Mənim həyat hekayətlərim (V hissə )

Əvvəli 

«İçimizdəki hər yaranın məlhəmi vardır. Amma elə yaralar da var ki, onun məlhəmi yoxdur. ətimiz, sümüyümüz çürüsə belə, o yaralar çürüməz.»

Anam dünyasını dəyişmişdi… Ölüm belə, hamıdan gizli, xəbərsiz, lakin  haqq olaraq nə gec,nə də tez ,vaxtında gəlir. Anamda Allaha hədsiz sevgi varıydı. «İnsanın qəlbindəki boşluğu Allah sevgisi ilə doldura bilməsək, şeytan həmin boşluğu tez zəbt edər və onu istədiyi səmtə aparar»-deyərdi. İllər ötdükdən sonra Yunus İmrənin kiçik bir rəvayətini oxudum və həmin illərə qayıdıb anamı xatırladım…

Birinə sual edirlər:

-Rəbbini tanıyırsanmı?
-Tanıyıram.
– Onu sevirsənmi? «Əlbəttə, sevirəm»-deyə cavab verir.
Sonra sualı başqa cür qoyur:
-İblisi tanıyırsanmı? «Tanıyıram»– deyir.
-Bəs ona nifrətin varmı?  – sualına gözlənilən cavab  almayanda təəccüblənir. Həmin şəxs: «İblisə əsla nifrətim yox. Nifrətim necə ola bilər? Allah sevgisi qəlbimi o qədər doldurub ki, İblisə nifrət edəcək yer qalmamışdır» – deyir.

Bir könül Allah sevgisi ilə dolu deyilsə, o boşluğu İblis doldurar…

Bu düşüncə ilə əhvalımı anamın hüzn gününə köklədim. Xəlvətə çəkilib qəlbimlə baş-başa qaldım. Bu dünyanın etibarsızlığına bir daha şahid oldum.  «Dünyanın və ölümün anası olsaydı, onun qədrini bilərdilər! Dünyanın nə vecinə?!» Bu düşüncələrlə yola çıxdım…

Ata ocağına çatanda anamın dolandığı, təsərrüfatla məşğul olduğu həyətimizdə qardaşlarımı və bacılarımı, qonşuları, rast gəlmədiyim və çoxdan görmədiyim həmkəndlilərimi gördükdə bir az da, qəhərləndim. Bacılar mənim gəldiyimi ah-vayla qarşıladılar. Sanki qiyamət qopmuşdu. Anamla bağlı zaman durmuş, dilim tutulmuşdu. “Anam hanı?” sualına kimdən cavab istəyəcəkdim? Nə cavab verəcəkdilər? Ölüm ki, artıq baş vermişdi. Fəryad etməyin yeri yox idi. Anam dünyasını dəyişmişdi…

 Özümdən asılı olmayaraq bəd duaya başladım: «Əlləri qırılsın, atəşə düşsün…» ölümü günahlandırırdım. Necə qıydı? … fikirlərlə birdən qəbirstanlığa sarı yürüdüm. Dilimdə «Ana, ay ana» sözü, gözlərimdən isə yaş axırdı… Rəbbim, nə olar, mənə dözüm ver, səbr ver, səbr! …

Soyuq məzarını qucaqlayıb, sanki anamın bəmbəyaz üzünə baxırdım… Məzarı üstə Quran tilavət edən mollanın səsi məni düşüncələrimdən ayırdı… Anam  haqqa qovuşmuşdu. Haqqa qovuşmaq üçün isə gəzib-görmək, görüb-yaşamaq, yaşatmaq, bəzən də sözlə, şerlə fikir bildirmək lazım gəlir.

