Mənim həyat hekayətlərim (IV hissə )

Əvvəli 

Ağır döyüşlərdə cəsur övladlarımızın göstərdikləri   hərbi   məharət gələcək  nəslə həmişə görk və nümunə olacaq

Təqvimdə 2020-ci ilin 8 noyabr günü hər il Zəfər Günü kimi qeyd olunacaq. Qeyd etdiyimiz Respublika Günü, 12 noyabr Konstitusiya və digər əlamətdar günlər bundan sonra 10 dekabr Zəfər Paradının şəfəqləri ilə əlvan  rəngə boyanacaq. Ermənistanın nasist ordusu üzərindəki qələbə hər il göz yaşları ilə xatırlanacaq, övladlarımızın şərəf gətirən anları heç vaxt unudulmayacaq… Kişilik, mərdlik və əsl qəhrəmanlıq nümunəsi ilə düşmənə tarixin ibrət dərsi verildi! Düşmən uzun illər döyüşçülərimizin Samuraylara xas qəhrəmanlıqlarından vahimədə yaşayacaq, qorxulu xatirələri paylaşacaqlar…

Xalqımızın əfsanəvi, lakin işıqlı və aydın zəfər günündən sonra hər evdə, azad olunmuş ocaqlarımızda əminlik var, qələbə ilə öyünür və “Artıq hər şey bitdi!…” deyirlər.

Qaliblərin yaraları ağrımaz. Şəhidlər verdik, yaralı qazilərimiz var. Qalib tərəf kimi heç bir ölkədə müharibəni arzulamırıq. Biz, müharibənin ağrı və acısını təkrar-təkrar daddıq. 44 gün ərzində 2783 can vətənə qurban oldu. 2783 övlad, ər-igidlər itirdik. Nə qədər məsum körpələr atasız böyüyəcək, çoxlu sayda uşaq oyuncaqları dükanlarda“ata müştərilərini” gözləyəcək!? Məktəbə gedən bu uşaqlar atalarını yanında görməyəndə dərindən ah çəkər,amma nə baş verdiyini anlamazlar… Qapılar döyülməycək… Qapını açıb “atam gəldi” qışqıran olmayacaq… Neçə nişan üzükləri mücrülərdə  sahibini gözləyəcək. O mücrülər açılmaz. Atalar şəhid oğullarına toy edəcəkdilər… Xonçalardakı nişan üzükləri “qıvrılıb sarı ilantək” şəhid atasına baxacaq…Ürəklər dağlanacaq… Bəy bacıları, nişanlı qızlar məzar daşlarını bəzəyib öpəcəklər… Allah, Allah!.. “Belə toy heç kimə qismət olmasın,Ya rəbbim, heç kimə!” Ağırdır, çox ağırdır… Bu da bir imtahan oldu bizim üçün, düşmənlərə isə cəhənnəm odunu xatırlatdıq!

”Ata toy edəcək şəhid oğluna…
Toyda kövrələcək ürəyi daş da…
Öğlunun şəklini bəy əvəzinə,
 Ata oturdacaq yuxarı baçda”… (Kamal İskəndər. Kultur.az)

Bundan sonra Vətən Müharibəsi ilə bağlı xatirələr paylaşılacaq, igid döyüşçülərin  qəhrəmanlıqlarına filmlərdə, sənədli çəkilişlərdə  baxıb heyrət edəcəyik, şəhidlərimizə ağlayar, sızıldayarıq… Amma nə yaxşı ki, ağrılarımız zəfərlə bitdi. Qarabağ Azərbaycanın  oldu!

Şəhidlərimizə türkü (ağı mənasında) söyləyən günlərimiz də hələ çox olacaq… Şəhidlər ölümü ilə qələbəni  (açığını  deyim, bəzən Qarabağın qaytarılacağına şübhə ilə yanaşırdıq) bizə bəxş edib, Everest zirvəsindən də uca, mələklərin fəth edə bilmədiyi ən uca üfüqə -SİDRƏTÜI-MÜNTƏHAYA ucaldılar. Tanrı dərgahında  xatirələri həmişə uca tutulacaq.

