Mənim həyat hekayətlərim (XII hissə)

Əvvəli

Aydın Məmmədov nadir mədəniyyət sahibi, əlləri təmiz, özəl maraqlara üstünlük verməyən, sui-istifadələrlə barışmayan, vətənini sevən, içdiyi anda sədaqət göstərən bir nazir idi. Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycanda, daha çox Bakıda Xalq Cəbhəsinin – “Azadlıq” hərəkatının kommunist quruluşuna etiraz aksiyaları başlamışdı. Digər tərəfdən Qarabağ ətrafında döyüşlərin dairəsi böyümüş, ermənilərə qarşı könüllü batalyonlar və digər könüllü hərbi birləşmələr müqavimət göstərirdi. Milli ordu formalaşmadığından  Azərbaycan polisinin növbəli şəkildə döyüşdə iştirakı planlı olaraq davam edirdi. Azərbaycan polisinin səlnaməsində Vətən savaşında qəhrəmanlıq, cəsarət, igidlik və şücaət göstərən polis əməkdaşları qırmızı xətlə yad edilir. Şəhidlərimiz və qazilərimiz var…

Mənə də, birinci vətən müharibəsində iştirak etmək nəsib oldu. 1992-ci ilin may ayının 12-də Daxili İşlər Nazirinin əmri ilə mən, 50 nəfərdən ibarət polis əməkdaşına komandir təyin olundum. Elə həmin gün də, Zabrat qəsəbəsinin vertolyot limanından qalxıb 40-50 dəqiqədən sonra Qubadlı rayonunun çay sahilinə endik. Xatirələrimin əvvəlində bu barədə qeydlərim olduğundan fikirlərimi təkrarlamaq istəməzdim. Xidməti səfərimizin-vətən uğrunda savaşın 15-ci günü Laçın rayonunun Şuşaya gedən dağ yolun Turşsu istiqamətində yerləşən milli ordunun toplaşdığı qərargaha gəldik. Komandirləri ilə qısa söhbətdən sonra məlum oldu ki, ordunun bizi hərbi arsenalla təmin etmək imkanları məhduddur. Komandir (adını çəkmək istəməzdim) sərt şəkildə: “Başınıza özünüz çarə qılın. Sizə veriləsi heç nəyimiz yoxdur. Amma hər biriniz vətənin taleyinə cavabdehsiniz”- dedi. Mən isə bir az da, sərt danışdım.

-Siz, danışdığınızın heç fərqindəsinizmi? Biz, 50 nəfər polis əməkdaşları cinayətkarlıqla mübarizənin taktikasını,  üsul və vasitələrini çox yaxşı bilirik. Bizim müharibədə döyüş təcrübəmiz yoxdur. Zabrat qəsəbəsindən vertolyotla paytaxtı tərk edən zaman sizə verdiyimiz sualı orda da verdik: Bizə silah-sursat verin! Cavabları belə oldu ki, orda sizi tam təchiz edəcəklər. Siz isə inkar edirsiniz. Zəhmət olmazsa Bakı ilə əlaqə saxlayın və bu barədə yuxarılara da məlumat verin. Görək hansı qərarı qəbul edəcəklər. Sonrasına baxarıq. Cənab polkovnik, sizin münasibətiniz anlaşılan deyil. Qənaətinizə görə indiki məhdud imkanlarımızla biz düşmənlə döyüşməliyik, eləmi?

-Bəli, siz döyüşməyə ezam olunmusunuz!

-Razıyam. Döyüş güləş döşəyi üzərində olacaq, yoxsa boks rinqində?

-Bu nə danışıqdır?

-Axı, müharibə müxtəlif çaplı silahlarla başlayır, sonra ağır artilleriya işə düşür… Siz ki, bunları məndən yaxşı bilirsiniz. Bizi Laçına ermənilər üçün canlı mişen göndərməyiblər. Əgər siz, mərkəzlə əlaqə saxlamaq niyyətindən vaz keçsəniz mən, öz rəhbərliyimə bu barədə məlumat verəcəyəm-deyib qərargahı tərk etdim…

