Nikolayevə raket hücumu: ölən və yaralananlar var
Rusiya hərbçiləri Nikolayevdə yaşayış binasını atəşə tutub. Hücumu nəticəsində ölən və yaralananlar var.
Bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim Teleqram-da bildirib.
“Ruslar Ukrayna Silahlı Qüvvələrinə beşmərtəbəli yaşayış binasına raket hücumu ilə cavab verdilər. İki ölü, iki yaralı var”, – o bildirib.
Bu məlumatı şəhərin meri Aleksandr Senkeviç də təsdiqləyib.
“Beşmərtəbəli yaşayış binasına hücum olub. 5-ci mərtəbədən 1-ci mərtəbəyə kimi bütün bina dağılıb. Təəssüf ki, ölən və yaralananlar var”, – Senkeviç deyib.
Ukrayna prezidenti Vladimir Zelenski Nikolayevdə yaşayış binasına vurulan zərbəyə reaksiya verib. O, rusların gecə hücumunu “terrorçu dövlətin Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurlarına kinli cavab” adlandırıb.
“Axtarış-xilasetmə işləri davam edir. Rusiya öz iyrənc taktikasından əl çəkmir. Biz də mübarizəmizi dayandırmırıq. İşğalçılar Ukrayna və ukraynalılara qarşı törədilən hər bir cinayətə görə cavab verəcəklər”, – deyə Zelenski fikrini yekunlaşdırıb.