Ehtimal etdiyimiz, yuxularda gördüyümüz gerçəkləşdi. Bu,ağır itkilərlə başa gəlsə də əbədiləşdi, qəhrəmanlıqla o dünyaya köç edənlərə Uca Rəbbimizdən rəhmət diləyib, ruhları qarşısında səcdəyə qapılırıq… Kim bu gün ailəsinin yanında, iş başında və ayaq üstə durursa,dura bilirsə yuxarıda Allah, aşağıda canını vətən uğrunda qurban edən igid döyüşçülərimizin cəsarəti hesabınadır. Onların şəhadəti nəticəsində,qazilərimizlə Azərbaycan səması  aydın və təmizdir. İşğalçılığa nöqtə qoyuldu. Bundan sonra  günəşi “qara buludlar” örtməz, torpaqlarımıza şəfəq saçacaq. Torpaq günəşin hərarətilə vəcdə gəlib, ŞƏHİD GÖVDƏLƏRƏ can bəxş edəcək, heyrət(edəcəyik) doğuracaq!..

Bəzən göz yaşlarıyla, kövrələ-kövrələ, bəzən də qəh-qəhlə bir-birimizə “Zəfər Günümüz Mübarək!”- səslənərik. Qoy, hər gün xalqımız üçün zəfər, səadət və şən anlar gətirsin!

Zəfər günü toplardan, ağır artilleriyadan, qumbaralardan açılan səsləri susdurdu… Zaman daha tələsmir.”Dəmirçi körüyü yavaş basacaq, çəkiclər yavaş vurulacaq ki, şəhidlərin ruhuna toxunmasın, oyanmasınlar…” Rahat olsunlar, rahat… Sakitliyə  riayət etməklə səssiz-səmirsiz onları yad edək…

 Müharibə qorxusu artıq arxada qaldı. Körpələr daha mərmi səsindən  oyanmaz, yuxularda hıçqırmazlar… Artıq dəmir yumruq kimi birlik nümayiş etdiririk…

Zəfər günü Ulu Tanrının Azərbaycan Xalqı üçün göydən endirilən İlahi süfrə qədər dəyərli, bərəkətli və müqəddəsdir, zəngin tapıntı və milli sərvətimizdir. Rəbbimiz bu qələbəni Türk Dünyasının hər bir şəhərində, sənayesində, bilik sahəsində, siyasi və diplomatiya, bir sözlə bütün sahələrdə nəsib etsin! Qoy daha ağrılar ürəklərə yük olmasın, qəlblərdə də qələbə  marşı səslənsin! İztirablara son qoyulsun! İgidlərimizin mərdliyi, cəsurluğu, cəsarət və qəhrəmanlıqları, canlarını qurban verməklə qazanılan qələbə heç vaxt və heç kim tərəfindən unudulmasın!

Qoy qələbə ruhu hər birimizin  ürəyini coşdursun, xalqı irəliyə, yalnız irəliyə aparsın! Qoy, bütün dünyada həmişə sülh olsun!…

…İnsan həyatı qədər qiymətli heç nə yoxmuş. Ya Rəbbi! Ürəkləri dağlayan anaların göz yaşları, gənc ailələrin, sevgililərin sınıq taleləri bir daha təkrarlanmasın!

Tanrı müharibə dəhşətləri, düşmən vəhşiliyi və qorxusuyla, ağrılarla bir daha dünyanı imtahana çəkməsin! Heç bir millət düşmən nifrətinə tuş gəlməsin, hüzn içində yaşamasın!

Dünya, sənə səslənirəm!