May ayının 8-də Şuşa artıq işğal edilmişdi. Düşmən qüvvələri Zarıslıda Turşsu istiqamətində pusquda durmuşdu. Əldə olunan kəşfiyyat məlumatlarına əsasən onların 4-dən çox tankları və digər ağır artilleriyası döyüş komandasına hazır vəziyyətdə durmuşdular. Milli ordumuza məxsus, əyani şəkildə gördüyümüz isə hərəkət zənciri qırılmış bir tank və akkumlyatoru gücdən düşmüş bir BTR var idi. Döyüşçülərin sayı isə 50 nəfərə yaxın olardı. Düşüncələrə qapılmışdım…

Gördüklərim simvolik bir məna kəsb edirdi…

Döyüş həvəsi və vətənpərvərlik ruhu güclü olsa da, güclü artilleriya və güclü hərbi komandirlərimizi barmaqla saymaq olardı. Başqa çarəmiz qalmamışdı. Kimə nə deyəcəyimi bilmirdim. Ölkədə hakimiyyət dəyişikliyi baş vermiş, Respublika Daxili işlər nazirliyinin də rəhbərliyi yenilənmişdi. Ona görə də, imkanlarımız daxilində hərbi sursatlar əldə edib vətən qarşısında olan borcumuzu itkisiz yerinə yetirməyə çalışırdıq. Laçında ikən dağın o tayından (doğrusu ermənilərin hardan hucum edə biləcək istiqamət barədə də, bizə hər hansı bir məlumat verilmirdi. Bunu da öz bacarığımızın daxilində öyrənə bildik.) Dolu yağmuruna tuş gəldik. 10-15 dəqiqə ərzində 5 nəfər ağır qəlpə yaraları aldı. Yanımızda Laçın polisinin də iki əməkdaşı varıydı. Birdən yanımızda olan polis əməkdaşının daşıdığı xidməti elektron məlumat qəbuledicidən bizi Dolu qəlpələrilə vahiməyə salan ermənilərin müraciəti səsləndi: “Ara obedennıy pererıv. Eşıtdız? Volodyadı danışan. Çörək yeyək, sonra” …

           Həyat çox zaman gördüklərimdən ibarət deyilmiş…

 Təsvir edə bilmədiyim sıxıntılara tuş gəlmişdim. “Bu necə döyüşdür, İlahi?          Döyüş razılaşdırılır və düşmən tərəf fasilə elan edir. Bu, “alicənablıqdırmı?” Qanımıza susamış vələdəzinalarin bizi vahiməyə salmaları bəs deyil, hələ bir fasilə üçün bizdən aman da istəyirlər…  “Vəziyyətin tam nəzarətdən çıxması qənaətində idim. Başqa cür düşünməyə əsas görmürdüm. Və bir də, ağlım məni belə düşünməyə vadar edirdi: “Biz güclüyük, güclü iradəyə malikik. Döyüş ruhumuz da yüksəkdir. Cəsarət, qəhrəmanlıq nümayiş etdirməyə bacarığımız yetərincədir. Onda bəs, torpaqlar necə işğal olunmuşdu? -sualına, niyələrə cavabları ürəyimdə saxladım… Həyat çox zaman gördüklərimdən ibarət deyilmiş…”

Vətən savaşı ilə bağlı xidməti ezamiyyətin son və ağır günlərini yaşayırdıq. Laçın polisindən məlumat daxil oldu ki, mən, ləngimədən Mərkəzə, Nazirlə görüşə qayıtmalıyam. 15 gün ərzində bir-birimizə çox bağlanıb doğmalaşmışdıq. Yuxusuz gecələrimiz və ac günlərimizi bir yerdə keçirərdik. Məcburi ayrılmaq vədi gələndə kövrəldim. Kollektivi tək qoymaq istəmirdim. Bu barədə Nazirə məlumat çatdırılsa da, “Təcili gəlsin!”-demişdi. Komandanlığı qısa müddətə dəfələrlə döyüş bölgəsində olmuş,polis şöbəsinin rota komandiri Miri Cəfərova həvalə etdim.Miri cəsarətli və riskli polis zabiti idi.Kollektiv razılaşdı və halallaşıb ayrılarkən: “Tanrı  İnşəallah sizi qoruyacaq. Savaşımız haqdır. Bakıda görüşənədək” ..50 dəqiqədən sonra vertolyot Badamdar qəsəbəsinin “Qurd Qapısı” deyilən meydana endi. Döyüşdə olduğum geyimdə DİN-ə yollandım. Evə gedib paltarımı dəyişməyə lüzum görmədim. “Təcili gəlsin” tapşırığından sonra səliqə-sahmana ehtiyac qalmırdı…

Yorğun addımlarla ikinci mərtəbəyə qalxdım. Qəbul otağında, əvvəlki-işlədiyim dövrlərdəki etiketlərdən əsər-əlamət qalmamışdı. Qapını döyüb içəri bir neçə addım atıb zabitəli ərkanla məruzə etdim.

