Ölkəmizdəki casus şəbəkəsi nə vaxt neytrallaşdırılacaq – təhlükəsizlik üzrə ekspert tarix dedi
“Xarici ölkələrdə dini təhsil almış hər bir Azərbaycan vətəndaşı cəmiyyət üçün təhlükəlidir”
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Srağagün İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb. Onlar – Lənkəran sakinləri Hacı Zaman, Hacı İlqar, Xırdalan sakini Zakir Məmmədov, Bakının Fatmayı kənd sakini Elnur Quliyev, Rza Kərimov, Kərbəlayi Qoşqar, Kərbəlayi Kahin və Kərbəlayi Farizdir. Beləcə, demək olar, hər həftə bu qəbildən xəbərlər gəlir və yəqin ki, davamı da olacaq.
Güneyli milli fəal və jurnalist Əli Süleymani deyir ki, İran Azərbaycan Respublikasında öz agent şəbəkəsini zamanla formalaşdırıb, bunu mədəni işlər və layihələr adı altında gerçəkləşdirə bilib (Axar.az).
O, Azərbaycanda müxtəlif sahələrdə İranın casus şəbəkələrinin izləri olduğuna diqqət çəkib: “İranın maraqlarına xidmət edənlərin çoxu ideoloji təbliğatla, müxtəlif vədlərlə bu işlərə cəlb olunub. Bakıda “İnşaratı-Xuda” adlı nəşr evi kitab satışı ilə məşğul olurdu. İranda o kitablar baha satıldığı halda, Bakıda çox ucuz idi. İran səfirliyinin mədəniyyət mərkəzi, Ocaq-Nejad şəbəkəsi, “İmdad” cəmiyyəti və s. hamısı bu işlərlə məşğul idi. Əsasən psixoloji cəhətdən insanları yoxlayıb, onlara necə təsir edə biləcəklərini müəyyən edirdilər. Maddi cəhətdən yardım etməklə, təhsillə, müxtəlif dini ziyarətgahlara göndərməklə Azərbaycanda insanları öz tərəflərinə cəlb edirdilər. Zəif iradəli insanlar onların toruna tez düşürdü”.
Şəbəkəyə qoşulanların çoxunun dini təhsil almaq istəyən gənclər olduğunu bildirən Süleymani onların yetişdirilərək İranın təbliğat xarakterli işlərində istifadə edildiyini vurğulayıb. “Bu gün İran hakimiyyəti təhlükəli siyasət aparır, şiə-sünni məsələlərindən faydalanmağa çalışır. Suriyada İŞİD-dən, Əfqanıstanda taliblərdən istifadə edir. HƏMAS-ı, Hizbullahı dəstəkləyib, İsrailə qarşı qoyur. Bu təhlükəni və terroru dünyaya İran gətirib”.
Bəs İranın casus şəbəkəsinin axırına çıxmaq mümkün olacaqmı? Söz düşmüşkən, İran buradakı casusları azmış kimi, Yaxın Şərqdəki “proksi” qüvvələri də Azərbaycan əleyhinə qızışdırmağa başlayıb.
Belə ki, Təl-Əvivdə səfirliyimizin açılmasından sonra HƏMAS Bakını İsraillə münasibətləri normallaşdırmaq qərarından imtinaya çağırıb və “bunun Fələstin xalqının hüquqları bahasına olacağını” iddia edib. Halbuki 2020-ci ilin noyabrında HƏMAS rəhbərliyi rəsmi Bakını 44 günlük müharibədəki qələbə münasibətilə təbrik etmişdi: “Biz Azərbaycanı qələbə və torpaqlarının qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir”.
Amma indi o, ayrı havanı çalır. “Təəssüf ki, Azərbaycan sionist qurumla münasibətləri normallaşdırır və Təl-Əvivdə səfirlik açır, çünki bu, fələstinlilərin hüquqlarının zərərinə sionist rejimə dəstəyi ifadə edir. Azərbaycan hökuməti Fələstin xalqına qarşı hərbi cinayətlər törədən və Fələstin, Azərbaycan, ərəb və İslam regionu və bütün dünya üçün təhlükəyə çevrilmiş sionist qurumla seriya normallaşmalardan imtina etməlidir”, – HƏMAS lideri İsmayıl Radvan deyib.
Belə çıxır ki, İslam dünyası üçün nəyin təhlükə olduğunu, Azərbaycanın öz xarici siyasətini necə qurmalı, kiminlə dost, kiminlə düşmənçilik edəcəyini HƏMAS, İran müəyyənləşdirir. Yada salaq ki, HƏMAS-ın bütün rəhbərliyi, o cümlədən İsmayıl Radvan Tehranın onlara göndərdiyi pulun, maliyyənin hesabına yaşayır.
Qəribəsi həm də odur ki, Təl-Əvivdə Türkiyənin də səfirliyi var. O zaman nə əcəb Radvan belə qiymətli “məsləhəti”ni Ankaraya da vermir? Əlavə edək ki, Azərbaycanın İsraillə yanaşı Fələstində də səfirlik açmaq qərarı var və xarici işlər naziri Ceyhun Bayramov Təl-Əvivdən sonra Ramallaha (Fələstinə) də baş çəkib.
Qeyd edək ki, ötən gün Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edib. İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb. Onlar Yasin Əhmədov, Rüfət Qurbanov, Cavid Allahverdiyev, Əliəkbər Sadıqov və Elxan İsmayılovdur.
