Meymunçiçəyinin Azərbaycana gəlməsi qaçılmazdır – təhlükədən  qorunmaq yolları

Vaqif Qarayev: “Valideynlərdə təşviş yaratmaq istəməzdim, lakin…”

Dünyanı yeni təşvişə salmağa    başlayan  meymunçiçəyi artıq uşaqlarda da aşkar olunur. Belə ki, Niderlandda ilk dəfə uşaqda meymunçiçəyinə yoluxma halı qeydə alınıb. Ölkənin Milli Səhiyyə İnstitutunun məlumata görə, bu günə qədər Niderlandda 352 nəfərdə meymunçiçəyi tapılıb.

Uşağın bu xəstəliyə necə yoluxduğu məlum deyil. Çünki bundan əvvəlki rəylərə görə bu xəstəliyə adətən böyüklərdə və daha çox cinsi azlıqlarda rast gəlinir. Bəs bu fakt təhlükənin dərəcəsini müəyyən edirmi? Uşaqları və özümüzü necə qoruyaq? Meymunçiçəyi Azərbaycanı hansı dərəcədə təhdid edir?

Mövzu ilə bağlı pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışıb:

“Koronavirus başlayanda da qeyri-müəyyən yoluxma yolları haqda versiyalar irəli sürülürdü, insanlarda böyük qorxu var idi. Çünki öyrənilməmiş xəstəlik idi. Amma aylar keçdikcə xəstəliyin yoluxma yolları aşkarlanmağa başladı. Şükür ki, artıq koronavirusu geridə qoyduq. İndi isə meymunçiçəyi insanları təşvişə salmağa başlayıb. Xəstəlik ilk qeydiyyata alındığı vaxtlarda ÜST deyirdi ki, bu xəstəlik yalnız cinsi azlıqlarda  olur, kütləvi  baş verməyəcək. Lakin sonra belə çıxdı ki, koronavirusdan fərqli olaraq meymunçiçəyi hava-damcı yolu ilə yayılmır, yalnız uzun müddətli fiziki ünsiyyətdə olanda yayılır. Yəni cinsi azlıq olmayanda belə, meymunçiçəyinə yoluxmuş hansısa insanla uzun-müddətli bir yerdə yaşayanda, yaxın ünsiyyətdə olanda yoluxma baş verə bilər. Ümumiyyətlə, meymunçiçəyi epidemiyası Avropa ölkələrində olmayıb. Doğrudur, haradasa müəyyən faktlar olub, amma ciddi epidemioloji təhlükə yarada biləcək vəziyyət yoxdur. Əslində heç indi də yoxdur. Baxırıq ki, hansısa ölkələrdə müəyyən sayılı xəstə var.

VAQİF QARAYEV,

 Vaqif Qarayev 

Xatırladım ki, meymunçiçəyi və suçiçəyi xəstəliyi təxminən eyni viruslar tərəfindən törədilir, yalnız DNT quruluşuna görə fərqlənir. Belə ki, meymunçiçəyinin DNT quruluşu bir qədər fərqlidir. Məsələn, səpkilər suçiçəyi xəstəliyində də görürük, lakin suçiçəyindən ağırlaşmalar çox nadir hallarda olur, o da müdaxilə olmayan zaman. Fərqlilik limfa vəziləri ilə bağlıdır. Belə ki, suçiçəyində limfa vəziləri böyümür, amma meymunçiçəyində bu baş verir. Yəni xəstəliyin ilk gedişatında suçiçəyinə bənzəsə də, sonrada limfa vəziləri böyüyəndə məlum olur ki, meymunçiçəyidir. İkinci bir tərəfdən, meymunçiçəyinin testi var. Məlum olduğu kimi, artıq bu testlərdən Azərbaycana da gətirilib. Düşünürəm ki, qeyri-müəyyənlikdə qalmaqdansa, testi verirsən və artıq bilirsən ki, səndə meymunçiçəyi var, ya yox…”