Nazir: Yaxşı, yaxın gəl əyləş. Görürəm, yaman yorğunsan.

-Təbii. Döyüşdən gəlirəm, Bəy! Sonra gördüklərimi, fikir və təkliflərimi lakonik tərzdə ona məruzə etdim. Əlavə heç nə soruşmadan siqaret yandırıb mövzunu dəyişdi.

-Uzun vaxtdır Sən Binəqədidə bölmə rəisi, şöbə rəisinin, daha sonra idarə rəisinin müavini vəzifələrində çalışmısan. Açığı, bir-birimizi də çoxdan tanıyırıq. Necə işlədiyini də bilirəm. Dəfələrlə çörək kəsmişik. Ora, rəis vəzifəsinə səndən başqa ikinci, həqiqi və real, əməliyyat şəraitini nəzarətdə saxlaya bilən  namizəd yoxdur. Mənə bir neçə şəxsi iş məruzə etdilər. Səni soruşdum. Cavab verdilər ki, döyüşdədir. Bilirsən onlara nə dedim?

-Təsəvvür edirəm, Bəy!

-…Dedim ki, heç xəcalət çəkmirsiz? Döyüşdə olanın şəxsi işini niyə mənə məruzə etmirsiz? Gedin, bu kişinin, vətən uğrunda döyüşənin əmrini hazırlayıb gətirin.Özünə də çatdırın ki, təcili qayıtsın Bakıya. Sabah da şəxsi heyyətə təqdim edin.

-Çox sağ olun Bəy! Çalışıb etimadınızı doğruldacağam!

-Get istirahətini elə, sabah işdə olduğun haqda  mənə məruzə edərsən. Əmri artıq elan etmişəm. Hamı səni tanıyır, təqdimata hər hansı bir ehtiyac duymuram…

-Oldu cənab Nazir! İcazə verin gedim…

Mən evə gələndə saat 21 radələrində irəliləyirdi. Xoş hal-əhvaldan sonra üzümü təraş edib, çoxdan dadmadığım ev xörəklərindən yüngül həddə yeyib kənara çəkildim. Sonra bir-neçə stəkan limonlu çay içdikcə susuzluğumu “söndürüb” özümə gəldim…             

Saat 8:30-da Polis Şöbəsinə daxil oldum. Təyinatımla bağlı növbətçi hissənin də xəbəri varıydı. Polis mayoru Oruc Novruzov dərhal: “İdarə Fərəqət”-komandasını verdi, mən isə: “Azad”-komandasını səsləndirdim. Hər şey aydın idi. Beləcə işimə başladım…         

Ölkə 1991-ci ildən sonra yeni dövrə keçid etdiyindən vəziyyət stabil deyildi. Ərazi bütövlüyü uğrunda gedən döyüşlər, iqtidar qovğaları, demokratik islahatların həyata keçirilməsinə yaradılan süni əngəllər və kriminogen durumun nəzarətdən çıxa biləcəyini nəzərə alıb, qabaqlayıcı tədbirlər görmək məqsədilə ölkədə  Fövqaladə vəziyyət elan olundu. Bakı şəhəri üzrə rayon polis idarələrinin rəisləri Prezidentin sərəncamı əsasında paralel olaraq hərbi komendant vəzifəsini də icra etməyə başladılar. Rayonun hərbi komendantı bütün icra funksiyalarını həyata keçirməklə, ərazidə fəaliyyət göstərən müəssisələrin ritmik iş üslubuna nəzarət etməli, sui-istifadələrə imkan verməməli,qadağaları pozan şəxslərə qarşı 30 sutkalıq həbs verə və ya, xəbərdarlıq, yaxud da, cərimələr tətbiq edə bilərdi. Hərbi komendantın qərarı imzalanan andan qüvvəyə minir, ondan şikayət vermək olmazdı. 250-minə yaxın əhalisi olan rayona demək olar ki, bütün rəhbərliyi polis rəisi-hərbi komendant həyata keçirərdi. Bu, çoxminli şəxsi heyyəti olan polisə böyük etimadın və etibarın təcəssümü idi.

