“Pandemiyanın sonuna yaxınlaşırıq” – infeksionistdən şad xəbər

“Məktəblərdə yayılan virusla bağlı panika yaratmaq lazım deyil

Son günlər koronavirusa yoluxma sayında da,  ölüm sayında da artım müşahidə edilir. Yazını hazırladığımız zaman açıqlanan statistik göstəriciyə görə, koronavirus (COVİD-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan bildirib ki, bəşəriyyət koronavirusla mübarizədə yolun təxminən 60%-ni keçib, lakin gözlənilməz maneələr hələ də baş verə bilər. İsveçrənin “SonntagsBlick” qəzetinə verdiyi müsahibəsində bildirib: “Ümid edirəm ki, tezliklə yolun 60%-ni keçəcəyik. Ancaq başqa bir gözlənilməz dağı aşmaq məcburiyyətində qalmağımız istisna deyil”, – təşkilat nümayəndəsi belə deyib.

Onun sözlərinə görə, “marafon”un yaxın vaxtlarda başa çatması barədə danışmaq hələ tezdir, başqa hansı maneələrin ortaya çıxa biləcəyi hələ məlum deyil. “Yeni variantların ortaya çıxması – pandemiyanın bizi təvazökar olmaq məcburiyyətində qoyan əlamətlərindən biridir”, – deyə Svaminatan əlavə edib.

Bəs yerdə qalan 40 faizi adlamaq üçün bəşəriyyətə neçə il lazım olacaq? 60 fazilik yolu 2.5 ilə qət etdik.

Bu arada məktəblərdə də vəziyyət ürəkaçan deyil.  Valideynlər narazılıq edirlər ki, uşaqlar dərs açılandan tez-tez xəstələnirlər. Siniflərdə uşaqların yarıdan çoxu dərsdə iştirak etmir. Əsasən qrip viruslarının yayıldığı deyilir.  Bəzi valideynlər məktəblərdə idman dərslərinin olmasından da şikayətçidirlər. Övladlarının xəstələnməsinə səbəb kimi, onların tərləməsi və soyuqlamasını görürlər. Bəs görəsən, mövcud vəziyyətdə nə etmək lazımdır? Məktəblər tez-tez dezinfeksiya olunmalıdırmı? Yoxsa qabaqlayıcı başqa tədbirlər görülməlidir?

Bu və digər suallarla bağlı mütəxəssislərin fikrini öyrəndik.

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a bildirib ki, pandemiya dövründə, virusun artıb-çoxalması dönömində  yeni ştammlar ortaya çıxa bilir. Hər halda, ÜST rəsmisi bunu nəzərdə tutub. Amma mən düşünürəm ki, çox ciddi problem olmayacaq.  Çünki yeni çıxan mutasiyalar koronavirusun bir növüdür. Yeni bir virus deyil. Buna görə də ümumi prinsiplər – həm müalicə, həm də vaksinasiya ilə bağlı eynidir.  Burada yeni mutasiyalar, yeni variantlar meydana çıxarsa da, nə qədər aqressiv olarsa, bu, yenə də ümumi qaydaları pozmur. Koronavirusun həm virulent patogenliyi, həm yoluxma yolları eynidir. Buna görə artıq mən düşünürəm ki, pandemiyanın sonuna yaxınlaşırıq. Amma payızda artıq yenidən artımlar gözlənilir.

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev

Müəyyən qədər artım olacaq. Çünki payız fəsli kəskin respirator virus infeksiyalarının artmasına səbəb olan bir dövrdür. Digər amillər isə vaksinasiya prosesinin getməsidir. Artıq üçüncü doza vaksinlər də vurulmağa başlayır,  məsləhət görülür. Könüllü şəkildə də insanlara üçüncü doza vaksini vurdurmağı mən tövsiyə edirəm. Üçüncü doza vaksindən sonra artıq bu yoluxma ehtimalı kifayət qədər azalır və ağırlaşma, ölüm halları da kifayət qədər azalır. Amma az miqdarda yoluxmalar hələ müəyyən qədər qalacaq, kəskin alovlanmalar əvvəlki kimi gözləmirik. Növbəti illərdə də hələ də az sayda yoluxmalar olacaq və payız fəslində də yoluxmaların artması gözləniləndir”.

