Mənim həyat hekayətlərim (VI hissə )

Əvvəli 

Sən demə, dünya malı üçün çalışmağa uzun bir vaxt lazımdır.  Halbuki, ölüm insana çox yaxındır. Hər gün yoxluğa doğru addımlayırıq. “Yolculuq var. Ona hamımız hazır olaq.”  İnsan olan kəs boş yerə yaradılmamış, başlı-başına da buraxılmamışdır. Allahın huzurunda toplaşacağımız bir vəd vardır…

Bir an tarixə boylanaq: Hanı saraylar inşa edən hökmdarlar, hanı zəfərdən köç edən komandanlar-sərkərdələr? Zaman hər birini öz ağuşuna alıb qərq etdi,tarixin qaranlığına məhkum oldular.

Heç kimin ata, anası qalmamış və qalmayacaqdır. Ölümü görə-görə bunları görmürük. Öz halımıza ağlayaq. Allah Rəsulu buyurmuşdur: Kimi və nəyi sevərsən, ondan ayrılacaqsan. Bəzən zamanın gəncliyinə inanıb ölümü çox, çox uzaqda görürük. Fərqinə varmırıq ki, gəncliyə çox güvənmək əbəsdir. Ölümün istənilən anda gələ biləcəyinə şəkk etməyək. Ani ölüm ehtimal edilsə də, ani bir xəstəlik uzaq deyildir. Xəstəlik gəldikcə ölüm yaxınlaşır…

Ölümün zamanı yox. Ölüm gənc yaş, yaz, qış, gecə və gündüz bilməz. Bunu insan təxəyyül etməli, ədəb – ərkanla ona hazır olmalıdır. Başqa əlimizdən  nə gələ bilər? Ona üsyan etməkdə aciz və gücsüzük. Bütün bunlardan  bixəbər, dünyaya bağlı olan şəxslər bir göz qırpımında ölümün qapısını döyəcəyinin şahidi olacaqlar.  Necə ki, Hz. Süleymana anası xəbər göndərdi ki, evdə yad adam var. Hz. Süleyman qapıya çatanda Əzrayılı (ə.s) görür və səbəbini soruşur:Vaxt-vədə yetişib. Canını almağa gəlmişəm-deyir.Süleyman(ə.s)möhlət istədi.

-Olmaz – dedi Əzrayıl(ə.s)

-Bəs niyə mənə xəbərdarlıq etmədən gəldin, ey Əzrayıl.

Əzrayıl soruşdu: Hanı atan, qardaşın, filankəs və.s.

-Onlar çoxdan  dünyasını dəyişmişlər-dedi.

 -Bunlar xəbərdarlıq deyildimi,  ey Peyğəmbər!

Anam ölümündən əvvəl dəstəmaz alıb namazını qılmış və yerini qibləyə sarı hazırlayaraq uzanmış, “əşhədu ən la ilahə illəllah” –Allahdan başqa İlah olmadığına şəhadət verərək dünyasını dəyişmişdi…

                   “Başqasını  yaxalayacaq sıxıntıların sənə nə zaman

                     gələcəyini bilməzsən”

İnsanlar fərqli olduqlarına görə , düşüncə tərzi də fərqlidir.

Bir qism insanlar var ki, özünə uzun ömür arzulayarlar. Allah kəlamlarında da əxz olunduğu kimi “onların hər biri min il yaşamaq istərlər”.

Digər qism insanlar da var ki, ən çox, lakin sağlam yaşayan insanlar qədər ömür sürmək istərlər. Belələri dünyaya həva-həvəsi olanlardır.

Başqa bir qism insanlar da vardır ki, çox yaşamaqdan vaz keçərlər, onu arzulamazlar. Çünki gələcəkdə sağ qalacaqlarına ümid bəsləməzlər. Belələri  qışda yazın, yazda qışın hazırlıqlarını görərlər. Qalan vaxtları ibadətlə məşğul olar,gələcək günlərə tədarük görüb şükür edərlər.

Bəziləri də vardır ki, ümidləri 24 saatı keçməz. Onlar sabahı düşünməzlər, bu gün üçün nə edə bilərlərsə ona çalışarlar. Sabahı düşünüb,sonrakı günlər üçün əsla narahat olmazlar. Ömür vəfa qılarsa, ertəsi gün üçün çalışmağa imkan veriləcək.

Bəziləri əməlinə görə ömrünü bir saatlıq vaxta bağlayır.  Bir növ Peyğəmbərimiz “səhər vaxtı axşama yetişəcəyinə, axşam da sabaha yerişəcəyini düşünmə”  kəlamına sığınaraq belə düşünərlər.

Sonuncular da vardır ki, ölümü daima iki qaşı arasında görər, hiss edərlər. Belələri hər an ölümü gözləyənlərdir. Sən demə, əcəl hər birimizə şah damarımızdan da yaxın imiş. Həyatla vidalaşmış və bir daha yaşayıb yaşamayacağını düşünərək namaz qılanlar bu qəbildən olanlardır.

