“Ordumuzun döyüş hazırlığının artırılması üçün bu təlimlərin əhəmiyyəti böyükdür”

“Azərbaycan Ordusu öz bilik və bacarıqlarını daha da təkmilləşdirmək niyyətindədir”.

Bunu açıqlamasında hərbi ekspert Ramil Məmmədli Azərbaycan və Türkiyənin birgə keçirəcəyi hərbi təlimlər barədə danışarkən deyib. 

O bildirib ki, müasir dövrdə Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq 1992-ci ildən başlayıb. Ekspert vurğulayıb ki, hazırda iki ölkə arasında hərbi-texniki və hərbi-siyasi sahədə tədris mübadiləsi aparılır:

“1994-cü il fevralın 9-da Azərbaycanla Türkiyə arasında əməkdaşlığın inkişafı barədə müqavilə imzalanıb. Bununla bağlı 2010-cu ildə Milli Məclisin qərarı yenidən təsdiqlənib. Bu müqavilədə hərbi və təhlükəsizliklə bağlı iki istiqamət var – biri hərbi-siyasi təhlükəsizlik məsələləri, digəri isə hərbi-texniki əməkdaşlıqla bağlıdır. Təlimlər də məhz bu istiqamətdədir. Son 6 ildə hərbi təlimlərin sayı artırılıb və müxtəlif qoşun növləri üzrə təlimlər keçirilir. Bu əməkdaşlığı yüksək qiymətləndirirəm, Türkiyə Silahlı Qüvvələrinin döyüş bacarığı bizim üçün təcrübədir”.

R. Məmmədli bildirib ki, Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən güclü quru qoşunları olan dövlətdir və Azərbaycan Ordusunun döyüş hazırlığının artırılması üçün bu təlimlərin əhəmiyyəti böyükdür:

“Müqavilədə tərəflərdən birinin müstəqilliyinə və suverenliyinə təhlükə olduğu halda, birgə addımların atılması qeyd olunub. Bu təlimlərin keçirilməsi o deməkdir ki, Azərbaycan Ordusu öz bilik və bacarıqlarını daha da təkmilləşdirmək niyyətindədir. Sual yarana bilər ki, Tovuz hadisələrindən dərhal sonra bu təlimlərin keçirilməsi mesajdırmı? Düşünürəm ki, bu cür irimiqyaslı təlimlər ya ilin əvvəlindən, ya da ötən ilin sonlarından planlaşdırılıb. Lakin təlimlərin erməni təxribatlarından sonraya təsadüf etməsinin özündə də hərbi-siyasi məna var. Bu hərbi-siyasi ismarış işğalçı Ermənistana və onun havadarlarınadır. Ümumilikdə, bu təlimləri həm Azərbaycan, həm də Türkiyə üçün əhəmiyyətli hesab edirəm”.

Qeyd edək ki, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Mənbə
mediapost.az
Hamısını Göstər

Related Articles

Back to top button