Anam təbiətcə poetik ruha malik, duyğusal xanım idi. Danışan zaman xalq bayatılarından çox istifadə edərdi… Tələbəlik illərinin yay tətillərinin birində yanına getmişdim. «Nə sənətin sahibi olacaqsan» – deyə soruşdu. Dediyimi düşünmədən «Yurist» – dedim. «O, nəmənədi, bala? » Başa düşdüm ki,  fikrimi anlada bilməmişəm. Anam bəzən Mircəfər Bağırovun «silisçiləri» (istintaq aparanları) sözünü çox işlədərdi. «Silisçi olacağam»-dedim. Sonra mənə-«hamıya qəlb gözü ilə baxarsan. Kömək üçün və ədaləti tapmaq üçün çalışasan, almaq üçün yox. Dünya məsələlərinə uymayasan…Bizi söydürməyəsən balaa! Süleymana qalmayan dünya kimə qalıb ki, ay bala!? O, çox yaxşı bir söz deyib: “Hər şeyin öz vaxtı var: Dünyaya gəlmə və getmə vaxtı; Dağıtmaq və tikmək, qurmaq vaxtı; Daş atmaq və daşları hörmək vaxtı. Susmaq və danışmaq vaxtı…”

Mən də çalışdığım illər ərzində həqiqət uğrunda çox çabaladım. İlk vaxtlar  mənə asan görünsə də, sonralar əziyyətimin hədər getdiyini anladım. Qazandıqlarım mənə düşmən oldu, haqqı anlatmaq istədiyim şəxslər məndən üz çevirdilər. Nə etməli idim? Rəhbərlik etdiyim kollektivi yaxşı səmtə dəyişmək istədim, təlimatlar verdim, amma   əksini gördüm. Həyata keçirdiyim tədbirlərin səmərəsinin olmaması da mənə bir dərd olurdu. Niyə belə idi?..

Rəvayət edirlər ki, bir məscidin müəzzini qonşuların bostanlarını talayıb bazarda satarmış. Qonşular vəziyyəti məscidin imamına çatdırırlar. İmam da «tapşıraram bir daha etməz»-deyə vəd verir. Həmin həftə imam moizə oxuyarkən “haramdan qaçın, özgənin malına göz dikməyin” – deyir. Moizədən sonra müəzzin imamın yanına gəlib : “Xocam, nə gözəl danışdın. Sən kürsüdə ikən ağzından sanki bal süzülürdü” .

Qonşular ikinci dəfə yenə imama müəzzinin hərəkətlərindən şikayət edirlər. İmam bu dəfə də, vəd verdi və yenə moizə zamanı: “Ey müsəlmanlar, camaatın malını yeməyin, günaha batmayın”- söyləyir. Moizədən sonra müəzzin yenə imama yaxınlaşb: “Xocam, sözlərin fövqəladə bir müsiqi kimi səsləndi, maşallah” -deyir.

Müəzzin həyəsızlığını çəkinmədən davam etdirir. Bu dəfə də imam:  “Ey Allahın qulları! Qonşularınızın malını talamayın!” – xitab edir.

Müəzzin namaz bitdikdən sonra təkrar imamın yanına gəlir. Qulağına əyilərək: «İmam, belə çətinliyə düşmənizə gərək yoxdur, özünü yorma» – deyir.

Utanmazlara nəsihət kar etməzmiş…

Kimə güvəndimsə, zərər gördüm, kimə yaxşılıq və xeyirxahlıq etdimsə, «sadəlövhəm» deyə düşündülər. Allaha sığındım…

İnsanın bəzən “adacığında” qapını da arxadan bağlayıb özü ilə danışan anları olur. Düşünəndə ki, hər bir insan yer  üzünün zinəti, xəlifəsi və canişini kimi Rəbbinin bir əmanətini daşıyır, xəyala dalırsan…Əmanətə xəyanət olarmı?