 Sülhü, millətlər arasında harmoniyanı qoru, dəyərləndir!Həyata da dəyər ver, hər bir xalqın qəhrəmanlıq səlnaməsini müqəddəs say, Dünya! Millətlərin hissiyatına toxunmağa imkan vermə, yolunu azmış dğvlətlərin yolunu blokla!

Həyatda heç nə asanlıqla əldə edilmir. Məqsədə çatmaq üçün qurbanların verilməsi mütləqmiş…  Bəzən elə anlar yaşanır ki, arzularından imtina edib, hər şeyi  kənara qoymalı olursan. Belə anlarda nəyi,necə əldə edə, nəyi itirə, nəyi qazana biləcəyinə əmin olandan sonra yoluna davam edirsən…

 Qaydalara görə müvəffəqiyyətin dəyəri uğursuzluğun dəyərindən həmişə az olub. Günlər ötdükcə  anlayırsan ki, əbədi heç nə yoxmuş. Ona görə, hər şeyi dəyərləndirməyi bacarmalıyıq, ona  ehtiyac var.

Həyatı nazik bir ipə bənzədənlər də var.Bəzən o ipin qəfil qırılan vaxtı da olur. Ehtiyatlı olmaq gərək… İstəsək, hər şeyi gerçəyə çevirə bilərik…İstəsək!

“Həyatda səhvən heç nə baş vermir. Hətta, nasaz sandığımız saatı da, vecsiz əşya tək kənara tullamaq olmaz. Sutka ərzində o dəqiq vaxtı göstərə bilər…”

Biz, uzun zaman səbr etdik. Səbr Allahın gözəl adlarındandır. Meyvə də səbr ilə yetişəndə şəkər olur. Döyüşə indi başlamalı idik. Ona görə də ZƏFƏR günümüz (bütün üzüntü və ağrılarına rəğmən) indi  şəkər, bal dadır…

Tanrı yanımızda, Haqqın yanında olan dost ölkələri qorusun! Türkiyə-Azərbaycan qardaşlığını Öz dərgahında dərəcəyə çatdırsın! Şəhidlərimizi Rəhmətinə qovuşdursun, anaları ovundursun, qazilərimizin yaralarına məlhəm qoysun! Şəhid YADİGARLARININ-mələk körpələrinin baxtlarını Rəhmanlığı xatirinə Özü versin, amin!                                                  

Nə vaxtsa Çingiz xanı oxuduğum vaxtlarda onun döyüşlə bağlı bir müdrik kəlamı yadıma düşdü:

“Türklər savaşa başlasa, şeytanı da cəhənnəmdə əsir götürər”.

Müasir dünyanın mərkəzi yoxdur. Sivilizasiya ilə barbarlıq arasında sərhədlər itdiyindən, bəşəri dəyərlər də, vecsiz bir şeyə çevrilib. Hər şeyin qiyməti artdığı bir vaxtda, insanın dəyəri hər gün devalvasiyaya uğrayır.

Dünya həddən artıq səs-küylü bir meydana çevrilib. Bu meydanda cılız dövlətlər də at oynadır. Dünya çönüb, indi dovşanlar aslanlara gülür, əl-qol atır… Arxalı köpəklər qurd basır, çoxalıblar…

Covid-19-un dünyanı əsir aldığı bir vaxtda Ermənistan Azərbaycan xalqının tarıma çəkilən əsəblərilə oynamağa, nasistsayaq addımlarını təkrarlamağa başladı.Tarix heç vaxt Almaniyanın yəhudilərə və SSRİ vətəndaşlarına, Fransanın bir əsrdən çox müddət ərzində müsəlmanlara qarşı vəhşiliyini, ermənilərə isə havadarlığını unutmayacaq. Ermənilər tarixin ləkəli səhifələrindən bac alıb “müəllimlərinin” nəsihətləri ilə ərazilərimizdə milli qürurumuzu tapdalayıb, qaysaq bağlamayan yaralarımıza ayaq basdı…