Yeri gəlmişkən, millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdin də İran casusları tərəfindən edildiyi bildirilir. Artıq cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub. Xatırladaq ki, dünən Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığı barədə rəsmi açıqlama yayılmışdı. Sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovun olduğu bildirilir. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib. Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub. Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.
Şəmsəddin Əliyev: “Casuslara qarşı müstəsna cəza-ölüm hökmü tətbiq edilməlidir”
Keçmiş polis rəisi, təhlükəsizlik üzrə ekspert Şəmsəddin Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, başqa dövlətlərdə İranın casus şəbəkəsinin fəaliyyəti Tehranın dövlət siyasətinin tərkib hissəsidir: “Bunlar Quranın ehtiva etdiyi müqəddəs kəlamları təhrif edərək ətraflarına yayırlar. Sünni, şiə məsələsini də İran qabardıb. Heç Ərəbistan belə bunu qabartmır. Regionda, qonşu ölkələrdə, Suriyada, digər ərəb ölkələrində bunlar şiə məzhəbi amilindən istifadə edib ölkələrdə aranı qarışdırırlar. Dünyanın, Avropanın, ABŞ-ın İslama olan münasibəti də İranın İslama olan münasibətindən doğur. Əslində İslam xeyirxahlıq, sülh və bəşəriyyətin əminliyini təmin etməkdən ibarət idi. Amma casusluq bunların dövlət siyasətinin tərkibidir, İran istəyir ki, hegemonluğunu dünyaya çatdırsın. Onlar bizim xarici siyasətimizi qısqanırlar. Azərbaycan kifayət qədər güclü siyasi kurs həyata keçirir. Azərbaycanın xarici siyasəti bəllidir, istər regionda, istərsə də dünyada sülhün tərəfdarıdır”.
Ekspert əlavə edib ki, casusluqla bağlı bizim kəşfiyyat orqanlarımız, Dövlət Təhlükəsizlik Xidməti, kəşfiyyat orqanları, DİN ayıq-sayıq olmalıdır: “Casusluqla mübarizədə ən pisi odur ki, adi vətəndaşlarımızı da tələyə sala bilirlər. İradəsi kifayət qədər zəif, özünü idarə edə bilməyən, pula aldanan, xətaları bacaran insanlardır. Casusların tərkibinə, onların tərcümeyi-halına nəzər yetirsəniz, bəziləri xarici ölkələrdə, İranda, Ərəbistanda təhsil alan insanlardır. Onları çoxdan şəbəkədə olduğuna görə ələ almaq da çətindir. Ümumiyyətlə, xarici ölkələrdə dini təhsil almış hər bir Azərbaycan vətəndaşı cəmiyyət üçün təhlükəlidir. Təbii ki, hüquq-mühafizə orqanları öz işlərini görürlər. Ümumiyyətlə, casusluğa görə də düşünürəm ki, mübarizə cəzanın sərtliyindən keçir. Cəza sərt olmasa, mübarizə özünü göstərməyəcək. Cəzanın məhşəri elə ilk növbədə sosial ədaləti bərpa etməkdən ibarətdir”.
Ş.Əliyev qeyd edib ki, casuslara qarşı mütləq, müstəsna cəza-ölüm hökmü verilməlidir: “Ölkə konstitusiyasının 27-ci maddəsində yaşama hüququna hansı hallarda xitam vermək olar, bu yazılıb. Ölkənin konstitusion quruluşu əleyhinə ciddi təhdidlər olarsa, vətəndaşların həyat və sağlamlıqları əleyhinə, xüsusilə ağır cinayətlər zamanı bu tətbiq olunmalıdır. Dövlətin sütunları sarsılır, dövlətə qarşı inam azalır. Ona görə düşünürəm ki, casusluq qəsdən törədilir, yəni onlar nə etdiklərinin fərqindədirlər. Bunlar kim tərəfindən, nəyin müqabilində ələ alınmasını da çox gözəl bilirlər. Ona görə də düşünürəm ki, bu cür cinayətlərə ölüm hökmü vacibdir. Düzdür, bizdə ölüm hökmünə müvəqqəti moratorium qoyulub, amma ləğv etməmişik. Kimsə desə ki, ləğv olunub, yox. Mərhum prezident Heydər Əliyevin vaxtında moratorium qoyuldu. Ölüm hökmünə məhkum olunmuş nə qədər insan vari idi, onların hamısı ömürlük həbs cəzası ilə əvəz olundu. Ümumiyyətlə, sağlam cəmiyyətin qurulması üçün ölüm hökmü çox vacibdir. Düşünürəm ki, Azərbaycan vətəndaşlarının, kütləvi informasiya vasitələrinin ayıq-sayıq olması vacibdir, əldə edilən məlumatlar dərhal müvafiq orqanlara ötürülməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur, konstitusion borcumuzdur. Son 30 il ərzində İran tərəfinə işğal olunmuş torpaqlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan alveri üçün münbit şərait yaranmışdı. Onlar qanunsuz dövriyyədən əldə etdiyi pulları terrorçu qruplara ötürür, onları casusluğa cəlb edirdilər. Son dörd il ərzində hər gün narkotik alveri ilə bağlı İranın mütəşəkkil dəstələri zərərsizləşdirilib. Şükür ki, bizim hüquq-mühafizə orqanlarımız kifayət qədər ciddi şəkildə fəaliyyət göstərirlər”.