Məmmədov Piriyev üçün niyə canfəşanlıq edirdi?
Qurban Məmmədova məxsus əmlakların siyahısının mediada yayılması maraqlı bir mənzərə yaradıb: xaricdə Yutub kanalları vasitəsilə Azərbaycan hakimiyyətini ən sərt formada korrupsiya və rüşvətxorluqda, yarıtmazlıqda ittiham edən şəxsin özünün bu qədər əmlaka hansı yollarla sahiblənməsi və indiyədək bunu ictimaiyyətdən gizlədərək şəffaflıqdan dəm vurması kifayət qədər ilgincdir. Reallıq odur ki, xaricdə oturub ölkənin dəyərlər sisteminə hücum edən bu “söyüşcül ünsürlər”in hansını “tərpətsən”, eyni vəziyyət ortaya çıxacaq.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.
O bildirib ki, bu şəxslərə “bəy babalarından” varidat miras qalmadığı hamıya bəllidir:
“O halda DTX əməliyyatçıları tərəfindən kabinetindən və evindən külli miqdarda dollar-avro bağlamaları çıxan məmurlarla Qurban Məmmədovun və onunkimilərin fərqi nədir? Onların mənəvi haqqı çatırmı kimisə ittiham etməyə?
Məncə, radikal müxalifətçilik iddiasında olanların hər biri ilə bağlı belə araşdırma aparılmalı və onlara məxsus əmlakların mənbəyi aydınlaşdırılmalıdır. Yəni həqiqətən də düzlükdən, haqdan-ədalətdən danışırlarsa, gəlir bəyannaməsi təqdim etsinlər, bütün əmlaklarını və onların mənbəyini ortaya qoysunlar. Aydın məsələdir ki, Qurban Məmmədov iş adamı, biznesmen deyil, əksinə müxalif partiyanın – ADP-nin həmsədri olub. Həbsxanaya düşüb. O halda bu əmlakları almaq üçün külli miqdarda vəsaiti necə əldə edib, qazancı haradan və necə formalaşıb? Reallıq odur ki, radikal müxalifət adı altında bu adamlar əslində iqtidarda yüksək vəzifə tutan şəxslərlə – konkret olaraq – PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə və PA-nın sabiq ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla iş birliyində olub və hansısa fəaliyyətin müqabilində bu əmlakları əldə edib. Söhbət də o “fəaliyyət”dən gedir. Nə edib ki, belə mükafatlandırılıb? Xaricə niyə, hansı təlimatlarla gedib? Ölkəmizi niyə öz sosial şəbəkə çıxışlarında bu qədər sərt şəkildə vurub, görülən işləri gözdən salıb, xalqı aldadıb, ölkənin simvollarını – xüsusən Prezidenti və Birinci xanımı təhqir edib? Pandemiya dövründə ölkə rəhbərliyinin bunca fədakarlıqları niyə tənqid və təhqir mövzusu olub? Bu qədər əmlakı-varidatı olan Qurban Məmmədov həqiqətən vətənpərvər və millət dərdi çəkəndirsə, niyə bir yetimə, imkansıza əl tutmayıb, dəstək olmayıb? Və ən başlıcası, demək ki, həm də əmlaklarının “toxunulmaz” qalacağına əmin olub. Baxın, Qurban Məmmədovun əmlak siyahısı 1 il əvvəl Real TV-də və bəzi internet saytlarında yayımlanıb. Amma araşdırma aparmaq ya heç bir aidiyyəti qurumun yadına düşməyib, ya da bunun qarşısını kimlərsə alıb”.
Aynur Camalqızı daha ciddi bir məqama da diqqət çəkib:
“Bir müddət əvvəl, daha doğrusu ötən ilin dekabr ayında Fransada “söyüş maşını”nın aparıcı vintciklərindən olan Rafael Piriyev həbs edildi və onun Azərbaycana deportasiya edilməsinə qərar verildi. Bu xəbər yayılandan dərhal sonra Qurban Məmmədov Lüksemburqdan Parisə gedərək, Piriyevin deport olunmaması üçün hər imkandan istifadə etməyə girişdi. Özü deyirdi ki, guya R.Piriyev Azərbaycana deport olunsa, onu ölüm gözləyir və buna Fransa hüquq-mühafizə orqanlarını da inandırmağa çalışırdı. Ancaq həqiqət budur ki, R.Piriyevin Azərbaycana deport olunacağı halda onlara söyüş təlimatı və maliyyə verənin kimliyini açıqlayacağı gündəmə gəlmişdi, niyə bu söyüşlərin ölkənin simvolu olan Prezidenti və ləyaqət rəmzi sayılan Mehriban xanıma qarşı aparıldığı, bunu kimin sifariş etdiyi üzə çıxacaqdı. Ona görə də Q.Məmmədov elə həyəcana düşmüş və yaxud hamilərini qorumaq üçün dərhal hərəkətə keçmişdi. Bu barədə yayılan məlumatlar yəqin ki, hamının xatirindədir. İndi açılan faktlar isə bu informasiyalara bir az da aydınlıq gətirir.
Hər bir halda hüquq-mühafizə və xüsusi xidmət orqanları üçün ciddi araşdırma mövzusu artıq ortadadır”.