“Paşinyan rus silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur edilir” – Şərh

“Rusiya prezidenti Vladimir Putinlə aprel ayının 7-də baş tutan görüşün Paşinyanın gözləntilərini doğruldub-doğrultmadığına birmənalı cavab vermək çətindir. İyun ayının 20-nə təyin olunan növbədənkənar parlament seçkilərindən sonra bu görüşlərin nəticə verib-vermədiyinin şahidi olacağıq”.

Bu fikirləri konkret.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov səsləndirib. O bildirib ki, Putin üçün əsas məsələ Dağlıq Qarabağ və onun ətrafında vəziyyətin normallaşdırılması hesab olunurdu: “Bunu o özü görüş haqqında danışarkən bəyan etmişdi. Regionda baş verən prosesləri analiz etmək qabiliyyətinə malik şəxslərə bu görüş üçün kimin daha çox can atdığı heç də sirr deyil. 5 ay bundan qabaq Paşinyanın Moskvada qapı dalında gözləməyə məcbur edilməsi də heç kimin yadından çıxmayıb.

Amma Putinin bu təşəkkürü elə ilk andan görüşün məqsədi haqqında fikir yürütməyə imkan yaradır. Kreml rəhbəri iyunun 20 nə təyin olunan növbədənkənar seçkilərdə Paşinyanın daha çox səs toplaması haqqında düşünür və seçkiyə qədər olan müddətdə onun nüfuzunun artırılması istiqamətində təşəbbüslər edəcək. Deməli Paşinyan, Putin və Rusiya höküməti tərəfindən tələb olunan bütün məsələlərdə güzəştə gedib”.

Politoloqun sözlərinə görə, Putinin Paşinyanı Moskvaya çağırmaqda əsas məqsədi heç də iki ölkə arasında mal dövriyyəsinin artırılması yollarını müzakirə etmək deyildi: “Putin daha ciddi məsələləri gündəliyə qoymuşdu və elə buna görə də görüş 3 saatdan artıq davam etdi. O hər şeydən əvvəl Paşinyandan “ İskəndər” raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrlə Rusiya Hərbi Sənaye Kompleksinə vurduğu ziyan haqqında izahat istədi və bu ləkənin təmizlənməsi üçün Erməni baş nazirdən təsirli addımlar atmağı tələb etdi. Bu addımların da Rusiyadan yeni hərbi texnika alınmasından ibarət olacağı heç kimdə şübhə yaratmır. Hər alınan hərbi texnika partiyasının Ermənistana təqdim olunması zamanı, Paşinyan Rusiya silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur ediləcək. Paşinyanın görüşə getməzdən qabaq Rusiyadan hərbi texnika alınmasının gündəlikdə olduğunu elan etməsi dediklərimizin əyani sübutudur”.

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq

Politoloq qeyd edib ki, Putini ən çox maraqlandıran üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsidir: “Bu, Rusiya üçün Qafqaz və Yaxın Şərqlə əlaqələrin intensivləşdirilməsində ikinci nəfəs səciyyəsi daşıyır. Ermənistandan keçərək Türkiyə və İranı birləşdirəcək yeni kommunikasiya xətləri Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq olunan sanksiyaların təsirinin azaldılmasında əhəmiyyətli rol oynayacaq. Heç şübhəsiz, Putin Paşinyandan Ermənistan iqtisadiyyatına Rusiya tərəfindən edilən investisiyalar üçün hesabat da tələb edib. Rusiyanın bu qədər tələbi qarşısında Paşinyan da əliboş deyildi. Amma onun bütün xahişlərini toplamaqla bir nəticəyə gəlmək mümkündür. Bu gün Paşinyanı ən çox narahat edən məsələ iyun ayının 20-nə nəzərdə tutulmuş seçkilərdə Rusiyanın xeyir – duasına nail olmaqdır. Məlum olduğu ki, Rusiya bu seçkilərdə öz fovoritini elan etməkdə tələsmir və Kremlin yaxın tərəfdarşı olan eks Prezident Robert Koçaryanla da “dilxoşluq”da davam edir. Görünən odur ki, Paşinyanın indiki halda Rusiyaya təklif etdikləri Koçaryanın verə biləcəyindən daha qiymətlidir”.

Əlimusa İbrahimov Paşinyanın Putinlə Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının fəaliyyəti ətrafında bəzi məsələləri müzakirə etmək istədiyini bildirib: “Bundan başqa onun həll etməyə çalışdığı əsas məsələlərdən biri də,  Azərbaycan həbsxanalarında hökm gözləyən erməni terrorçuların Ermənistana qaytarılmasıdır. Ermənistan terrorçuları hərbi əsir kimi dünya ictimaiyyətinə təqdim etmələsinə baxmayaraq, Azərbaycanın haqlı izahatı qarşısında söz tapa bilmir. Ona görə də bu şəxslərin azad edilməsi məsələsini Rusiyanın öhdəsinə buraxmaq istəyirlər.Təbii ki, Rusiya bu məsələdə Azərbaycana müəyyən təsir göstərə bilər. Amma Azərbaycanın da bu tələb qarşısında irəli sürdüyü məsələlər var ki, onlar yerinə yetirilmədən terrorçuların azad olunması öz həllini tapmayacaq. Amma Rusiya seçkilərdə Paşinyanın üzərində dayandığını qətiləşdirsə, o zaman Azərbaycanı razı edə biləcək mexanizmləri işə salacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button