Bu nöqtədən sonra Allahım Rəsulu bir səhabəsindən “imanın həqiqiliyinə inanırsanmı?” – sualına “Hər atdığım addımın ardından, ikinci addımı atacağıma ümidim yoxdur” – cavabını vermişdi.

Rəvayətlərdən məlum olur ki, Loğman da oğluna belə bir nəsihət veribmiş: “Ey oğul! Bu Allahın bir hökmüdür və sənə mütləq gələcək. Ancaq nə zaman gələcəyini demək olmaz, bilməzsən. O gəlmədən, sən ona hazır ol!”

Məni heyrətə gətirən bir hal da var. Naz-nemət içində ömür sürən, bəzən əyləncə məclislərində başı əyləncəyə qarışan Allahın müxlis bəndələrindən biri, asayişi qoruyanların dəyənəklə ora gəlib qaydanı pozanlara qarşı tədbir görəcəyini biləndə, o əyləncə ona əsla zövq verməz, zəhrimara çeviriləcək. Amma ölüm mələyinin hər an dişlərini qıcıyıb, pəncəsi ilə onu vücuduna ala biləcəyini duyduğu halda buna üzülməz, kefində, damağında olar. Bundan qafil olması cəhalət və nadanlıqdan başqa bir şey deyildir.Vay belələrinin halına…

Əziz oxucular! Ölümün acısını dadmaq hələ ki, mümkün deyil. Onu, ancaq ölümün şiddətini və sancısını dadanlar bilər. Acı və sancını hiss edən də Ruhumuzdur. Bədənin bir üzvü yaralandıqda və ya, acılara məruz qaldıqda bu ruha sırayət edər. Ayağımıza bir tikan batarsa, onun ağrısı ruhu dolaşır, ruh əzab çəkir.

Can bədəndən ruh vasitəsilə çıxır. Bu acının qarşısını almağa bir səbəb yoxdur. Ölüm acısı qılınc yarasından, balta ilə və ya maqqas ilə doğranmadan daha şiddətlidir-deyirlər. Bütün bunların acısı bədəndən ruhla boğazdan çıxır. Belə bir vəziyyətdə ağıl qarışır, dil tutulur, bütün əzalar qüvvətdən düşür.  Bu məqamda fəryad qoparmaq, qışqırmaq, yardım diləməyə hər tərəfini bürüyən acı və sancılar imkan verməyəcək. Can boğaza gəlincə, ağrı üzərinə ağrı yüklənir. Həmin anda daha baxışlar dünyadan və ailəsindən üzüləcək, üzünə tövbə qapısı da bağlanır – deyirlər. Həsrət və peşmanlıq adamı bürüsə də, faydası olmayacaq. (Mələklərin peyğəmbərlərə söylədiklərindən)

“Can gəlib boğaza çatmamış, qulun  tövbəsi qəbul olunur “ – buyrulub. Ölüm mələyi insanın gözünə  dəyən vaxt onun nələr və hansı iztirablar çəkdiyini sormaq çox çətindir.

Anam da, atam da canlarını ölüm mələyinə rahat təslim etmişlər.

 Deyirlər ki, ölümün  kədər və ələmi üç yüz qılınc zərbəsi qədərdir. Biri ölüm anında olan xəstələrdən ölümün necə anlar yaşatdığını soruşarmış. Bir gün özü xəstələnib ölüm döşəyində ikən ondan soruşurlar;

-Ölümü necə hiss edirsən?

-Sanki göylər başıma tökülür, canım iynənin dəliyindən kecən kimidir – cavab vermişdi.

Rəvayət edirlər ki, İbrahim(ə.s) ölümündən sonra cənabi Haqq  ondan soruşur;

Ey Həbibim! Ölümü necə hiss etdin?

Cavab verir:

-Sanki  yaş sifətimə qızdırılmış şiş batırılıb çıxarılırdı.

 Rəbbimiz:

-Mən hələ Sənə ölümü asanlaşdırdım .

Digər bir rəvayətdə isə Musa (ə.s) ruhunun qəbz edildiyi vaxtda Rəbbimiz:

-Ey Musa ölümün acısını necə hiss etdin?

Musa (ə.s)

-“Özümü qəssabın əlində diri-diri soyulan bir qoyun kimi gördüm…”

Başqa bir rəvayətdə isə Musa (ə.s) deyir:

-“Tavada qovrulan, ölüb rahatlanmayan, qurtulsa da, uça bilməyən bir quş kimiyəm” – deyir.

Məhəmməd Peyğənbərin (s.ə.s) də ömrünün son dəqiqələrində yanında bir bardaq su qoyulubmuş. O, tez –tez əlini suya salıb doldurararq üzünə çəkər :

“Allahım! Mənə ölümü asanlaşdır” (Səhih əl Buxari, Muslim)…-demişdi.

