Qarabağ erməniləri üçün yalnız Azərbaycan layiqli bir həyata zəmanət verə bilər

Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda fəaliyyətinin hər günü erməni qaçqınlarının geri qayıtması və müharibədən sonrakı həyatın qurulması barədə hesabatlarla müşayiət olunur. Buna, həm sülhməramlı missiyanın məsuliyyət dairəsi daxilində yaşayış məntəqələrində infrastrukturun bərpası, həm mənzillərin, məktəblərin, xəstəxanaların təmiri və yerli sakinlərə tibbi xidmət kimi sosial fəaliyyət daxildir.

Beləliklə, Rusiya tarixdə bir daha ermənilərin xilaskarı rolunda çıxış edir. Bu missiya təkcə Ermənistan dövlətinin süqutunun qarşısını almağa yönələn səylərlə deyil, həm də Qarabağın dağlıq hissəsində erməni ünsürünü qorumaq cəhdləri ilə özünü göstərir.

Dağlıq Qarabağın erməni icması, Azərbaycan dövlətinin ona verdiyi təhlükəsizlik və dinc inkişaf zəmanətinə baxmayaraq, yenə də Ermənistanın işğalçı qüvvələrinin məğlubiyyəti və torpaqlarımızın azad edilməsi ilə başa çatan 44 günlük müharibə zamanı Azərbaycanın bu bölgəsini demək olar ki, tamamilə tərk etdi.

Bununla birlikdə, təxminən 200 il əvvəl erməniləri Cənubi Qafqazda məskunlaşdıran Rusiya (20-ci əsrin əvvəllərində rus tədqiqatçısı N.İ.Şavrov bildirdi: “Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisi deyil və bizim tərəfimizdən köçürülüb), 2020-ci ildə həmin köçkünlərin nəsillərini Qarabağından tamamilə köç etməkdən saxladı.

Buna baxmayaraq, Qarabağ erməniləri indi son dərəcə aktual bir sualla qarşılaşırlar: Rusiyanın onları əbədi yedizdirəcəyinə, geyindirəcəyinə, yəni dolanışıqlarını təmin edəcəyinə ciddi şəkildə arxalana bilərlərmi?

Bu suala müsbət cavab vermək mümkün deyil. Və yalnız ona görə yox ki, Rusiya sülhməramlı missiyasının prioritet hədəfi öz dövlətlərinin geosiyasi maraqlarına xidmət etməkdir, həmçinin ona görə ki, Qarabağ erməniləri kimi əbədi asılı bir yükü öz çiyinlərində daşımaq, hətta sadə büdcə xərcləri baxımından da Rusiyanın maraqları üçün tamamilə qəbuledilməzdir.

Rusiya KİV-lərində yayımlanan məlumatlara əsasən, ilkin hesablamalar, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda məsul olduqları bölgələrdə fəaliyyəti onlara hər il 50 milyon dollardan (85 milyon AZN) çox olmayacağı ehtimalını göstərirdi. Ancaq sonra aydın oldu ki, Rusiyanın yerli əhaliyə göstərdiyi humanitar yardım miqyası RF büdcəsinə daha böyük məbləğə başa gələcək. Eyni zamanda, Rusiyadan gələn humanitar dəstəyin Qarabağ ermənilərinin zəruri ehtiyaclarını ödəmək üçün yetərli olacağı barədə də ciddi şübhələr var. Daha dəqiq desək, kifayət etməyəcəyi açıq-aydındır.

Bir vaxtlar erməni mətbuatı “DQR”in büdcəsinin təqribən 250 milyon dollar (425 milyon AZN) olduğu barədə məlumatlar yaymışdı. Bunlardan 100 milyon dolları (170 milyon AZN) Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii sərvətlərin, ilk növbədə qızıl yataqları və taxıl bitkilərinin əkin sahələrinin qanunsuz istismarı yolu ilə əldə olunurdu. Qarabağ ermənilərinin dəstəyi üçün təxminən 150 milyon dollar (255 milyon AZN) Ermənistan büdcəsindən təmin edilirdi. Bəs indi, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və müharibədə məğlub olan Ermənistanın “şurtvatslar”a xərcləmək barədə deyil, öz həyatı haqqında düşünməsini nəzərə alsaq, Qarabağ ermənilərinin həyat mənbəyi nə olacaq?

Həqiqətənmi, Rusiya bundan sonra bu yükü daimi olaraq öz üzərinə götürəcək və hər il yüz milyonlarla dollar xərcləyəcək ki, Qarabağ ermənilərinə məğbul yaşamla təmin etsin, onları Azərbaycan dövlətinin yurisdiksiyasında olan, ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsinə bağlasın?

Aydındır ki, yox. Beləliklə, Qarabağ ermənilərinin həyati maraqlarını qorunmağının yeganə doğru, zəmanətli yolu özlərini Azərbaycan vətəndaşı olduğunu anlamaq və qəbul etməkdir.

Yalnız Azərbaycan dövləti və dünyada başqa heç bir qüvvə yox, onlara vətəndaşları olaraq təhlükəsizlik və tam hüquqlu sosial inkişaf təminatları ilə təmin etməyə hazırdır. Sadə dillə desək, uğursuz Ermənistan dövlətinin hakimiyyəti altında acınacaqlı yaşayış sürən Qarabağ ermənilərinin Azərbaycan torpaqlarının onilliklər boyu işğalı zamanı məhrum olduqları sülh və firavanlığı yalnız rəsmi Bakı təmin edə bilər…

Və reallıq budur ki, Qarabağ ermənilərinin həm siyasi, həm də sosial-iqtisadi icmasının mövcudluğu onların Azərbaycanın suverenliyini tanımasından asılıdır.

Azərbaycan azad olunmuş bölgələrin dirçəldilməsi üçün möhtəşəm bir işə – ümumi regional firavanlığın bir hissəsi olacağını vəd edən böyük bir bərpa prosesinə başladı. Bu o deməkdir ki, Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşı hesab etdiyi Qarabağ ermənilərinin layiqli bir həyatı üçün tarixi şansı var. Bu şansı yalnız Azərbaycan təmin edə bilər və edir.

Hamısını Göstər

Related Articles

Back to top button