Həkim qeyd edib ki, vaxtilə “təbii çiçək” xəstəliyinə qarşı peyvənd olunmuş şəxslər üçün meymunçiçəyinin təhlükəsi yoxdur: “Ötən əsrin 80-ci illərinə qədər insanlara təbii çiçək peyvəndi vurulurdu. Qeyd etdiyim kimi, təbii çiçək, suçiçəyi,   meymunçiçəyi   eyni  qəbildən olan xəstəliklərdir. Təbii çiçək zamanında yüz minlərlə insanın ölümünə səbəb olan epidemioloji virus olub. Sonradan peyvəndin hesabına bütün dünya  bu xəstəliyə qalib gələ bildi, o cümlədən Azərbaycan. Xəstəlik tamam itəndən sonra artıq həmin peyvənd də ləğv edildi. İndi həmin  peyvəndi alan insanlar üçün meymunçiçəyi xəstəliyinin təhlükəsi yoxdur. Amma həmin peyvəndi axı gənclər, uşaqlar almayıb. Ona görə də xüsusən də uşaqlar üçün təhlükəlidir, çünki qoruyucusu yoxdur.

Lakin valideynlərdə təşviş yaratmaq istəməzdim. Hamımız bilirik ki, bu xəstəlikdən ölən olmayıb. Bütün epidemiyaların ən ciddi göstəricisi ölümdür. Ölüm varsa, deməli təhlükə mənbəyidir. Həmçinin əgər yoluxuculuq qabiliyyəti yüksəkdirsə. Meymunçiçəyində də ölüm yoxdur, ona görə də onu təhlükəli epidemiya kimi qələmə verməməliyik. Lakin qeyd etdiyim kimi, ümumi qaydalara əməl etməliyik. Yayda xüsusən uşaqlarda allergik səpkilər çoxalır. Bu səpkilər tərdən də ola bilir. Həmçinin dənizə gedəndə orada infeksiyaya da yoluxmaq ehtimalı olur. Ona görə də tövsiyə olunur ki, dəridə hansısa səpki elementi görünəndə həkimə müraciət olunsun. Ümumilikdə isə gigiyenik qaydalara əməl etmək lazımdır. Birinci növbədə əlləri mütəmadi yumaq, xüsusən də bu məsələdə uşaqlara nəzarət etmək lazımdır”.

“Meymunçiçəyi Azərbaycanı hansı dərəcədə təhdid edir” sualımıza cavab olaraq Vaqif Qarayev bildirdi ki, sərhədlərimizdə, o cümlədən Gürcüstanda və Türkiyədə bu xəstəliyin tapılması ölkəmiz üçün də qaçılmaz olacaq.

Qeyd edək ki, artıq ölkəmizə meymunçiçəyi testləri gətirilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

“Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib. Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlinməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq”.

Xatırladaq ki, ötən həftə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi virusunun diaqnostikası və müalicəsi üzrə hazırladığı klinik protokolda xəstəliyin ağır gedişatına görə risk faktorlarını müəyyən edib. Bununla bağlı məlumatda bildirilir ki,  virusun ağır halları daha çox uşaqlarda müşahidə edilir: “Meymunçiçəyi xəstəliyinin ağırlaşması pasiyentin ümumi sağlamlıq vəziyyəti ilə əlaqədardır.Dərin immunçatışmazlığı daha ciddi nəticələrə səbəb ola bilər. Eyni zamanda hamilələr, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altındadır. Tibb işçiləri də virusla daha uzun müddət təmas halında olduqlarına görə risk qruplarına daxildir”.

Məlumatda həmçinin qeyd edilib ki, təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyi virusuna yoluxma ehtimalı müəyyən qədər azdır: “Lakin dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndlənmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır. Yoluxmanın risk qruplarına immunçatışmazlığı olanlar və yoluxmuş insanlara qulluq edən şəxslər aiddir.

Xəstədə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, qida qəbulunun əhəmiyyətli azalması, eləcə də uzun müddət davam edən qızdırma, arterial hipotenziya kimi hallar olduğu təqdirdə yaxından izlənilməlidir. Qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən mütəxəssisə müraciət olunmalıdır”.

Hamısını Göstər

Related Articles

Back to top button