İnsanın bəzən coşub-daşan, yetim tək boynunu büküb lal vaxtları da olur, amma halında səbəbini əsla görə  bilməzsən. Nəşəli və kədərsiz günlərdə əsla öyünməz…

Yunis İmrədən oxumuşam, yazır ki, birinin gözlərinin içinə baxmazdan öncə gözlərini yumub qaranlığın içinə bax. Sonra da  gözlərini qarşındakının gözlərində aç. Boşluqdan başqa bir şey görməzsən. Bilmirəm, bunları niyə yazdım.

 Ölümün gözünə baxmağa heç kim cəsarət edə bilməz. Çünki Əzrayıl (ə.s.) “ovunu”elə bir qiyafədə yaxalayır ki, nə qaçmağa, nə də Ona baxmağa göz qırpımı qədər macal verilmir. Elə gözlər yumulsa, yaxşıdır…

Heç kim Allahın rəhmətindən ümidini kəsməsin. “Sizlər dəyişmədikcə, başınıza gələn müsibətlər dağılmaz”. Hər birimiz oxunmayan bir kitab, dərk edilməyən, sərgiyə qoyulan bir tablo kimi qəzavü-qədəri də əməllərimizlə özümüz yazırıq.

 “Bəzən, əlindən alınanlar, sevdiklərinin dünyasını dəyişməsi, həyat yolunda addımlamağına qoyulan maneələr acılarla döşənmiş daşlara bənzər”

Anamın soyuq məzarı önündə əllərimi qoynumda büküb durmuşdum: “Haqqını halal et, anam, xaliq anam! Bir övlad kimi borcunu ödəyə bilmədim…” Etiraf edim ki, insan valideyn olana qədər ata-anasının əziyyətlərini o qədər də dəyərləndirə bilmir. Valideyn olandan sonra çox  şey adama agah olur… Anamla bağlı bir mükalimə bu gün də yaddaşıma həkk olunub:

Anam bizdə idi. İki yaşlı oğlumu oxşayıb əzizləyirdim. Anam: “Çox istəyirsən onu?”

– Körpədir də, şirin vaxtıdır.
-Bax, mən də sizi elə istəmişəm…

Həqiqət idi, danılmaz həqiqət. Anamın “mən də sizi elə istəmişəm” sözündən sonra utandım. Həya təri mirvari dənələri kimi alnımdan süzülüb gözlərimi göynətdi…

“Atanın, ananın nə  çəkdiyini, mən özüm valideyn olanda bildim”.

İkimiz də valideyn idik. Anam məni, mən də anamı yaxşı başa düşürdüm. “Övlad aşiqləri bir-birlərini yaralarından tanıyar”. Anam ilə ortaq olan “yaralarımız” çox və oxşar idi. Hər dəfə anamın və atamın,  2002-ci ildən sonra isə oğlumun qəbrini ziyarət edərkən övlad dağı ilə inildəyən yaram qanayır…

“Allah hüznlü qəlbləri sevər. O, qırıq və incik qəlb sahibləri ilədir”-düşündüm …

                                                       XXX

Müsəlman olaraq namaz qılan bir kimsə bir nəfərin qəlbini qırarsa, qıldığı  namaz qəbul olunmaz. Dəstəmaz alıb əlləri, gözləri və üzü yumaq 72 millətin hər birinə xasdır. İnsan könlünə nəzər etməli, özünə sahib çıxmağı bacarmalıdır. Namaz bir ibadət yox, Allah ilə olma şüurudur. “Sən Onunla, O, da səninlədir”.Belə bir halda ikən  necə könül qırmaq olar? “Namaz möminin meracıdır, uca üfüqdə olmaqdır”- buyurub Hz.Muhəmməd. Könül qırmaqla meraca qalxmağın  mənası olacaqmı?..

