PATRUŞEV POSTSOVET ÖLKƏLƏRİNƏ XƏBƏRDARLIQ EDİR…

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib ki, guya Amerika Birləşmiş Ştatları keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir.

Patruşevin sözlərinə görə, Vaşinqtonun əsas məqsədi keçmiş SSRİ məkanında MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Anqlosaksların öz planlarını həyata keçirmək üçün şantaj, hiylə və təhdid yolu ilə öz tərəflərinə maksimum sayda dövlətləri cəlb etməyə çalışdığını bildirən Patruşev, həmin dövlətlərin maraqlarının Qərbin vecinə də olmadığını iddia edib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, əslində Patruşev bu açıqlamasıyla Vaşinqtonu və ya rusiyalı rəsmilərin təbirincə desək, “kollektiv Qərbi” deyil, elə keçmiş SSRİ ölkələrini hədəf seçib. Onun sözlərinə görə, Patruşev Rusiyaya qonşu olan ölkələri xəbərdar edib ki, ABŞ və “kollektiv Qərbdən” uzaq dursunlar: “Həqiqətən ABŞ və Avropa İttifaqı keçmiş SSRİ respublikalarının Rusiyanın təsirindən uzaqlaşmasını istəyir, ancaq Patruşevin dediyi kimi, Vaşinqton, London və ya Brüssel Rusiyaya qonşu dövlətlərin öz aralarında nifaq yaratmasına çalışmırlar, bu “kollektiv Qərbin” maraqlarına ziddir, nifaq yaratmağı, “parçala və hökm sür” siyasətini Kreml yaxşı bacarır. Azərbaycan ABŞ-la və Avropa İttifaqı ilə sıx əlaqələrə malikdir, tərəfdaşlıq münasibətləri var, eyni zamanda enerji resurslarımızı satır, qazanc əldə edirik. Azərbaycan, Rusiya istəyir deyə ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya ilə birgə müxtəlif təşkilatlarda yer alan Mərkəzi Asiya ölkələri də Rusiyanın xeyrinə ABŞ və Avropa ilə əməkdaşlıqdan vaz keçməyəcəklər”.

E.Şahinoğlu vurğulayır ki, bu səbəbdən Patruşevin Qərbi hədəf alan açıqlaması Rusiyaya qonşu olan ölkələrin əksəriyyəti üçün əhəmiyyətli deyil.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button