Mingəçevirdə mənzildən oğurladığı pulu paytaxtda yerləşən bahalırestoranlarda xərcləyən şəxs tutulub
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mənzillərin
birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Hündürmərtəbəli binada
yerləşən mənzilə eyvandan daxil olan naməlum şəxs oradan içərisində 3100 ABŞ
dolları, 10 000 manat pul, müxtəlif qızıl-zinət əşyaları və ev sahibinə məxsus
sənədlər olan çamadanı oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq
tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də
mənzillərdən külli miqdarda oğurluqlar etdiyi üçün dəfələrlə məhkum olunmuş
Mingəçevir şəhər sakini Rüstəm Əzizov saxlanılıb.
R.Əzizov ifadəsində evdə heç kimin olmadığını fürsət bilərək ora daxil
olduğunu, niyyətini həyata keçirdikdən sonra pul və qızılları götürərək Bakı
şəhərinə getdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin çamadanda olan
sənədləri iz itirmək məqsədilə yandırdığı, əldə etdiyi pulları isə qısa müddət
ərzində paytaxtdakı əyləncə mərkəzlərində, bahalı restoranlarda xərclədiyi məlum
olub.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, R.Əzizovun
ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.