Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Avqustun 30-da Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə konsulluğun iqamətgahında tədbir keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və digər dövlət təşkilatlarının rəhbərləri, hökumət nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.

Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya qonaqları salamlayıb, bayramı birgə qeyd etməkdən məmnunluğunu bildirib, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın Zəfər bayramı münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxuyub.

Baş konsul çıxışında Zəfər bayramında qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri də qeyd etməkdən şad olduqlarını diqqətə çatdırıb. Bildirib ki, rəşadətli Azərbaycan Ordusu əzm və cəsarəti ilə tarixə qızıl hərflərlə yazılan bir zəfər qazanıb və işğalı sonlandıraraq şəhər və kəndləri bir-bir azad edib.

Asip Kaya Azərbaycan Ordusunun Ali Baş Komandanı başda olmaqla bu qələbə sevincini yaşadan əsgər və zabitlərə minnətdarlığını bildirib, qazilərə uzun ömür və cansağlığı arzulayıb, şəhidlərə Allahdan rəhmət diləyib.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə xalqının milli istiqlal tarixinin şanlı səhifəsi olan Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib.

Bildirib ki, bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Vurğulanıb ki, bu gün iki qardaş ölkə arasında iqtisadi, ticarət, təhsil, səhiyyə, mədəniyyət sahələrində və ordu quruculuğunda əməkdaşlıq uğurla davam etdirilir. Qeyd olunub ki, bu da hər iki ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Fuad Nəcəfli Zəfər bayramı münasibətilə bir daha təbriklərini çatdırıb, Türkiyə dövlətinə və xalqına daha böyük zəfərlər arzulayıb.

Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanan Türkiyənin şanlı hərb tarixindən bəhs edən videoçarx nümayiş olunub, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin baş müəllimi Zemfira Babayevanın pianoda ifaları dinlənilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button