Hər gün iş saatımı polis idarəsinin iclas zalında komendat-qadağa saatını pozan şəxslərin xətalarına əyani şəkildə baxılmasından başlayardım. Tərtib olunan protokolları çevik nəzərdən keçirdib, əməlin dərəcəsinə əmin olmaq üçün qadağaları pozan şəxslə söhbətdən sonra ya, tərtib olunan protokol dəyişilərdi, ya da qüvvədə qalardı. Məsələ obyektiv və ədalətlə həllini tapar, başqa maraqlara şübhə yeri qalmazdı. Amma həmin dövrdə Daxili işlər naziri olmuş İskəndər Həmidov xarakterinə görə vətənə və torpağa bağlı polis məmuru idi. Polisin nüfuzunu qoruyar, polis əməkdaşlarının fəaliyyət istiqamətlərinin məsuliyyətlə icrasına ciddi nəzarət edərdi. Polisdə xidməti stajı da az deyildi, peşəkar idi. Polis xidməti üçün əhəmiyyət kəsb edən məxfi şəbəkə ilə işləmək bacarığı da diqqətdən yayınmırdı. Ona görə də, ölkədə baş verən və gözlənilən hadisələrlə bağlı çox məlumatlı idi…

Amma çox işləmədi. Prezidentdən istefasının qəbul edilməsini israr etdiyindən xahişi təmin olunmuşdu. İ.Həmidovdan R.Usubovun nazir vəzifəsinə təyin olunmasına- 1993-1994-cü ilə qədər 5 nazir dəyişilmişdi. Ən uğursuz nazir Vaqif Novruzov oldu. Təkəbbürlü nazirin dövlətin cinayətkarlıqla mübarizə siyasətinin normal məcraya yönəlməsi üçün bacarıq və qabiliyyəti kifayət etmirdi. Demək olar ki, DİN tarixində yüksək rütbəli zabitlərin əsassız vəzifələrindən azad edilməsi ilə bağlı Prezidentə və dövlət orqanlarının rəhbərlərinə kollektiv, ardıcıl müraciəti ancaq V.Novruzovun nazir işlədiyi vaxta təsadüf etdi. Nəticəsinin də hansı sonluqla bitməsi hamıya bəllidir. Mərhum Prezident Heydər Əliyevin yanındakı müşavirədə heç bir nazirin baxtına düşməyən biabırçılıqla, general rütbəsi verilmədən vəzifəsindən azad edilmişdi. Həmin andan da, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Ramil Usubov Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edildi. Mənə ötürülən məlumata görə Prezidentin yanındakı müşavirədə vəzifəsindən uzaqlaşdırılan V.Novruzov bir il oturduğu kabinetinə sonuncu dəfə gəlir. Birbaşa telefonla sonuncu dəfə Heydər Əliyevlə danışır,  həyat pillələri siyasi və diplomatik maya ilə yoğrulan həmişəyaşar  Prezidentdən: “Heydər Əliyeviç mənə heç olmasa üç otaqlı mənzil verin”- xahişini etdikdə, böyük Heydər Əliyev: “Heç utanmırsan, sən uzun illər polisdə müxtəlif vəzifələrdə çalışmısan, nazir işləmisən, amma  evin yoxdur?”-deyib telefon qapanır…