İnfeksionist məktəblərdəki vəziyyətlə bağlı suala da cavab verib: “Uşaqlar arasında məktəb açıldıqdan sonra artıq xəstələnmələrə rast gəlinir. Bu koronavirus deyil, başqa bir virus infeksiyası,  kəskin respirator virus infeksiyalarından biridir. Böyük ehtimalla rinovirus, adenovirus ola bilər və yaxud başqa viruslar da ola bilər. Koronavirusun  əvvəlki formalarından biri ola bilər.  Hazırda uşaqlar arasında məktəb açılandan sonra geniş yayılmağa başlayıb. Nəzərə alsaq ki, payız fəslidir. Hər il payız fəslində bu hallar baş verir və indi də bu mövsümü qriplər də uşaqlar arasında yayılıb”.

Bu arada, koronavirusun daha yoluxucu “Delta” ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edib. Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırıb. Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək bildirib ki,  koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib: “Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranıb. Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniya və İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib. Son elmi tədqiqatların nəticələrini və COVİD-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (”buster” doza) ilə peyvəndlənməyə çağırır. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər”.

Medicina.az - Dr. Günay Rəsulova-Pediatr

 Günay Rəsulova

Pediatr Günay Rəsulova da valideynləri panikaya düşməməyə səsləyib: “Bu tamamilə təbii bir haldır ki, məktəblər başlayandan sonra uşaqlar tez-tez xəstələnirlər. Bu normal bir vəziyyətdir. Çünki istər-istəməz kollektivə çıxan, bağçaya, məktəbə gedən uşaqlarda ümumi toplum içərisində hər hansı bir virus infeksiyasının tez-tez görünməsi normaldır. Yaxud uşağın yüngül qrip əlamətləri,  burun tıxanıqlığı, tək- tək yüngül öskürəyin olması təhlükəli deyil. Bir uşaq bir ayda 4-5 dəfə də bu vəziyyətdə ola bilər. Xüsusilə də bağçaya gedən uşaqlarda biz bunun şahidi oluruq. Tibbi nöqteyi nəzərdən də burada qeyri-adi və ya narahat olunası bir vəziyyət yoxdur. Amma əlbəttə ki, uşaqda düşmək bilməyən, günlərlə davam edən  hərarət, uşağın dərsə konsentrasiyasına təsir edəcək dərəcədə qıcıqlandırıcı bezdirici öskürək varsa, mütləq həkimə getməli və müalicə almalıdırlar. Hər dəfə uşaq xəstəliyi bu şəkildə ağır keçirirsə,  bu vəziyyətdə valideyn narahat olmalı və bunun səbəbini araşdırmaq üçün mütəxəssisə müraciət etməlidir. Yoxsa ki, bir qış fəslində belə deyək, bir soyuq fəsildə uşaqların ildə yeddi, səkkiz dəfə, hətta bəzən on dəfəyə qədər yuxarı tənəffüs yolları xəstəliklərinə yoluxması normaldır. Əsasən bol maye, sağlam qidalanma və düzgün yuxu uşaqların immun sistemi üçün çox vacibdir. İdman dərsi də çox vacibdir,  əlbəttə, düzgün geyim qaydalarına riayət edilmək şərti ilə uşaqlar açıq havada olmalıdırlar,  oynamalıdırlar,  idman etməlidirlər. Əksinə, uşağın sağlamlığı üçün fiziki tərbiyə önəmlidir”.

Qeyd edək ki, ötən gündən etibarən Azərbaycanda məhkəmə binalarına giriş COVİD-19 pasportu ilə mümkün olacaq.

Oktyabrın 6-da Ali Məhkəmə ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında yeni qərar verib.

“Azərbaycan Respublikasında ”COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6 654 nəfər vəfat edib, aktiv xəstə sayı 12 513 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, ötən müddət ərzində isə ümumilikdə 4 944 352 test aparılıb.

Hamısını Göstər

Related Articles

Back to top button