Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu – FOTO

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.
Polise.az xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir. Festivalda səkkiz ölkə təmsil olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki hissədən ibarət milli pavilyonumuz qurulub. Pavilyonun kulinariya hissəsində Azərbaycanın milli mətbəxi və zəngin qastronomiya ənənələri təqdim olunur. Burada ölkəmizin müxtəlif regionlarına xas yerli bitki, meyvə, taxıl, çərəz və digər məhsullar, eyni zamanda, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunmuş çay mədəniyyəti ənənəsi ziyarətçilərə nümayiş etdirilir.
Pavilyonun ikinci hissəsində isə xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti təqdim olunur. Bu hissədə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.
Pavilyonda, həmçinin azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisinin, o cümlədən muğam nümunələri səsləndirilib.









