Qalxın ki, qalxaq

Ön cəbhə xəttində ayıq-sayıq dayanan əsgərlərimizə.

Siz ey bu torpağın ər oğulları,
mətin insanları ,nər oğulları.
Hələ qarşımızda ağır imtahan,
hələ çiynimizdə əzablı yük var.
Qalxın,nərənizdən qızışsın meydan,
qalxın, zərbənizdən titrəsin dağlar.

Siz ey cəbhə boyu ayıq olanlar,
gecəni sübhətək oyaq qalanlar,
gözünüz rəqibdə olsun həmişə,
əliniz tətikdə olsun həmişə.
Cəsurlar ölməyə,uduzmağa yox,
qələbə əzmiylə girir döyüşə.

Siz ey şir biləkli, qartal gözlülər,
yolundan dönməzlər, kişi sözlülər.
Rəqib önünüzdə duruş gətirməz,
əgər qarşısında sipər olsanız.
Vətən sərhəddindən quş səkə bilməz,
siz orda keçilməz çəpər olsanız.

Siz ey and yerimiz, güvənc yerimiz,
səcdəgah yerimiz, söykənc yerimiz.
Uyduq hiyləsinə kələkbazların,
onların istəyi, sevgisi üzdə.
Marağı ayrıymış bu işbazların,
ümid də sizdədir, qüvvət də sizdə.

Siz ey mələk kimi təmiz əsgərlər,
övlad, qardaş qədər əziz əsgərlər.
Sizin çiyninizdə qorunur Vətən,
sizin adınızla tanınır Vətən.
Amandı, sıx durun səf sıranızda ,
əsgər gücsüz olsa,tez sınar Vətən.

Siz ey ön cəbhədə xidmət edənlər,
özünü Vətənə qurban deyənlər.
Kimsə deyə bilməz qurbanlıq sizə ,
qəhrəman oğullar, igid oğullar.
bütün bu el-oba qurbandır sizə,
ey torpaq uğrunda şəhid oğullar.

Siz ey döyüşlərdə ad qazananlar,
ayaq izləriylə tarix yazanlar.
Min ilin tarixi ibrətdir bizə,
qorunur o yurd ki, qormazı çoxsa.
qalxın,örnək olun bir-birinizə,
Allahın izniylə qalxın ki, qalxaq!

Hamısını Göstər

Related Articles

Back to top button