması deməkdir.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close