Amma unutdular ki, qisas qiyamətə qalmaz! Tarixən güclü dövlətlər müharibələrdə qalib çıxıb. Məğlub tərəf həmişə zəif dövlətlər olub. Süqut etmiş İmperiyaların nekroloqları  tarixin toz basmış səhifələrində belə xatırlanır…

XXI əsrdə dünya Azərbaycan ordusunun modern hərbi texnikasının və taktikasının, döyüşçülərimizin cəsarət və şücaətinin, əsgər məharətinin və qəhrəmanlıqlarının, Hitlersayaq manevr edən ermənilərin isə Hitler kimi də rüsvayçılıqla təslim olmağının şahidi oldu!

 Döyüşən hər bir zabitin və sıravi əsgərin boyuna qurban. Döyüşə başlamasaydılar o əbləh və lənətə gəlmişlər ocaqlarımızda hələ çox oturacaqdılar.

Sizə qurban! Vətənə sədaqət andı içdiyinizə görə biz də adınızı VƏTƏN-deyə çağırdıq. Xalqdan ruh aldınız, Komandanlığın çağırışlarına və tapşırıqlarına yüksək məsuliyyətlə yanaşdınız, göstərilən etimada və  etibara canınızla, qanınızla dəyər verdiniz.

Bu gün hər biriniz vətənin Xan Döyüşçüsü, Xan Əsgəri kimi ürəklərdə yaşayırsınız və yaşayacaqsınız. Duydunuz ki, döyüş o qədər də çətin deyil, uzağı ölüm var-düşündünüz. Vətən, qeyrət və iffət yolunda ölməyi şərəf sanıb, vətənə əmanət olaraq mübarək bir qələbənin sahibinə çevrildiniz!

“Qarabağ Azərbaycandır” hayqıran səsinizə qurban! Torpaqlarımız özümüzünküləşdi! Sayənizdə “Mülkiyyət sahibi” olduq…

Qeyrətiniz və igidliyinizlə başımızı Sidrətül Müntəhaya-Ən uca üfüqə ucaltdınız (Quran kəlamı).

Tarixdən bəllidir ki, Azərbaycan “Odlar Yurdu”-deyə çağrılıb. Siz həm “od“ oldunuz, həm də “ocaq”. Tanrı mükafatınızı inşəallah verəcək. Hər birimizin varlığı vətənlə bağlıdır.  Bu varlığın ürəyi də, bədəni də, döyüşən ordu da Sizsiniz! BOYUNUZA QURBAN əziz DÖYÜŞÇÜLƏR! Qoy meydan həmişə qoç igidlərin olsun. Qorxaqlar və ürəksizlər yorğan-döşək düşkününə çevrilsinlər.   

Ya Rəbbi! Sənə məxsus gözəl adlar hörmətinə Səndən istəyir və Sənə yalvarıram: Fəryad edənlərin imdadına yetiş, düşmənlərimizi qəhr et! Torpaq, Həqq uğrunda  şəhid olanların qəbrini müşkü ənbər qoxusuna qərq et, ağrılar içində olan qazilərimiz  Sənə möhtacdırlar, ruzilərini ver, ehtiyaclarını ödə, süfrələrinə İlahi süfrəyə bənzər bərəkət gətir, ağrılarına Özün məlhəm qoy! Ölümü də, həyatı da, Sən yaratdın! Güc və qüvvətin də, həqiqi  sahibi Sənsən!

