Misir Səudiyyə Ərəbistana hərbi yardım göndərməyə hazırlaşır

Misir parlamentinin deputatlarının əksəriyyəti Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi təşəbbüsünü dəstəkləyir. Bununla belə, bəzi deputatlar mümkün hərbi missiyanın hüquqi əsasları və müddəti barədə əlavə məlumat tələb ediblər.

Polise.az xəbər verir ki, bu barədə Misir parlamentinin deputatı İmadəddin Hüseyn “Al-Ghad” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, parlamentdə Səudiyyə Ərəbistanına hərbi yardım məsələsinin müzakirəsinin təxirə salınmasının səbəblərindən biri də deputatların əlavə izahat tələb etməsidir.

“Deputatların böyük əksəriyyəti Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri ilə həmrəylik nümayiş etdirir. Lakin bəzi deputatlar nəzərdə tutulan hərbi yardımın xarakteri, müddəti və missiya komandanlığına veriləcək səlahiyyətlər barədə daha ətraflı məlumat istəyiblər”, – Hüseyn bildirib.

Deputat vurğulayıb ki, hazırda parlamentdə müharibə elan olunması məsələsi müzakirə edilmir. Bununla belə, onun sözlərinə görə, Fars körfəzində baş verən hadisələr Misiri daha qətiyyətli mövqe tutmağa məcbur edir.

Hüseyn qeyd edib ki, Qahirə Məkkə Paktına qoşulmasa da, Səudiyyə Ərəbistanının ehtiyac duyduğu hərbi yardımı və Misir Silahlı Qüvvələrinin bu istiqamətdə imkanlarını Ər-Riyadla müzakirə etməyə hazırdır.

Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, müharibə elan edilməsi və ölkə xaricinə qoşun göndərilməsi məsələlərinə Milli Müdafiə Şurası və parlament tərəfindən baxılmalıdır.

Oktyabrın 18-də Misirin Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsini təsdiqləyib.

Parlament isə məsələ ilə bağlı müzakirələri oktyabrın 26-na təxirə salıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button