Kəndimizdəki ata ocağımızda daha atamı və anamı görməyəcəkdim. Ağlım kəsəndən həyətimizdə hüzünlü gün olmamışdı. Ölüm bizə sarı gəlməsin-deyə ixtiyar çağında olan valideynlərim ona çəpər çəkiblərmiş. Hər ikisi haqq dünyasına köçdükdən sonra nələrin şahidi olmadım?! Bu qəbristan yolu adi bir yol deyilmiş, ağır iztirablarla dolu, bu dünyadan o dünyaya uzanan ölümün bir qoluymuş…

Ölüm sanki bizdə məskunlaşmışdı. Cavanlarımızı nakam apardı. Bizi övlad  itkisi ilə sınadı, dişinə vurdu, imtahan etdi. Rusiyanın Orenburq vilayətində bacım oğlanlarını qarət edib, sonra odlu silahla qətlə yetirib Dunay çayına atmışdılar. Nurəddin qardaşımın iki oğlu Telman və Cavidan vaxtsız və nakam getdilər. Sonra oğlum, leytenant Səbuhi  də sərhədin mühafizəsi ilə bağlı xidməti vəzifəsini icra edərkən həlak olmuşdu… Silahlının üstünə silahsız gedib “dur” demişdi. Zinadan əmələ gələn isə tətiyi çəkmişdi… Yaman hesaba çəkildik. Amma Tanrıya asi olmadıq. İlahinin qəzavü-qədərindən qaçmaq mümkün deyilmiş…

Əvvəlcə torpağa, sonra qəbirə xitab etdim: “Bilirsən ki, burada uyuyan atam, yanındakı anamdır, ey qəbir”! Anamın yanında sənə əmanət verdiyimiz Telman və Cavidan -Anamın nəvələridir. Bir az aralıda Sücayət və Fizuli uyuyurlar. Bunlar da, bacım oğlanlarıdır. Yanındakı qəbrlərdə böyük qardaşımız Zülfüqar ziyarətə gələnləri ağayana, şair baxışlarıyla süzür, yanında uyuyan, hamımızdan həlim xasiyyətli Abdin qardaşımızdır, ömür-gün yoldaşı ilə yanaşı dəfn edilib. Hər birinin boynumuzda haqqı var. Bir az aralıda hamı ilə dil tapa bilən, bəzən də siyasi manevrlərilə tanınan Şəfiqə bacım, sonra amiranə və hikkəli bacım Reyhan nakam balalarının yanında dəfn olunub. Hamımızdan kiçik Rəsmiyə bacım isə köçdüyü kənddə uyuyur. Boynumda həmişə haqqı olan, Kəbə evini ziyarət etmiş Hacı Ağaddin, nakam getmiş və zabitəli duruşu olan Səbuhi, Zülfüqar qardaşımın oğlu, xərçəngdən şəhid olan cavan Hüsaməddin isə Sumqayıtın Corat qəbristanlığında o dünyasını yaşayırlar, ey qəbir, agah ol!

Corat qəbristanlığı Xəzər dənizinin sahilində salınıb. Ləpələrin ritmik ahəngi hər an onların ruhunu oxşayır, ağrılarına məlhəm qoyur. Ey qara torpaqda qabaran qəbir! Səbuhi əmisi oğlu Hüsaməddin, anası və gəlinilə yan-yana dəfn olunublar. Allah xatirinə onlarla da xoş davran. Əzabınla onları sınama, sıxma… Onlara indi yalnız rəhmət düşür, Rəhmət! Onlar getdilər, sırada biz varıq…

 Torpaq da, sanki vəcdə gəlib  cavab verir: Mənə tapşırılanları yalnız əməllərinə görə sorğu-sual edirlər…Sonra qəbir də, mənə sanki təbəssüm edir:”Vətənə övlad bəxş edənləri torpaq sıxmaz ki,…” sakitcə cavab verir…

Atam və anam haqq dünyasına qovuşduqdan sonra qəbristanlığın tapdalanmış torpağı qabar olmuşdu. Bu qabarlar sonra övladlarının hər birinin qəlbində qübara dönüb. Valideyn qayğılarının dəfn olunduğu o yerləri hər dəfə ziyarət edərkən nəfəsimiz qırılır, bəzən də boğazda qəbz olur…

Atamdan nigaranlıq və xiffət, anamdan isə iffət, həya və mərdanəlik miras qaldı…Məzarlığı az-az ziyarət edəndə baş daşlarının da boynu bükük, yol gözləyən vaxtları olur …

Biri əlindəki bel ilə özünə qəbir qazmağa gedirmiş. “Ey Allahın qulu! Məzarı özünə yox, özünü məzara hazırla”-nəsihət etdilər.