Ramil Usubovun kollektivə təqdimatından sonra, yeni Nazir, şəxsi heyəti yaxşı tanıdığından fəaliyyətində yenilik etməyə tələsmədi. Karyerası Dağlıq Qarabağ Muxtar Vilayətinin polis idarəsinin rəis müavini vəzifəsindən başlayan Ramil müəllim ölkədə cinayətkarlıqla mübarizə aparan böyük bir kollektivin təcrübəli, peşəkar, təşkilatçılığı, bacarıq və qabiliyyəti olan polis məmurlarını da yaxşı tanıdığından qısa vaxt ərzində DİO-da islahatlar səmərəsini verdi. Mən  V.Novruzovun vaxtında Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsindən heç bir yoxlama, fəaliyyətim təftiş olunmadan əsassız əmrlə azad edilmişdim. Səbəbini soruşduqda barmağını kabinetində asılmış Heydər Əliyevin potretinə uzadaraq, “Tapşırıq onundur”-dedi. Həmin dövrdə Bakı rayon polis idarələrinin rəisləri Prezidentin Sərəncamı ilə həm də, rayonun hərbi komendantı təyin edilmişdilər. De yure mən prezidentin sərəncamı ilə, əvvəl hərbi komendant vəzifəsindən azad olunmalı, sonra isə vəzifədə qalıb-qalmamaq məsələsi kollegiyanın səlahiyyətinə aid edilirdi. Digər tərəfdən, mən Bakı şəhər sovetinin həm də deputatı idim. Burda da hüquqi prosedurlar kobud şəkildə pozulmuşdu. Bu əsaslarla Həmin vaxt Respublika Baş prokuroru Əli Ömərov mənim Binəqədi rayon polis idarəsinin rəisi vəzifəsinə bərpa olunmağım barədə DİN-ə təqdimat göndərsə də, Novruzov icradan imtina etmişdi. Belə təkbaşçılıq idarəetmə V.Novruzova baha başa gəldi. Baş prokurorluqda onun sui-istifadələri barədə cinayət təqibinə başlanılmışdı… Baş prokurorluğun baş müstəntiqi Allahverdi Vəliyev kabinetində bizi üzləşdirərkən də sabiq nazirin iç üzü şəffaf görünürdü…

Ramil Usubov nazir işlədiyi iki həftədən sonra məni qəbul edib müvəqqəti olaraq Abşeron rayon polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsini təklif etdi və razılaşdım. Binəqədi rayonuna rəis yeni təyin olunduğundan, onun belə tez yerinin dəyişdirilməsi haqda əmr imzalamaq əməliyyat şəraitinə təsir edə bilərdi. Ona görə bir-birimizi anladıq. Əvvəlki işimə qayıtmağa İsrar etmədim. Şövqlə Abşeronda yeni işimə başladım. Binəqədi rayonunda işlərkən Abşeronun ərazisi mənə tanış idi, əməliyyat şəraitindən məlumatım varıydı, mənə rəğbət bəsləyən insanları tanıyırdım. Ona görə də qısa vaxt ərzində ərazini polisin gücü ilə qapaya-əhatəyə ala bildik.

Şənbə günü Nardaran bağlar massivində baş verən qəfil bir olay Bakını bürüdü. Abşeron polis şöbəsinin rəisi bağında avtomat güllələrindən atəşə tutulmuşdu. Təsadüfdən hadisə yerində götürülən 30 dan çox güllədən 7-si bədənini dəlib deşmişdi, amma xoşbəxtlikdən sağ qalmışdı. Nazirin əmri ilə həmin vaxtdan iki il mən rəis vəzifəsini həyata keçirməli oldum…

Heç vaxt unuda bilmədiyim bir həyat hekayətimi burada qeyd etməyi lazım bildim. 1994-cü ilin sentyabr ayının son günlərində DİN-nin rəhbərliyindən mənə bir mühüm tapşırığın icrası həvalə olunmuşdu. Həmin aylarda Xüsusi Təyinatlı Polis Dəstəsinin bəzi üzvlərinin sui-istifadələri ilə bağlı prosesual təqiblərə başlanılmış, bir neçəsi, başda komandirləri olmaqla həbs olunmuşdular. Mənə verilən mühüm tapşırığın icrası da Xırdalan qəsəbəsində yaşayan XTPD-nin bir üzvünün yaxalanmasından ibarət idi. Təxirə salınmadan əməliyyat tədbirinin keçirilməsi “ xəritəsi” yanımda müzakirə edildi və hərəkətə başladıq. Məlum oldu ki, əməliyyat marağı kəsb edən həmin şəxsin bu gün toyudur. (adını yazmaq istəməzdim) Çıxış yolu tapa bilmədiyimiz bir adada azıb qalmışdıq. “Tədbirin toydan sonraya saxlanılmasını DİN rəhbərliyi ilə razılaşdırmaq qərara alındı.” Nazirliklə telefon əlaqəsi saxladım, verilən tapşırığın iki gün təxirə salınmasını təklif və xahiş etdim:”…Bu gün o, OMONçunun toy şənliyidir. Təklifimiz belədir ki, tədbirə iki gün ara verək. Əməliyyat-axtarış qrupu iki gün onların yaşadığı binanı heç kimin sezə bilmədiyi tərzdə mühafizə edəcək. Və 3-cü günü OMONçu tərəfimizdən  “zərərsizləşdiriləcək.” Amma təklifimiz qəbul olunmadı.

