Naxçıvan üçün rəhbər problemi – Talıbovu kresloda saxlayan sirr

Hakimiyyətin muxtar respublikadakı proseslərlə əlaqədar öz ehtiyat variantı olduğu istisna edilmir; Talıbovun yerinə Prezidentin səlahiyyətli nümayəndəsi də təyin edilə bilər; ekspert: “Oranı idarə etmək üçün mütləq şəkildə Naxçıvandan olmaq şərt deyil”

Naxçıvanda həbslər muxtar respublikanın  Ali Məclisinin sədri Vasif Talıbovun da vəzifəsini itirə biləcəyi haqda iddialar ortaya çıxarıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsi yazdığı iddia edilib. Bu barədə Bakupost.az məlumat yayıb. Bildirilir ki, Ali Məclisin sədrliyindən istefa verməsi ilə bağlı ərizə ilə yanaşı, Talıbov yaxınlarına mesajlar da ünvanlayıb. Təsdiqlənməmiş məlumata görə, problem Naxçıvan rəhbərliyinin istefasından daha çox, onun kimlə əvəz edilə biləcəyi ilə bağlıdır. 

Naxçıvan Konstitusiyasına görə, Ali Məclisin sədri muxtar respublikada ali vəzifəli şəxsidir. Ali Məclis 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan hər bir deputatı Ali Məclisə sədr seçilə bilər.

Konstitusiyaya görə, sədr Naxçıvan Ali Məclisi tərəfindən geri çağırıla bilər. MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası  Ali Məclis sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. İndiyədək Afiyəddin Cəlilov, Heydər Əliyev, Namiq Həsənov  və  Vasif Talıbov  Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.

Aydındır ki, bütün baş verənlərə görə Talıbov məsuliyyət daşıyır. Mümkün deyil ki, Ali Məclisin sədri muxtar respublikanın nazirliklərində baş verən bu qədər böyük miqyaslı qanunsuzluqlardan xəbərsiz olsun. Araşdırmalar davam etdikcə, bütün bu qanunsuzluqların kökü gedib Ali Məclisin sədrinə çıxır. Ona görə də Vasif Talıbovun vəzifəsindən kənarlaşdırılması gündəmə gəlib. Bəs Vasif Talıbovun Ali Məclis sədrliyindən istefa ərizəsi yazdığı iddiaları nə qədər realdır? Hakimiyyətin onun yerinə real namizədi varmı? Çünki Naxçıvan spesifik bölgədir və bu, hansısa rayona icra başçısı təyinatına bənzəməz. O səbəbdən Talıbovun kreslosunda bir müddət olsa da, qala biləcəyi də ehtimallar sırasındadır.

Fərəc Quliyev təkrar seçkidə iştirak edəcəyini açıqladı

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev məsələnin şişirdildiyini düşünür: “Açığı deyim ki, bu məsələni çox böyüdürlər.  Naxçıvanda yüzlərlə bacarıqlı şəxslər var. Oranı idarə etmək üçün mütləq şəkildə Naxçıvandan olmaq şərt deyil. Bu gün bir şəkili Ordubadı, yaxud bir ordubadlı Şamaxını idarə edə bilər. Digər tərəfdən, Naxçıvanda idarəetmənin çətin olması iddiası da  doğru deyil. Bəzən deyirlər ki, Naxçıvanın Qars və Moskva müqavilələri ilə təhlükəsizliyi təmin olunub və burada muxtariyyət qalmalıdır. Bu da doğru fikir deyil. Çünki hər iki müqavilədə inzibati ərazinin adlanması, quruluşu haqqında bir şey deyilmir. Burada sadə bir dəyişikliklə məsələni həll etmək mümkündür. Məsələn, yazmaq olar ki-təbii ki, konstitusiyada-Naxçıvan Muxtar Respublikası bundan sonra Naxçıvan İqtisadi Zonası adlanır. İkinci bənd də belə olmalıdır ki, Naxçıvan İqtisadi Zonası bu əsasnaməyə görə idarə olunur. Belə bir təcrübə də bizdə olmamış deyil. Qarabağ İqtisadi Zonası, Şərqi Zəngəzur İqtisadi Zonası var. Orada Ali Məclisin, Nazirlər Kabinetinin və nazirliklərin olması da əhəmiyyətsiz məsələlərdir. Şamaxı necə idarə olunursa, Şərur da o cür idarə olunur. Burada fövqəladə  hadisə yoxdur. Ora da Azərbaycanın ayrılmaz tərkib hissələrindən biridir. Orada gedən proseslər bir nəfərə qarşı aparılan proses deyil. Həmin şəxs o qədər fövqəlgüc deyil ki, ona qarşı böyük  əməliyyat hazırlansın. Buna antikorrupsiya əməliyyatları adı vermək olar. Orada qanunun aliliyi bərpa olunur. Korrupsiya səbəbindən kimsə cavab verməlidirsə, verəcək. Bu artıq nəticədir. Gələcəkdə orada rəhbərliyin dəyişməsi, yaxud kiminsə həbs olunması səbəb deyil. O səbəbdən bu yoxlamalar başlamır, muxtariyyətın ləğvi üçün də deyil. Sadəcə, yoxlamalar aparılır və ilk nəticələr onu göstərir ki, yerli idarəetmə orqanları doğru-dürüst idarəçilik etməyiblər. Artıq orada, bilirsiniz ki, Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, əvəzində idarə yaranıb. Başqaları ilə bağlı da eyni qərar verilməlidir.  Yoxlamalar nəticəsində ortaya konkret nəticələr çıxıb. Naxçıvana xüsusi diqqət təbii ki, artmalıdır. Zəngəzur dəhlizi üzərində yerləşməsi və digər səbəblər baxımından çox önəmli ərazimizdir. Amma ”bir adam gedəcək, gedərsə, nə bilim filan-filan hadisələr baş verəcək” kimi fikirlərlə qətiyyən razı deyiləm. Kadr dəyişikliyinə ehtiyac yaranarsa, bu mütləq şəkildə baş tutacaq. Orada kimsə əvəzolunmaz deyil. O qədər yaxşı kadrlar var ki… İdarəetmə və nələrin ortaya çıxdığı göz önündədir. Bir sözlə bu idarəetmə sistemi dəyişməlidir. Əvvəldə adını çəkdiyim qurumların hamısı ləğv edilməlidir. Azərbaycanın digər yerləri necə idarə olunursa, mərkəzi hakimiyyətə, birbaşa Bakıya tabeçilik təmin olunmaqla, islahatlar aparılmaqla bu dəyişikliklər həyata keçirilməlidir. Burada ən mühümü olanı necə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bir proqram hazırlandı, Naxçıvanın da bundan sonrakı inkişafı ilə əlaqədar bir proqram ortaya qoyulmalıdır. Bununla Türkiyə və başqa yerlərə gedən minlərlə insan geri qayıda bilər. Bu potensial var. Məsələlərə fərdlər deyil, prinsiplər üzərində yanaşılmasının tərəfdarıyam”.