Tarixdə baş verən müharibələr tərəflərə-daha çox qalib tərəfə xeyir yox şöhrət gətirib. Qalib çıxan da, çıxmayan da uduzur. Koalisiyanın hər bir üzv dövlətləri də itki verir, zərər çəkir. Belə müharibə kimə və nəyə lazımdır? Bütöv bəşəriyyət müharibəyə yox deməzsə  və belə getsə, yəqin müharibələr bəşəriyyətə yox deyəcək. İnsanlar müxtəlif əqidədə, düşüncədə və inamda olduğu kimi, dövlətlər də müxtəlif ideyalara, siyasətə, diplomatiyaya və ambisiyalara malik, bəzən də dominatlıq  arzusunda olurlar…

 Ən əhəmiyyətli nöqtə insanın özü haqqında əldə edəcəyi bilgidir. Barəsində kimin nə deməsindən asılı olmayaraq kimliyini, haradan niyə gəldiyini, hara,niyə və nə üçün gedəcəyini dərk etsin. Yaradanını tanısın, yaradılışın məqsədini anlasın  və s. Bu sualları  eyni ilə dövlətlərə də ünvanlamaq olar. Niyə yaranıb, məqsəd və vəzifələri nədən ibarətdir?…

Tarix boyu İnsan bu metafizik suallara cavab axtarışında olub. İnsan qanının axıdılmasında, neçə-neçə dəhşətlərin yaşanmasına şahidlik edib. Sonra “nə qazandım” sualına cavab tapa bilməyəndə cansıxıcı şəraitə məhkum olub. “Buraxılan səhvləri isə gizlətmək mümkün olmur!” Dövlətlər də belədir. Ölkələri xarabazara  çevirir, Xalqın liderlərini “diktator”adı ilə edam edir, millət qaçqınlığa məruz qalır, köləliyə xas tərzdə yaşamağa məhkum olur,ölkənin mədəni, tarixi abidələri vandallar tərəfindən dağıdılır, günahsız insanları və yaxud, əlinə silah alıb öz torpağı uğrunda döyüşənləri məhv etdikdən sonra “qənimət” kimi yalnız bəşəriyyətin nifrətini qazanmış olur.

 Doğru yol, yanlış yoldan açıq bir şəkildə fərqlidir. İnsan özünə inanmalıdır. İnam varsa deməli, doğru yolda olmaq mümkündür. Xalq öz Liderinə inanıb etibar etməlidir. Qanunlara itaət və dövlət Başçısına iltifat olan yerdə bərəkət və əminlik də olar. Amma dövlət başçıları da içdikləri anda sədaqət nümayiş etdirməli, “And”ın mətni masaüstü kitabına çevrilməlidir. Belə olarsa, heç bir şey cazibəsindən və yolundan çıxmaz!…

 Bir zaman, islam Peyğənbərindən  “iman nədir”? soruşduqda, Rəsulullah belə cavab vermişdi: “Allahın vahidliyinə, mələklərinə, vəhylə endirilmiş kitablarına, peyğəmbərlərinə, axirət gününə (dirilməyə və hesaba çəkilməyə), xeyrin və şərin Allahdan gəldiyinə inanmaqdır. “Bunları dərk etdikdən sonra birinin digərinə üsyan etməsinə və yaxud, bir dövlətin digər dövlətə qarşı yürüşünə ehtiyac varmı?( qalmaz.)

                                                           xxx

Bəşər cəmiyyətinin bütün həyatı xeyirlə-şərin (yaxşı ilə pisin) görünən, bəzən də görünməyən bir cəhətin doğurduğu davranışlardan meydana gəlir. Ona görə də, Hz. Məhəmməd bunu xatırlamış və “Davranışlar  (əməllər) yalnız niyyətlərə görə qiymətləndiriləcəkdir”-demişdir. Hüquqi dildə ifadə etsəm, fərdin davranışı ictimai münasibətlərə zidd olanda hüquq məsuliyyətinin (cinayət,inzibati,əmək və s.) tətbiqini zəruri edir. Bu mənada insan davranışlarında sərbəstdir, lakin digərinin hüquqlarının sərhəddində dayanmalıdır!