-Belə çıxır ki, dövlətçiliyi qorumaq ancaq bizim borcumuzdur, sizə bir aidiyyəti yoxdur. Özünüz bilərsiz. Məsləhət deyilsə təxirə salın. Telefon qapandı…

Hər şey aydın idi. Əməliyyata start verdim. Daxil olan məlumata görə saat 16:00-da “Səadət” sarayında təntənəli nikah mərasiminə qatılacaqdılar. Yaşadıqları ünvandan “Səadət” sarayına qədər nikah karvanı bizim əməliyyat müşahidəmiz altında olacaqdı. Nikahdan sonra geri qayıdarkən Xırdalan DYP postunda Bəy maşını saxlanılmalı və o, maşından düşürdülüb, hərəkətin əks-şəhər istiqamətilə Bakı şəhər Baş Polis İdarəsinə aparılıb təhvil veriləcəkdi. Tədbirə özüm rəhbərlik edirdim. Səadət sarayında bizi “Bəylə Gəlin” dəstəsində görəndə çaşqınlıq yaranmışdı. Amma başqa yolumuz yoxuydu. Söhbət “OMONçulardan “getdiyindən tapşırıq icra olunmalıydı. Zərurət olardısa Bəyi elə burdan da aparacaqdıq. İşarə verdim ki,  geri qayıtmağa imkan verək. Yalnız DYP postunda mənim komandamla yol bağlanır və heç bir panika olmadan bəy maşından düşürdülüb birlikdə geri qayıdırıq. Toy şənliyi Xırdalan qəsəbəsində olan şadlıq saraylarının birində təyin olunmuşdu. Tədbirimiz “uğurla” baş tutdu…

Məni düşündürən başqa bir hal idi. OMONçunun- Bəyin ətrafa heç bir reaksiyası olmadı. “Bu, heç təhlükəli OMONçuya əsla oxşamır”-özümə toxtaqlıq verirdim. Nikah karvanı posta yaxınlaşmamış “postu bağlayın” komandasını verdim. Bir göz qırpımında, heç kimə güc tətbiq etmədən Bəyi gəlinin yanından təcrid edib əməliyyat maşını ilə Bakı şəhər Baş Polis İdarəsinə apardıq. Bəyi götürməklə də, yolun dərhal açılması təmin edildi. Hərəkətin donmasına və ətrafın diqqəti cəlb etməsinə imkan yaranmadı…

Doğrusu yaman narahat idim. Əslində mənim narahatlığım toy sahibinin-hər iki tərəfin valideyn arzularının bir anın içində pərən-pərən olması ilə bağlı idi. “Hələ bu harasıdır?! Allah o valideynlərin qarğışından bizi saxlasın. Axı, bir Allah şahiddir ki, mən verilən tapşırığı yerinə yetirirəm.” Özümə təsəlli verirdim. Kabinetimdəki kresloda  bu düşüncələrlə xəyala dalmışdım. Birdən polis növbətçisi: “Rəis, nazirlikdəndir, telefonu götürün”. Dəstəyi qaldırdım. Baş Cinayət-Axtarış İdarəsindən idi. “Rəis, OMONçu azaddır. Əməliyyatçıları göndərin aparsınlar, toylarına başlasınlar. Toydan sonra sorğu-suala tutarıq”-dedi.

-”Ay qardaş, mən də bunu təklif etmişdim! Saat bilirsiz neçədir? 20:00-u ötür artıq. Bəy isə gəlinin yanına indi gedir.”

-Rəis, nə edə bilərik? Biz də, sizin kimi əmrə tabeyik…

Hamısını Göstər

Related Articles

Back to top button
Close