Nikol niyə Moskva danışıqlarını məhv etdi? – Şok səbəb

Ermənistan baş naziri Nikol Paşinyanın dünya liderlərinə ardıcıl zəngləri və atəşkəs yalvarışları qarşılığında Moskvada 9 oktyabrda keçirilən görüş və 10 oktyabr saat 4 radələrində elan edilən humanitar atəşkəs razılığını qüvvəyə minməmiş, dərhal pozması, bunun ardınca Ermənistanın Gəncədə terror törətməsinin çoxsaylı səbəbləri var.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O bildirib ki, mülki əhalinin Ermənistandan vurulması Azərbaycanı adekvat zərbəyə vadar etmək və münaqişənin miqyasını böyütmək istəyindəndir:

“Ancaq bu siyasət artıq 10 gündən çoxdur davam edir və məncə, ötən gecə Gəncəyə endirilən və çoxsaylı mülki insanın ölümünə səbəb olan zərbənin daha fərqli səbəbləri də var.

Məsələ ondadır ki, Ermənistan humanitar atəşkəsi beynəlxalq çağırışlara əməl edən tərəf kimi ciddi dəstəklədiyini nümayiş etdirmək, hərb qaydalarına uyduğunu göstərmək istəyirdi. Çox böyük ümidlə gözləyirdi ki, Azərbaycan Ordusunun cəbhədə apardığı uğurlu əməliyyat və xalqın böyük ruh yüksəkliyi ilə “Müharibəyə davam!” çağırışları fonunda Azərbaycan hakimiyyəti Moskva danışıqlarından imtina edəcək və humanitar atəşkəsə razı olmayacaq. Nəticədə isə Ermənistan beynəlxalq aləmdə Azərbaycanı “aqressor” kimi təqdim etmək üçün böyük bir fürsət əldə edəcək.

Əksi oldu: Azərbaycan humanitar atəşkəsə razı olmaqla Ermənistanın təbliğat üçün istifadə etməyə çalışdığı bu fürsəti onun əlindən aldı. Oktyabrın 10-u, saat 12:00-dan humanitar atəşkəs qüvvəyə mindi. Demək, döyüş meydanlarından ölən əsgərlərin meyitləri toplanmalı, eyni zamanda əsirlər dəyişdirilməli idi”.

A.Camalqızı bildirib ki, Ermənistan üçün vahiməli proses əslində bundan sonra başladı:

“Ermənistanda 5 mindən artıq ailə övladlarından heç bir xəbər olmadığı, onları axtardığı haqda məlumat paylaşıb. Övladlarının fotolarını yayan ailələr artıq günlərdir ki, onlardan heç bir xəbər almadıqlarını bildirirlər. Ermənistan Müdafiə Nazirliyinə bununla bağlı verilən sorğunu nazirliyin rəsmisi Artsrun Ovannisyan açıq şəkildə etirafla cavablandırdı. O bildirdi ki, hazırkı ölü siyahısı (Ermənistan indiyə qədər ölən əsgərlərindən 430-nun adını açıqlayıb – red.) əllərində olan meyitlərə görə elan edilib. İtkinlər, döyüş meydanında qalan meyitlər haqda isə məlumatsızdırlar və buna görə də əsgər ailələrini “anlayışlı olmağa” dəvət etdi. Ovannisyan hətta qeyd etdi ki, bu, Birinci Qarabağ savaşı deyil, Aprel müharibəsi də deyil, bu, tam bir dəhşətdir. Əlbəttə, “dəhşət” deyəndə, bu sözü Ermənistan üçün nəzərdə tuturdu.

İndi özünüz təsəvvür edin: döyüş meydanlarından 5 mindən artıq erməni əsgərinin meyiti yığılıb, basdırılmaq üçün Ermənistana göndərilsə, nə baş verər? 5 min meyiti eyni gündə qarşılamağa erməni xalqı hazırdırmı? Qarabağda, yad torpaqlarda qırılan övladlarına görə o ailələrə Nikol Paşinyan necə cavab verəcək? Xalq üsyana qalxmayacaqmı?”

Politoloq az öncə Qarabağ separatçı-terrorçularının lideri Araik Arutyunyanın bu mövzuda verdiyi açıqlamaya da diqqət çəkib:

“Arutyunyan övladları itkin düşən ailələrin humanitar atəşkəsdən istifadə edilməsi və onlardan xəbər tutulması istiqamətində müraciətlərinə cavab olaraq bildirdi ki, “humanitar atəşkəs” hazırda işləmir, meyitlərin toplanması və əsirlərin dəyişdirilməsi prosesi getmir, çünki “döyüşlər davam edir”. Halbuki Arutyunyanın bu açıqlaması ilə paralel olaraq Ermənistan Müdafiə Nazirliyi böyük artilleriya zərbələrinin dayandığı, yalnız kiçik kalibrli silahlardan cəbhənin müxtəlif istiqamətlərində istifadə edilərək, atışmalar yaşandığını elan etdi.

Əgər humanitar atəşkəsə əməl etmək üçün artilleriya susubsa və Qızıl Xaç fəaliyyət göstərməyə hazır olduğunu bildirirsə, niyə döyüş meydanından meyitlərin toplanmasından Ermənistan imtina edir?

Digər tərəfdən, hələ ötən gün axşama doğru Ermənistan rəsmi qurumları Qızıl Xaçın artıq bəzi ərazilərdə fəaliyyətə başladığını bildirmişdi. Bəs, nə oldu? Qızıl Xaçın fəaliyyəti niyə dayandırıldı və onu kim dayandırdı?”

A.Camalqızı qeyd edib ki, gecə Gəncəyə endirilən ağır zərbənin və mülki şəxslərin qətliamının səbəbi məhz budur:

“Ermənistan meyitlərini döyüş meydanından toplamamağa bəhanə axtarırdı və bu bəhanəni əldə etmək üçün Gəncəyə ağır zərbə endirdi. Əlbəttə, yaxşı anlayır ki, bundan sonra “humanitar atəşkəs” məsələsi artıq çox ciddi şübhə altına düşür”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button