Qərbin İrana hərbi müdaxiləsi… – Ekspert
Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlının Axar.az-a müsahibəsi:
– Bütün dünyanın diqqəti molla rejiminin həyata keçirdiyi edamlara yönəlib. Bu edamları və etirazçılara qarşı qəddar hücumu dayandırmaq üçün İrana qarşı hansısa sərt tədbirlər görülə bilər?
– 1979-cu ildən bu günə kimi İranda zaman-zaman belə aksiyalar baş verib və İran hakimiyyəti də bu aksiyalara sərt tədbirlərlə yatırıb. İndiki aksiya isə çox fərqlidir. Bir qadının əxlaq polisi tərəfindən öldürülməsi nəticəsində qadınlar kütləvi etiraza başladı, sonra İranın başqa bölgələrinə yayıldı. Bu etiraz aksiyalarının fərqi odur ki, dünya mediasına yayıldı, dünya gündəminə düşdü, dövlətlər İrana qarşı bəyanatlar verdi, sərt sanksiyalarla hədələdi, bəziləri də sanksiya tətbiq etdi.
Bu aksiyaları ümumi götürəndə hansı siyasi qüvvənin, hansı siyasi liderin apardığı bilinmir. Sadəcə bəzi siyasi qüvvələr dağınıq halda aksiyalar təşkil edir. Bu aksiyalar başlayandan nə qədər insanın öldüyü, edam olunduğu, həbs edildiyi barədə dəqiq say bəlli deyil.
İranda klanlar arasında hakimiyyətə gəlmək uğrunda mübarizə gedir. Xamenei öz oğlunu hakimiyyətə gətirmək istəyir. Bəzi qrup və fraksiyalar isə buna qarşıdır. Bundan başqa, bu etiraz aksiyalarına görə İran rejimi xarici qüvvələri günahlandırır. Tehran rejimi daxili iğtişaşları sakitləşdirmək üçün bunu edir və konkret olaraq ABŞ və İsrailin adı çəkilir.
Dünya dövlətlərinin İrana birbaşa hərbi müdaxiləsi gözlənilmir. Çünki Rusiya-Ukrayna müharibəsi gedir. Bu ərəfədə İrana hər hansı hərbi müdaxilə ola bilməz. Düşünürəm ki, Ukraynada müharibə bitdikdən sonra da İrana hər hansı hərbi müdaxilənin olacağını demək çətindir. Təkcə ABŞ və İsraildən asılı deyil, başqa dövlətlərin də mövqeyi var.
Böyük dövlətlər edamlar və repressiyalarla bağlı bəyanatlar verir, etirazçıları dəstəkləyir, müəyyən sanksiyalar paketi irəli sürürlər. Düşünürəm ki, bundan irəli gedilməyəcək. Hər bir dövlət öz maraqları çərçivəsində hərəkət edəcək. Yalnız İranda xalqlar özü hakimiyyət çevirilişi edə bilər.
– Molla rejimini yaxın gələcəkdə nə gözləyir?
– Son aksiyalarda keçmiş prezidentlər də etirazlara müəyyən dəstək verir, hökumətdən xalqın tələblərini dinləməyi tələb edirlər. Hətta Xameneinin bacısı qızı hökumətə qarşı çıxış etdi və ona 15 il iş verdilər. Ölkənin baş prokuroru əxlaq polisinin ləğv olunduğunu bildirdi. Bu o deməkdir ki, İran dini idarəetmə formasından, “islam qanunları” adı altında şəriət üslubunda əxlaq polisindən imtina etdiyini bildirir. Bunu geriyə atılmış addım kimi dəyərləndirmək olar.
Ümumiyyətlə, insanlar şahı devirmək üçün küçələrə çıxıb inqilab etdiyi kimi, molla rejiminin də sonunu gətirəcək. Ancaq İranda hələlik siyasi partiyalar mübarizə aparmır, etiraz aksiyalarının lideri yoxdur. Bu səbəbdən də yaxın günlərdə hakimiyyət dəyişikliyi olacağını düşünmürəm. Yalnız xalqla siyasi qurumlar birləşsə, hakimiyyət çevirilişi baş tutar.
– Necə düşünürsünüz, bu etirazlar açıq-aydın milli davalara çevrilib İranın parçalanmasına gətirib çıxara bilərmi?
– İranda hazırda müxtəlif etnik xalqlar Tehran mərkəzi hakimiyyətinə qarşı müəyyən üsullarla mübarizə aparır. Mərkəzi hakimiyyətə qarşı mübarizədə aktiv olan və çoxluq təşkil edənlər Azərbaycan türkləridir. Bundan başqa, ərəblər, kürdlər və bəluclar da mübarizə aparırlar. Bəzi xalqlar da var ki, ümumiyyətlə Tehran rejiminə qarşı milli zəmində kütləvi dirəniş göstərmirlər. Ərəblər, kürdlər və bəluclar silahlı mübarizə aparırlar. Sivil mübarizə aparanlar isə Azərbaycan türkləridir.
İranın parçalanacağına inanmıram, çünki böyük güclər və region dövlətləri bunu istəmir. Onların maraqları İranda hakimiyyət çevrilişi üzərindədir. İran rejimi sivil və bir azca demokratik düşüncəyə malik olsaydı, azərbaycanlılara, ərəblərə və kürdlərə insan haqları çərçivəsində (Ana dilində təhsil, mətbuat və b. imkanlar) muxtariyyət verərdi. Ancaq bunu etmir.
Azərbaycanlılar bu etiraz aksiyalarına dəstək verirlər, ancaq tam olaraq qanlı toqquşmalara girmirlər. Mən bunu çox doğru olaraq dəyərləndirirəm. Çünki kor-koranə, siyasi mərkəzi və gücü olmayan dağınıq etirazlarda kütləvi qırğında qurban getməmək daha məqsədəuyğundur.
