Polşada keçirilən konfransda İranın güney azərbaycanlılara qarşı repressiya siyasəti müzakirə olunub

Topçubaşov Mərkəzi Polşanın Karpaç şəhərində baş tutan 32-ci İqtisadi Forumda “İranda insan hüquqlarının vəziyyəti: etnik azərbaycanlıların nümunəsində” adlı panel keçirilib.

Polise.az  xəbər verir ki, dünyanın müxtəlif yerlərindən nüfuzlu ekspertləri bir araya toplayan bu forumda çıxış edən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Məhsa Əmininin öldürülməsi ilə İran daxilində başlanan etirazların yeni dinamikasının formalaşmasına və nəticədə müxtəlif etnik qrupların, xüsusən də güney azərbaycanlıların insan hüquqlarının pisləşməsinə diqqət çəkib.

Onun sözlərinə görə, İranda güney azərbaycanlılara qarşı baş verən ayrı-seçkilik beynəlxalq səviyyədə kifayət qədər öyrənilmir və müzakirə olunmur. Odur ki, təşkil olunmuş panel bu istiqamətdə daha çox müzakirələrə yol açmağı hədəfləyir.

Vaşinqton Universitetinin (Sietl, ABŞ) tədqiqatçısı Ramin Cabbarlı, öz növbəsində, İranda onilliklər ərzində güney azərbaycanlılara qarşı diskriminativ münasibət və onun müxtəlif aspektləri olan farslaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi, ana dilində təhsilin olmaması, iqtisadi ayrı-seçkilikdən bəhs edib.

Panelin digər iştirakçısı, Toronto Universitetinin tədqiqatçısı Türkan Bozqurd isə çıxışında “gender aparteid”i və “mizoginist siyasəti” ilə tanınan İranda etnik qrupların hüquqlarının gender aspektlərinə diqqət yetirib: “Bu kontekstdə İrandakı azərbaycanlı qadınlar təkcə cinsinə görə deyil, həm də etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliklə üzləşirlər”.

Aylarla davam edən Məhsa Əmini etirazları zamanı həbs edilən, işgəncələrə məruz qalan və öldürülən qadınların geniş məlumatlarını insan hüquqları hesabatlarında toplamış T.Bozqurd sözügedən etirazların simvollarına çevrilmiş Hadis Nəcəfi və Elnaz Rekabi kimi nüfuzlu azərbaycanlı qadınları da xatırladıb.

Bir vaxtlar ən böyük duzlu göllərdən biri sayılan Urmiya gölünün tədricən quruyub yoxa çıxması ilə bağlı bu yaxınlarda “Nyuizuik” jurnalında məqalə yazmış digər natiq Cozef Epsteyn bu ekoloji fəlakətin əhəmiyyətini, mümkün siyasi, iqtisadi və demoqrafik nəticələri barədə danışıb. Onun sözlərinə görə, azərbaycanlıların məskunlaşdığı əyalətdə yerləşən göldə suyun səviyyəsi bu sürətlə azalmağa davam edərsə, bu, tarixdə ikinci ən böyük əhali köçünə səbəb ola bilər.

C.Epsteyn həmçinin ABŞ-da Güney Azərbaycan məsələsinin kifayət qədər müzakirə olunmamasına diqqət çəkərək, ABŞ siyasi dairələrinə təsir edə bilmək üçün Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Tel-Əviv Universitetinin Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı Hay Eytan Koen Yanarocaq isə daha çox Güney Azərbaycan məsələsinin Yaxın Şərq və Qafqaz kontekstində geosiyasi çəkisi barədə danışıb. O bildirib ki, bu mövzu Tehranın bölgədəki xarici siyasətini formalaşdıran amillərdən olub, onun şimal qonşusu Azərbaycana qarşı iddialı və bəzən qeyri-dost münasibətin, eləcə də Azərbaycana qarşı Ermənistanla tərəfdaşlıq kimi geosiyasi ititfaqların yaradılmasına təsir edir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button