Mixael Borodkin: “Azərbaycanın inkişafı İranın xoşuna gəlmir”

İsrailli analitik, şərqşünas, jurnalist Mixael Borodkin oxu.az-a müsahibəsində İrandakı yeni hökumətdən, Azərbaycan-İran arasındakı gərgin münasibətlərin səbəblərindən, Azərbaycan-İsrail əlaqələrindən və regionda son dövrdə baş verən hadisələrə öz münasibətini açıqlayıb.

Mixael Borodkin İranda yeni hökumətin əvvəlkindən daha radikal olduğunu bildirib.

Müsahibimiz vurğulayıb ki, İranın əvvəlki prezidenti Həsən Ruhani konstruktiv siyasətçi hesab olunurdu. Hazırkı prezident Seyid İbrahim Rəisi isə mühafizəkardır. İrandakı hazırkı hökumət indi mürtəce bir hökumətdir.

“Azərbaycanın inkişafı İranın xoşuna gəlmir. Azərbaycanın xüsusən də döyüş meydanındakı uğurlarına sevinmirlər. Azərbaycan Respublikası ötən il baş verən müharibədə zəfər qazandı, Tehran isə bundan məmnun deyil. Eyni zamanda, İranda yaşayan çoxlu sayda azərbaycanlılar da nəzərə alınmalıdır. Ona görə, İranın yanında güclü, çiçəklənən Azərbaycan İran rejimi üçün bir kabusdur. Və əlbəttə ki, İranda İsrailə nifrətin dərəcəsi çox yüksəkdir, mənə elə gəlir ki, onlar bu məsələdə ağıllarını itirmək həddinə çatıblar. Tehran vəziyyəti gərginləşdirmək üçün mövcud olmayan bir bəhanə axtarır və sonra Azərbaycana iddialar irəli sürür. Mənə elə gəlir ki, bütün bunlar İranın daxilində laxlayan vəziyyətlə əlaqədardır. Məhz bu səbəbdən İran öz dərdlərinin məsuliyyətini üzərindən atmaq üçün xarici düşmənlər axtarır.

– Yayda Azərbaycan İsraildə Ticarət və Turizm nümayəndəliyi açdı. Bu, bir çoxları Azərbaycan Respublikasının bu ölkədə öz səfirliyini açılmasına doğru atılan addım kimi qəbul etdi.  Bəlkə də Tehranı qıcıqlandıran bu məqamdır.

– Bəli, bu öz rolunu oynaya bilər. Azərbaycan və İsrailin əla münasibətlər qurması İrana heç də xoş deyil. Yeri gəlmişkən Azərbaycanın səfirlik açmamasını İsraildə anlayışla qəbul edirlər.

– Bu arada Ermənistan İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinə sevinir. Erməni mətbuatı yazır ki, bu gərginliyin nəticəsində Zəngəzur dəhlizi olmayacaq, baxmayaraq ki, Naxçıvana nəqliyyat kommunikasiyalarının açılması üçtərəfli razılaşmada təsbit edilib.

– İnsanlar bəzən arzularını həqiqət kimi qələmə verirlər (gülür).

– İran Ermənistanın müttəfiqidir və İrəvanda bunu hər zaman vurğulayırlar. Amma bununla bərabər İranın regionun digər ölkələri ilə münasibətləri olduqca gərgindir…

– Razıyam. İranın Türkiyə ilə problemləri var. “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstanla münasibətlərin necə olacağı ümumiyyətlə aydın deyil. Pakistan indi Əfqanıstanla müttəfiqdir. Deməli, İran hazırda xarici siyasət arenasında xoşagəlməz vəziyyətdədir.

– Bəs əgər regionda İran tərəfindən real hərbi təhlükə olarsa İsrailin hərəkətləri nə ola bilər?

– Mənim üçün İsrailin Müdafiə naziri və ya Baş nazirinin əvəzinə danışmaq çətindir. Şəxsən mənim fikrimcə İsrail Azərbaycana maksimum dəstək verəcək. Bunun hansı formada olacağı isə başqa bir sualdır. İsraildə hər kəs Azərbaycanla əlaqələrin strateji əhəmiyyətini yaxşı başa düşür. Ancaq düşünürəm ki, İsrailə qədər daha yaxın olan Türkiyə öz köməkliyini göstərəcək.

Hamısını Göstər

Related Articles

Back to top button