“Putinin “hesab günü” yaxınlaşır, mən 10 il əvvəl demişdim ki…” – Polkovnik sirlərin üstünü açdı
Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda Ukrayna Ali Radasının Hüquq Siyasəti Komitəsinin əməkdaşı, polkovnik Elxan Nuriyev Gundem.az-a müsahibə verib.
Materialı təqdim edirik:
-130 gündən çoxdur ki, Ukraynada müharibə gedir. Müharibə ilə bağlı proqnozlar fərqlidir. Bəzi Qərb ekspertləri bəyan edirlər ki, Rusiyanın hələ uzun müddət Ukraynada müharibə aparmaq imkanları var. Ukraynanın necə, uzun müddət müdafiə olunmaq və işğal olunmuş əraziləri geri almaq üçün potensialı varmı?
-Mən hesab etmirəm ki, Rusiya uzun müddət müharibə aparacaq. Bəli, onun potensialı var. Əhalisi çoxdur, neft-qaz ölkəsidir və s. Amma Rusiya öz imkanlarından effektiv istifadə edə bilmir. Biz hələ ki, Rusiyanın sistemli gücü ilə rastlaşmamışıq. Elə də ciddi uğurlar əldə edə bilməyiblər. Hazırda Rusiya ordusu Ukrayna qoşunlarının ciddi müqavimətilə üzləşir. Bəzi yerlərdə onlar geri çəkilmək məcburiyyətində qalırlar. Bir çox ekspertlər kimi, mən də düşünürəm ki, Ukrayna ordusu avqust ayından başlayaraq rus qoşunlarına ciddi zərbə vuracaq, əraziləri azad edəcək, çünki Qərbin modern silahları hələ də gəlməkdə davam edir. Avqust ayında həmin silahlardan peşəkarcasına istifadəyə start veriləcək.
-Bir neçə gün öncə Ukrayna ordusu Qara dənizdəki İlan adasını ruslardan azad etdi. Ukrayna ordusunun “məğlubedilməz rus ordusunu” adadan çıxarması necə mümkün olub? Bu adanın Ukrayna və Rusiya üçün əhəmiyyəti nədən ibarət idi?
-İlan adası Ukrayna üçün həm mənəvi, həm də coğrafi baxımından vacib bölgədir. Ada Qara dənizdə daşınan yüklərə nəzarət etmək imkanı verir. Rusiya ora çoxlu silah-sursat daşımışdı, hava hücumundan müdafiə sistemləri quraşdırmışdılar. Hamısı məhv edildi. İlan adasının azad edilməsi rus qoşunlarının Kiyevdən uzaqlaşdırılması, “Moskva” krayserinin vurulması qədər əhəmiyyətlidir. Ukraynanın bayrağı artıq İlan adasına sancılıb.
-Ukrayna ordusu Luqansk vilayətində Lisiçansk şəhərini tərk etməli oldu. Sizcə, bu geriçəkilmə hansı zərurətdən doğub?
-Lisiçansk Cənubda yerləşir. Ruslar bu şəhəri xarabaxanaya çeviriblər. 3 aya yaxın idi ki, şəhər ətrafında döyüşlər gedirdi. Düşmən orada böyük itkilər verib. Düşmənin 25 batalyon taktiki qrupu həmin istiqamətə cəlb edilmişdi. Lisiçanskdakı Ukrayna ordusu hər an mühasirəyə düşə bilərdi. Ona görə də hərbi-siyasi rəhbərlik şəhərin boşaldılması barədə qərar verdi. Biz bunu böyük itki deyil, manevr hesab edirik. Burada müharibə hansısa yaşayış məntəqəsi uğrunda deyil, perimetr üzrə gedir. Bunlar taktiki-operativ gedişlərdir. Mən 10 il öncə məlumat vermişdim ki, Lisiçansk şəhəri boşaldılacaq.
-Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat bildirib ki, Ukrayna tərəfinin Rusiya qüvvələrini “qovmaq” üçün kifayət qədər gücü yoxdur. Onun sözlərinə görə, DXR və LPR-nin işğalı, demək olar ki, qaçılmazdır. Bu iki bölgənin işğalı başa çatandan sonra Rusiya müharibəni dayandıracaq və danışıqlara başlayacaq. Bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı.