O biri tərəfdən, İran rejimi Urmiyada – Qərbi Azərbaycan torpaqlarında kürdləri yerləşdirir. Vaşinqton da içində olmaqla, bir sıra dövlətlərin orada Kürdüstan dövləti qurmaq planı var. Gedişatın necə olacağı hələlik bəlli deyil.
– Rusiya Ukraynada işğal planından əl çəkmir. İran rejimi ilə münasibətləri isə xeyli yaxındır. İkisinin birləşib siyasi gücə çevrilməsi mümkündürmü?
– Rusiya-Ukrayna müharibəsi dünyanı çox maraqlı bir prosesə sürüklədi. Özünü “böyük imperiya”, “super-dövlət” kimi qələmə verən Rusiya İrandan silahlar, dronlar aldı. Əvəzində çox güman ki, İrana nüvə silahı əldə etməkdə dəstək verir. İkincisi, məlumat yayıldı ki, Rusiya İrandakı etiraz aksiyalarının yatırlmasında iştirak üçün təcrübəli əməliyyatçıları Tehrana göndərir. Beləcə, Rusiya İranı Ukrayna bataqlığına saldı. İranın Ukrayna ilə münasibətləri gərginləşdi. Dünya dövlətlərinin Rusiya-Ukrayna müharibəsindəki mövqeyinə görə İrana reaksiya verməsinə gətirib çıxardı.
Rusiya ilə İranın birləşib hər hansı gücə çevrilməsi inandırıcı deyil. Hər ikisi sanksiya və embarqolara məruz qalan dövlətdir. Ancaq ikisi birlikdə Qafqazda öz maraqları çərçivəsində oyunlar oynayırlar.
– İranın hazırda Azərbaycanla münasibətlərini necə qiymətləndirirsiniz?
– İran Azərbaycan Respublikasının varlığını, Üçrəngli bayrağın dalğalanmasını özünə qarşı hər zaman təhdid olaraq görüb. Bu, bu gün də belədir, sabah da belə olacaq. 1991-ci ildən bu günədək Azərbaycanla İran arasında zaman-zaman gərginliklər olub. Arada-sırada isti münasibətlər yaransa da, alt qatda soyuq münasibətlər davam edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra İran daha da aqressivləşib, Azərbaycana qarşı bir-iki aydan bir məntiqsiz fikirlər bildirir, təhdidlər edir.
Münasibətlərin normallaşması üçün İran Azərbaycana normal qonşu kimi əl uzatmalıdır. O zaman Azərbaycan da İranla qonşuluq münasibətlərini davam etdirəcək. Azərbaycan–İran arasında olan soyuqluğun səbəbkarı Azərbaycan dövləti və xalqı yox, İrandır.
İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Qafanda bütün əndazəni aşaraq konsulluq açdı. İranın diversiya qruplarının erməni separatçılara təlim keçməsi, silah-sursat və başqa məsələlərdə yardım etməsi ilə bağlı məlumatlar yayılır. Bununla İran qırmızı xətləri keçir. Ancaq bunun müharibəyə gətirib çıxaracağını düşünmürəm. Münasibətlər soyuq olsa da, hər iki tərəf diplomatik qapını bağlamayıb.
– Azərbaycan dövlətinin Güney Azərbaycan siyasətini necə dəyərləndirirsiniz?
– Azərbaycan dövlətinin Güney Azərbaycanla bağlı ən aktiv siyasəti 1992-93-cü illərdə Əbülfəz Elçibəy hakimiyyəti dövründə olub. Sonradan mərhum Heydər Əliyevin hakimiyyəti dövründə İranda müəyyən gərginliklərin azaldılması üçün Güney Azərbaycana dəstək olmayacağını bildirsə də, usta siyasətçi olaraq pərdəarxasında Güney azərbaycanlılara dəstək oldu. Bu məsələ Azərbaycan cəmiyyətində də gündəmdə idi. 2003-cü ildə İlham Əliyev prezident seçildikdən sonra Güney Azərbaycan məsələsi bir az geriyə atılmışdı, cəmiyyətdə elə də gündəmdə deyildi. Azərbaycan dövləti isə müəyyən mənada buna açıq dəstək vermirdi. Ancaq Güney azərbaycanlı alimlər və yazıçılar siyasi partiyalar tərəfindən dəstəklənirdi.
Son zamanlar İran həddini aşandan sonra Azərbaycan dövləti İsraildə səfirlik açılması ilə bağlı addım atdı. Mən Azərbaycan dövlətinin bu siyasətini alqışlayıram. Azərbaycan dövlətinin prezidenti Güney Azərbaycandakı soydaşlarımz haqqında çox yerində fikirlər bildirdi. Hazırda Güney Azərbaycan məsələsi Azərbaycan televiziyalarında və mətbuatında gündəmdədir, cəmiyyət bundan danışır. Azərbaycan prezidenti o sözləri dedikdən sonra bu, əmələ keçirilməlidir. Bütün dövlət qurumları, məmurlar Güney Azərbaycan məsələsinə diqqət ayırmalıdır. Oradan bura gələn tələbələrin təhsilinə dəstək olunmalıdır. Mühacirlərin oturum almaları üçün güzəştlər edilməlidir. Dövlətin pərdəarxası dəstəyi ilə bu proses sürətli getməlidir. Təkcə Güney azərbaycanlıların yox, bütün dünyadakı azərbaycanlıların təhlükəsizlik hüququnun təmin olunması üçün Azərbaycan dövləti əməli addımlar atmalıdır. Mən Azərbaycan dövlətinin başçısının bu yöndə fikirlərini dəstəkləyirəm.