Anam ömrünün son illərində ölümünə  “tədarük” görər, özünü bir qərib yolçu kimi aparardı.

Sabah axşama, axşam isə sabaha çıxa biləcəyinə güvənmək olmaz bala – deyərdi. Rəvayət edirlər ki, fəxri sahan peyğəmbərimiz yaxınlığında su ola-ola dəstəmazı təyəmmümlə alanda yanındakı: Ey Allahın Rəsulu yaxınlığında su ola-ola bu təyəmmüm niyə?

Mənə təminat verilmədi ki, bəlkə suya yetişmədən ruhum qəbz oldu (ola bilər)- cavabını vermişdi.

Daha sonra nəql edirlər ki, bir gün Peyğəmbərimiz (s.ə.s) əlinə üç çomaq alır. Birini önünə, ikincini yan tərəfinə batırır. Sonuncusunu isə bir az uzağa atır. Əshabına: Bununla nəyi anlatmaq istədiyimi anladınmı?

-Xeyir, ya Rəsulullah. Doğrusunu Allahın elçisi bilər – demişdi.

-Birinci önümdəki insan, yan tərəfimdəki əcəli, uzağa atdığım isə onun əməlləridir.  İnsan, ona çox uzaqda olan əməlinə yaxınlaşmaq istər, durmadan çalışar. Fəqət əcəli ona yaxın olduğu üçün, əməlinə yetişmədən onu canavar ovunu yaxalayan kimi yaxalayar.

Anam da, Atam da dünya malında gözləri olmayıb.

Tələbəlik illərinin qış gecələrinin birində atam Sumqayıtda böyük qardaşım Zülfüqarın evində idi. Ziyarətinə getdim. Pəncərənin önündə oturub iki yolun ortasında salınan,yarpaqları xəzələ çevrilmiş xiyabana baxırdı. Atam üçün şəhər mənzərəsi, insanların parkda istirahəti qəribə deyildi: Allah hər şeyi biz insanlar üçün yaradıb. Ondan adam balası kimi faydalanmaq lazımdır… Mən söhbətin yönünü dəyişdim. “Pulun varsa, mənə bir az pul ver”. Onu harda görsəm cıraram-dedi. Əvvəl başa düşmədim. İkinci dəfə yenə eyni sualı verəndə, eyni cavabı aldım. Sonralar anladım ki, atam dünya malına aludə deyilmiş. Pul ondan qaçırmış, əlinə düşərsə ondan qisas alacağı, “harda görsəm cıraram”- cavabı mənə çox şeyi anlatdı…

İmam Qazalidən oxumuşam ki, biri doğmasını ziyarət edir Qonağın cibinin qabardığını görən ev sahibi soruşur: Cibindəki nədir?

-Yolda dostlarımdan biri mənə bir misqal xurma yardım etdi. “Orucunu bununla açarsan” – dedi.

Ev sahibi:

-Demək sən axşama çıxa biləcəyini düşünürsən, buna əminsən, eləmi? O halda mən səninlə danışmağa halım yox -deyib, qapını ziyarətinə gələnin üzünə bağlayır.

 Hər yolcunun səfərində bir azuqəsi olur. Biz də axirət yolculuğu üçün Allah qorxusunu özümüzə azuqə seçək, bəlkə qurtulduq…

Hamısını Göstər

Related Articles

Back to top button
Close