-General Riçard Dannat çox məlumatlı şəxsdir. Ukraynanın əsas ümidi Qərbin müasir silahlarınadır. O silahların qarşısında Rusiya ordusunun duruş gətirməsi mümkün deyil. Silahların üstün cəhəti həm də odur ki, düşmənin ön cəbhəsi ilə arxa cəbhəsi arasındakı əlaqəni aradan qaldırır. 80-85 kilometrlik hədəfləri vura bilən mərmilərdir. Düşmənin logistikası, təchizatı məhv edilir. Rus ordusunda böyük panika var. Onların qalib gəlmək şansı yoxdur.
-Hazırda Ukrayna ordusu hansı istiqamətlərdə üstünlüyü ələ alıb? Ukrayna ordusunun irəliləməsinə mane olan məqamlar nədən ibarətdir?
-Bütün istiqamətlərdə döyüşlər gedir. Ukrayna ordusu Cənub istiqamətində böyük uğurlar əldə edib. İndi belə məlumatlar dolaşır ki, Krım yarımadası Donbasdan daha tez azad oluna bilər. Xerson istiqamətində üstünlük var. Ukrayna ordusu Xerson şəhərilə atıcı silahların atəş məsafəsi qədər olan məsafədədir. Xarkov istiqamətində də Rusiya ordusuna sarsıdıcı zərbələr vurulub. Müharibə elmdir, qrafik üzrə gedir. Hər bir əməliyyatın məqsədi var. Hazırda əsas məqsədlərdən biri də odur ki, rus ordusu ciddi itki versin. Söhbət canlı və texnika itkilərindən gedir.
-İsveçrədə Ukraynanın bərpası ilə bağlı donor konfransı keçirilib. İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər. Necə hesab edirsiniz, bu vəsaitlə Ukraynada müharibənin vurduğu zərəri aradan qaldırmaq mümkün olacaqmı?
-Düşünürəm ki, Qərb Ukraynaya lazım olan qədər vəsait ayıracaq. Ukraynanın 500 milyard dollar deyil, 1 trilyon dollara ehtiyacı var. Müharibə hələ bitməyib. Rusiyanın Ukraynaya təcavüzü davam edir. Şəhərlər, rayonlar, kəndlər dağıdılır, xarabaxanaya çevrilir. Əhali Ukraynanın digər şəhərlərinə köçür, Avropaya üz tuturlar. Ona görə də hesab edirəm ki, bu ölkəyə daha çox vəsait lazım olacaq ki, vurulmuş yaraları sağalda bilsin. Bu gün azad dünya Ukraynanın yanındadır. Məsələ təkcə Ukrayna deyil. Dünyanın gələcəyi həll olunur. Qərb bunu bilir, ona görə də lazım olan dəstəyi verəcək ki, Ukrayna bu müharibədə qalib gəlsin. Tarixdə elə bir ölkə yoxdur ki, Rusiya qədər dünyadan təcrid olunsun, sanksiyalara məruz qalsın. Rusiya bu sanksiyalara nə qədər dözə biləcək? Artıq Rusiyada partizan hərəkatları genişlənib. Bu ölkənin hərbi komissarlıqları yandırılır, qatarlar dəmiryol relslərindən çıxarılır və s. Gələcəkdə Rusiyanın daxilində bu kimi hallar daha da genişləcək. Rus xalqı ayağa qalxıb Putini devirmək məcburiyyətində qalacaq. Hər şey Rusiyanın istəklərinin əksinə baş verir. Ukraynanın NATO-ya üzv olmasını istəməyən Rusiyanın qonşuluğunda NATO bazaları qurulur. Yeni-yeni ölkələr Atlantika blokuna qoşulur. Bütün bunlar onu göstərir ki, Rusiya ətrafında çəmbər daralır, Putinin hesab verəcəyi gün yaxınlaşır.
Söhbətləşdi: Nurlan