Anam da, atam da  Allaha sığınan, Ona ibadət və itaət edən, Ona təvəkkül edərək boyun əyən, mənəvi rahatlığa qovuşan bəndələr idilər. Çətin, çörəyin az olduğu vaxtlarda belə, Allaha üsyan etməz, əksinə qəzavi-qədəri və qəhrini də xoş ovqatla qarşılayırdılar. “Biləndə ki, bütün bunlar hardan və Kimdəndir, sızıldamağın nə faydası?  -deyən anam mənim də mənəvi və iç dünyamı artıq belə hörmüşdü.

Oxumağı və yazmağı bacarmayan belə  bir xanım əfəndinin bətnindən doğulmuşam. Sonralar övladlarının hansı peşəyə sahib olacağının heç fərqində  olmazdı. Deyərdi ki, indi  rahatam. Şükür Allaha, hər birinizin evi, ailəsi, işi, çörəyiniz  var. Şükür edin, şükür edin və  hər an şükür edin! Atanızın hansı əziyyətlə çörək qazandığını hər biriniz  şahidsiniz. Bacardığı qədər çalışardı. Yarı ac, yarı tox sizi Allahın yardımı ilə birtəhər boya-başa çatdırdı. Allah zəhmətini ziyadə etsin və dərəcəyə çatdırsın…

Atam dünyasını dəyişəndən sonra anamı tez-tez Bakıya gətirərdik. O, şəhər evlərinə öyrəşə bilmirdi, həyatının son günlərini mənim 3 otaqlı  mənzilimdə  yaşadı. Axşam işdən qayıdıb onunla hal-əhval tutdum. «Yaxşı deyiləm. Məni öz xarabama apar. Burada,bu türmədən bayıra çıxmağa imkanım yoxdur, bir qonşu tanımıram. Bu necə yaşamaqdır? Kəndi istəyirəm…Məni apar!..» Sanki körpəsilə ucadan danışırdı. Başqa nə deyə bilərdim?!…

Novruz bayramına bir neçə gün qalmışdı. Anam: « Mən kəndi, öz evimi istəyirəm. Ay oğul, məni göndər kəndə, özü də sabah!» kəlməsini kövrələrək dedi.  «İncimə, ay oğul, kəndi istəyirəm. Kənd heç olmasa, kişinin ruhuna yaxındır…» daha ardını deyə demədi, atam dünyasını dəyişən gündən daşıdığı qara yaylığının ucu ilə gözlərini sildi. Mən onun gözlərindən öpdüm. Deyirlər «gözdən öpmək ayrılıq gətirir- eləmi?» – soruşdum.

-Onsuz da ay bala, ayrıyıq. Ayrılıq necə olur? …Məhəbbət də gözdə olur…

Gecəni çox oturduq, gec yatdıq. Sabah başlar-başlamaz anamın evdə get-gəl etdiyini hiss etdim. Qalxıb otağına gəldim. Anam «bağlamasını»  da hazırlamış,  yun şalı ilə belini də  bağlamışdı. Qərarın qəti olduğunu gördükdə, «bəlkə incidin bizdən, ay ana?!»

– «Yox bala,vallahi yox. Kəndi istəyirəm. Məni yola sal». Təkid etdi və tabe oldum… Üzünə baxdım, baxışları  yorğunuydu,sanki yol çəkirdi. Çöhrəsi bəmbəyaz, gözləri nəmli idi…

-Qismət olsa ay bala, yenə görüşərik. Şəhərinizin küləyi adamı çox darıxdırır. Şəhər mənlik deyil. Allahın rəhməti üstünüzdə olsun… Ayrıldıq. “Dad sənin əlindən, aman Ayrılıq!

İnsan bəzən özünü çox çarəsiz hiss edir, nə edəcəyini, kimə və harda nə söyləyəcəyini bilmir, içində atəşdən bir çay qıvrıla-qıvrıla axar. «Qiyamət qopsa bundan yaxşıdır»-düşünər, içindəki o yaranın məlhəmini tapa bilməz. Bəzən belə yaranı ölüm də sağalda bilməyəcək…

Hamısını Göstər

Related Articles

Back to top button
Close