Sabiq deputat ehtimallar üzərində bu məsələlərə yanaşmanın qəti əleyhinədir: “Nələrin baş verəcəyini görəcəyik. Amma mütləq şəkildə şişirdilmiş aparatlar ləğv olunmalıdır. Bu fikrim təkcə Naxçıvana aid deyil. Azərbaycan üçün də demişəm. Nazirlər Kabineti tamamilə mənasız bir qurumdur. Naxçıvanda da belədir. ”Arabanın beşinci təkəri”dir. Yerləşdiyi coğrafi mövqeyə görə, həm də orada vətənpərvər kadrların iş başında olmaları çox önəmlidir. PKK-nın ora sızmaması, İranın ora müdaxilə imkanlarının zəiflədilməsi üçün işlər sürətlə aparılmalıdır. Guya kimsə dəyişsə, dünya dağılacaq kimi fikirləri birmənalı şəkildə kənara qoymaq lazımdır. Muxtariyyətlə bağlı o sözün götürülməsinin, idarəçiliyin dəyişilməsinin Naxçıvanın təhlükəsizliyinə heç bir aidiyyəti yoxdur. Sadəcə referendumla konstitusiyada dəyişikliklər ola bilər. Bu da tamamilə başqa məsələdir”. 

Qərbin rəngli inqilablar ssenarisi tarixdə qaldı?

Oqtay Qasımov

Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş, politoloq Oqtay Qasımov bütün ehtimalları real sayır: “Əvvəla, onu qeyd edək ki, son dövrlərdə Naxçıvanda baş verən proseslər Azərbaycan ictimaiyyətinin ciddi şəkildə diqqətini cəlb edir. Bu da təsadüfi deyil. Çünki Naxçıvan, hər kəs bilir ki, üç dövlətin əhatəsində yerləşir. Bu da həmin məsələni daha da həssas edir, təhlükəsizlik və digər məsələlər baxımından… Müxtəlif qiymətləndirmələr və yanaşmalara şahidlik edirik. Burada bir neçə vacib məqam var və bu da mənim üçün önəm daşıyır. İdarəetmə strukturlarının daha çevik, daha rahat olması baxımından bu məsələ çox vacibdir. Öncəliklə burada təhlükəsizlik məsələləri diqqətə alınmalıdır. Naxçıvanın əhatə olunduğu üç dövlətin ikisinin ölkəmizə qarşı olan düşmən münasibəti ortadadır. Əlbəttə, Naxçıvanda islahatlar aparılacaqsa, bu, konstitusiya dəyişikliyi ilə müşayiət olunmalıdır. Vasif Talıbovun istefa ərizəsi yazdığı barədə məlumatlar, sadəcə, iddialardır, bunu təsdiq olunmamış məlumat kimi dəyərləndirirəm. Əgər elə bir rəsmi istefa olacaqsa, rəsmi şəkildə bu məsələlərə baxılacaq. O zaman buna daha rahat şəkildə münasibət bildirmək olar. Belə bir hadisə baş verərsə, təbii ki, hakimiyyətin bütöv şəkildə Naxçıvanda həyata keçirilən proseslərlə əlaqədar öz ehtiyat variantı olmamış deyil. Əvəzolunmaz şəxs yoxdur, o cümlədən də, Naxçıvanda… Amma istənilən halda, biz gözləməliyik ki, proseslər öz axarı ilə getsin. Bu proseslərə xüsusilə təsdiq olunmamış məlumatlar əsasında fikir bildirməyi açığı, doğru saymıram. Burada, sadəcə, ehtimallar daha çox irəli sürülür. Bir daha hakimiyyətin namizədi-filan sualının üzərinə qayıdıram. Bütün məsələlərdə dövlət o zaman güclü olur ki, onun bütün ssenarilər üzrə hazır reseptləri olur, hazır variantlar növbədə gözləyir. Bu baş verənlərdə heç bir variant istisna deyil. Bu baxımdan təbii ki, Vasif Talıbov orada öz vəzifəsinin icrasını davam etdirə bilər. Oraya işğaldan azad edilmiş ərazilərə olduğu kimi, Prezidentin səlahiyyətli nümayəndəsi də təyin edilə bilər. Bunlar ən müxtəlif variantlardır və Vasif Talıbovun vəzifəsini icra etməyə davam edəcəyi mümkündür”.

Hamısını Göstər

Related Articles

Back to top button