“Qarabağda təxribatlar ola bilər, müharibə isə…” – Sabiq nazir

Ermənistan ordusunda baş verən son hadisələri müzakirə etmək üçün Baş nazir Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda Ermənistanın daxili və xarici təhlükəsizliyi, dövlətin qarşısında duran çətinliklər, həlli yolları müzakirə olunub. Ermənistanda daxili vəziyyət gərgindir və Paşinyan üstünlüyü qorumaq üçün hər vasitəyə əl atır. Digər tərəfdən, “İsgəndər” raketi ilə açıqlamasının yanlış olduğunu deməsi də Paşinyanın mövqeyinə təsirsiz ötüşə bilməz.

Maraqlıdır, Paşinyan hakimiyyətini qorumaq üçün yeni müharibə anonsu verə və ya müharibəyə başlaya bilərmi?

Məsələyə münasibət bildirən Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında deyib ki, Paşinyan müharibə ilə bağlı heç bir hərəkətə cəhd edə bilməz:

“Ermənistanda daxili gərginlik çox yüksək səviyyədədir. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan heç bir müharibə anonsu verə bilməz. Çünki 44 günlük müharibədə Ermənistanın hərbi potensialı sıradan çıxıb, iqtisadiyyat bərbaddır. İndiyədək də heç bir irəliləyiş yoxdur. Ona görə də Paşinyan müharibəyə cəhd edə bilməz”.

Sabiq nazir daxildə qarşıdurmaların olacağını istisna etmir:

“Şəxsən mənim rəyim ondan ibarətdir ki, Paşinyan öz hakimiyyətini saxlayacaq və 10 noyabr birgə bəyannaməsindən irəli gələn öhdəliklər Ermənistan üçün qüvvədə qalacaq”.

T.Zülfüqarov hesab edir ki, Ermənistanda hakimiyyətə “Qarabağ klanı” gəlsə belə, ölkə 10 noyabr bəyannaməsindən irəli gələn öhdəliklərdən boyun qaçıra bilməyəcək:

“Paşinyanın rəqibləri olan Rusiyaya meyilli hərbçilər və “Qarabağ klanı” hakimiyyətə gəlmiş olsa belə, bu bəyannamənin öhdəliklərindən qaça bilməzlər. Çünki Rusiya bu bəyannamənin öhdəliklərinin Ermənistan tərəfindən yerinə yetirilməsində maraqlıdır. Vladimir Putin əbəs yerə demədi ki, əgər Ermənistan 10 noyabr bəyannaməsinin öhdəliklərini yerinə yetirməsə, bu, onun üçün fəlakət olar. Bu baxımdan heç bir əsas yoxdur ki, Ermənistanda daxili böhran bu və ya digər şəkildə bizə qarşı yönəldilsin. Təxribatlar ola bilər. Amma Azərbaycan ordusunun təxribat səviyyəsində atılan addımların qarşısını almaq üçün yetərincə imkanı var”.

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close