Məktəbdəki görüntülərlə bağlı açıqlama
Bakıda müəllimin şagirdlərə şiddət göstərməsi əks olunan görüntü yayılıb. Görüntülərin hansı təhsil ocağına aid olduğu məlum olub.
Polise.az Oxu.az-a istinadla xəbər verir ki, dərs zamanı şagirdlərə nəzarəti tamamilə itirən, nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət tətbiq edən orta yaşlı müəllim 59 nömrəli tam orta məktəbdə dərs deyir.
Məktəbdən bildirilib ki, 19.01.2023-cü il tarixində 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi tərəfindən VI sinif şagirdlərinə qarşı uyğunsuz davranış ilə bağlı məktəb rəhbərliyi tərəfindən müəllimlə müvafiq söhbət aparılıb:
“Müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını, bu səbəbdən məlum vəziyyətin yarandığını nəzərə çatdırıb. Həmçinin belə halların təkrarlanmayacağını, şagirdlərini sevdiyini, mövzuları izah etmək üçün ancaq tədris prosesinə uyğun üsullardan istifadə edəcəyini bildirib”.
“Həmin gün valideynlərlə əlaqə saxlanılıb, onlar görüş üçün məktəbə dəvət olunublar. Şagirdlərin məqsədyönlü şəkildə şıltaqlıq edərək dərs prosesini pozması, müvafiq görüntüləri ictimailəşdirərək müəllim nüfuzuna xələl gətirən müzakirələrə səbəb olması onların valideynləri tərəfindən də qətiyyətlə qınanır, məsələnin məktəbdaxili müzakirələr çərçivəsində aydınlaşdırılmasını dəstəklədiklərini bildirirlər”, – deyə qeyd edilib.
Bakı Şəhər Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 59 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə qarşı şiddət göstərməsi ilə bağlı yayılan videogörüntü ilə əlaqədar məktəbdaxili araşdırmanın aparılmasına dair tapşırıq verilib:
“Məktəbin və müəllimin nüfuzuna xələl gətirən, tədris prosesinə uyğun olmayan bu kimi hallar yolverilməzdir. Ümumi təhsil məktəblərində müəllim-şagird münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi önəm verilir, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi, müəllim nüfuzunun qorunması əsas amil kimi diqqət mərkəzində saxlanılır. Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin qorunması, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması, uşaqların psixoloji dayanıqlılığının artırılması, müəllim-şagird və məktəb-valideyn münasibətlərinin tənzimlənməsi təhsil müəssisələri rəhbərlərinin qarşısında duran əsas vəzifələrdəndir”.