XXX

Mənə tale belə həyat bəxş etmişdi. 28 yaşımda ikən atam, 46 yaşımda isə anam torpağa, haqq dünyasına qovuşdu. Allahın əmanətləri Onun ixtiyarına ötürülmüşdü. Başa düşdüm ki, ölümü almaq mümkün deyil və hələ heç kimə  də nəsib olmayıb. Ona ağalıq etmək yox, boyun əymək, tabe olmaq lazımdır. Axı, ölüm mələyi Allahın əmrindən necə çıxa bilər və yaxud, ondan möhlət istəmək də sərsəmlikdir. Atam  1975 –  ci ildə, anam isə 19 il sonra 1994-cü ildə dünyasını dəyişəndən sonra şəxsi həyatımda qeyri adi  anlar yaşamalı oldum. Anam sağ ikən ona o qədər də xidmət edə bilməmişəm, köləsinə çevrilməmişəm. Yoxluğundan sonra həyatımda heç vaxt doldura bilməyəcəyim böyük bir boşluq yarandı. Çox vaxt  evə daxil olanda anamı yerdə oturub kürəyi divara söykənmiş halda gözlərimin önünə gətirər, o xatirələrlə başımı qatardım…

Ora boş idi. Balış və kiçik çay süfrəsi də yerində idi.

13-14 yaşında olan qızım Güntəkin bir gün qapını açıb evə gələn kimi kövrələ – kövrələ: Ata, nənə heç nə yemir, çay da içmir. Çayı ona görə dedi ki, anam çay çox içərdi. Birdən-birə çaydan imtina evdəkiləri qorxuya salmışdı. Anama sözün həqiqi mənasında ölüm  bəyan olmuşdu. O, bizdən gizli Əzrayıla (ə.s.) “razılıq” vermişdi.

 Rəvayət edirlər ki,  Rəsulullah  Səhabələrı ilə  Kəbə evini təvat edərkən bir zəvvarın anasını çiyninə alıb “Mən anamın hambalıyam, mən anamın hambalıyam”-hayqırırmış. Peyğəmbərin (s.ə.s.) yaxın ətrafından biri:  Ey Allahın Rəsulu! Bu şəxs, yəqin ki, anasının borcunu ödədi. Allah Rəsulu isə: Əsla yox! Bu ananın hamiləlik dövründə çəkdiyi bir sancının əvəzidir…”-söyləmişdi.

İlahi hikmətə malik hədislərlə təmasda olduğum vaxtlarda kiçik bir hekayət diqqətimi çəkdi. Hz.Xədicə Allah Rəsuluna nəql edir ki,qonşuda yaşayan yəhudi qadın hər dəfə odamızda olarkən “Ya Rəbbim! Sən bizi qəbir əzabından hifz et” qəribə dua edir. Ey Allahın Rəsulu! Doğrudanmı, qəbir əzabı var?

Allah Rəsulu: Var Xədicə, var! Qəbir əzabı həqiqətdir.

Hz.Xədicə: Onda Səni and verirəm elçisi olduğun Allaha. Məni qəbrə qoyarkən bərk-bərk qucaqlayarsan. Bəlkə Rəbbimiz Sənə görə məni qəbir əzabından hifz etdi. Rəvayət edirlər ki, Hz.Xədicənin dəfni zamanı Peyğəmbərimiz onun vəsiyyətinə əməl edir. Amma səhabələri gözlənilməz mehribanlıqdan-xanımına olan sevgidən təəccüblənirlər.Bunu hiss edən Məhəmməd s.ə.s.Hz.Xədicənin vəsiyyətindən ətrafını agah edir…

                Kaş, kaş anamın hambalı olaydım.

         Onu hər gün çiynimdə gəzdirəydim, hər gün…

İnsanların taleyi onların xarakteri ilə müəyyən edilir. Atam özünə xas xarakterə malik ailə başçısı idi. Zahirən ciddi, özünə və bizə qarşı tələbkar olardı. Ailənin-11 üzvünün maddi vəziyyətinin çiynində olmasının fərqindəydi və çətinliklə də olsa bunun öhdəsindən gələrdi. Anam isə evdar qadın kimi öz işini yaxşı bilərdi. Atam özünün dülgər peşəsini ustalıqla kənddən-kəndə yollayaraq yerinə yetirərdi.

Evimizdən təxminən 500m aralıda olan meşədən ağac kötüklərini çıxardıb evə daşıyardıq. Meşə bəyi bir yaşıl budağı kəsməyə görə ciddi tənbeh edərdi. Meşəyə balta ilə yox, bel ilə gedərdik. Əlimizdə baltanın olmadığını görən meşəbəyi bir söz demədən öz yoluna davam edərdi. Biz, qış üçün odun tədarükünü bu qayda ilə yerinə yetirərdik…

Hamısını Göstər

Related Articles

Back to top button