Qazaxıstan olayları Bakını buna məcbur etdi

Artıq Qazaxıstanda baş verən hadisələrin səbəbləri qismən aydınlaşmaqdadır. İlk üzə çıxan odur ki, bu türk ölkəsində “rəngli-məxməri inqilab” nəzərdə tutulubmuş.

Keçmiş bankir, hazırda Fransada sığınacaq tapan, kifayət qədər ziddiyyətli, Avropada belə maliyyə məsələlərinə görə həbs cəzası alan Muxtar Ablyazov etiraz aksiyalarının Kiyevdən idarə olunduğu haqda məlumat yayıb və bu, kifayət qədər ciddi informasiyadır (Böyük Britaniya və Fransada təqib və həbs edilən milyardlara sahib keçmiş bankir və nazirin qəfildən azad edilməsi, azad edilən kimi də Qazaxıstandakı hərəkatı “diriltməsi” səbəbi də bir ayrı məsələdir: hansı öhdəliklə azad edilib? Kim təminat verə bilər ki, bu qədər ittihamlar üstündən hansı şərtlərlə götürülüb?) Qazaxıstanda həqiqətən Ukrayna ssenarisi oynanılırdı: Rusiyanın sərhədləri daxilindəki daha bir böyük ölkədə rəngli inqilabla hakimiyyətə antirus komandanın gətirilməsi, Kremlə qarşı daha bir cəbhənin açılması haqda ilk gündən ehtimallar vardı.

Qazaxıstanda da Ukrayna kimi ruslar ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edirlər və Rusiya sərhədinə yaxın ərazilərdə kompakt yaşayırlar; Qazaxıstanda da rusca əsas işlək dil statusundadır – baxmayaraq ki, ölkədə ruscanın dövlət dili statusu yenicə ləğv edilmişdi; Qazaxıstanda da Rusiyanın təsiri həddən artıq güclüdür; Qazaxıstan da SSRİ-nin nüvə arsenalının yerləşdirildiyi əsas respublikalardan biri olub və Ukrayna kimi, o da böyük dövlətlərin zəmanəti ilə nüvə arsenalından imtina edib; Qazaxıstan da Rusiya hərbi sənayesində mühüm yer tutur – əgər Ukraynada istehsal önəmliydisə, Qazaxıstanda Baykanur mühümdür və s.

Yalnız 2 yanvar hadisələri başlayandan sonra bəlli oldu ki, Qazaxıstanda da ABŞ-ın biolaboratoriyaları kifayət qədərmiş. Bu, Ermənistan, Gürcüstan və Ukraynadan sonra postsovet məkanında ABŞ biolaboratoriyaları ilə bağlı önəmli fakt oldu.

Qazaxıstan hadisələrindən hansı dərslər çıxdı?

“Məxməri inqilab” ssenariləri yalnız postsovet məkanlarında və yaxud Rusiya ilə nüfuz savaşı aparılan ölkələrdə həyata keçirilir;

Kollektiv Qərb üçün “məxməri inqilab” edilən ölkənin parçalanmasının, hissələrə bölünməsinin heç bir fərqi yoxdur. Əslində “rəngli inqilab”lar ölkənin Rusiya və Qərb arasında bölünməsinin yeni formasıdır. Gürcüstan və Ukrayna nümunəsi bunu bir ayrı formada təsdiqlədi.

Doğrusu, ciddi şübhələr 1992-ci ilə gedib çıxır. Həmin vaxt “rəngli inqilab” deyimi dəbdə deyildi, amma oxşar ssenari idi: Bakıda da Qərb və Rusiya savaşırdı, “demokratik qüvvələr” xalqın dəstəyi ilə silahlı çevriliş etməyi bacardılar, bədəlini ölkənin parçalanıb dağılması təhlükəsi ilə ödədik. Yəni xristian ölkələrindən daha ağır “əvəz” verməliydik. Lakin Heydər Əliyevin sayəsində ölkə xilas oldu, ancaq 20 faiz ərazisi işğal altına düşdü.

Qazaxıstan MDB ölkələri içərisində iqtisadi göstəricilərinə görə ikinci yerdədir; Rusiya ilə siyasi-iqtisadi əlaqələri birgə təmsil olunduqları hərbi-iqtisadi birliklərdə rəsmiləşib. Buna baxmayaraq, ölkə ABŞ və Qərblə ciddi münasibətlərdə idi, Nursultan Nazarbayev Qərb şirkətlərinin ölkəyə külli miqdarda investisiya qoymasına nail olmuşdu; Qərbin “demokratik təsisatları” da bu ölkədə aktiv şəkildə çalışırdılar…

Bax, gəlib çıxdıq əsas məsələyə: Qazaxıstan MDB məkanında Qərb demokratik təsisatlarının ən aktiv fəaliyyət göstərdiyi ölkələrin içərisində yəqin ki, yalnız Ukraynaya uduzar. Statistikaya görə, ölkədə Qərbdən son illərdə qrant alan QHT-lərin sayı 16 mindən çoxdur.

Etiraz aksiyalarını da onlar keçirmişdilər. O ayrı məsələ ki, aksiyalar başlayan kimi radikallar aktivləşdi və silahlı insidentlər başladı. Ehtimal Rusiya xüsusi xidmət orqanlarına yönəlir. Mümkündür ki, Qərbin Qazaxıstanda “məxməri inqilab” ssenarisinə Rusiya hazır olub və ilk gündəcə KQB öz “müdafiə planını” işə salıb. O ayrı məsələ ki, Rusiyanın üslubu budur – zor gücü, qan yolu, ayı kimi…

Amma fakt odur ki, Qərb “demokratik təsisatları” harda varsa, hansı ölkəyə daha çox qrantlar səpələnirsə, hansı ölkədə Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu varsa, burada qərbyönlü bir ordu formalaşdırılır. Bu qurumlar ölkəyə təsir mexanizmidir, demokratiya üzərindən həmin ölkənin nüfuz dairəsinə bölünməsinin memarlarıdır.

Qazaxıstan bir daha sübut etdi ki, Qərb “səxavətlə” ayırdığı qrantları qətiyyən əbəs yerə vermir, bu maliyyə tədricən ölkənin nəzarətə keçirilməsidir.

Bu isə demokratik dünyagörüşə, Avropa dəyərləri anlayışına növbəti dəhşətli zərbə oldu.

Qərb və Avropa dəyərləri anlayışı var: demokratikdir, insan və söz azadlığı ön plandadır, cəlbedicidir, daha firavan həyat vəd edir. Ancaq bu dəyərlərin bədəli həddən artıq ağırdır və Qərb demokratiya “ixrac etdiyi” ölkələrin taleyini düşünmür. Qərb üçün bu ölkələr “demokratik qul”, “azad nökər”, “daha varlı qulluqçu”dan başqa bir şey deyil. Üstəlik, Rusiyanın bu demokratik, azad və varlı ”quldan” payını qoparmasına da mane olmur. Bu pay isə Gürcüstan ərazisinin 20 faizdirsə, Ukraynada 30 faizi keçir, Qazaxıstanda isə Allah bilir neçə faiz torpaq olacaqdı…

Qazaxıstanda “demokratiya idxalı”na daha bir öldürücü zərbə vuruldu, Qərbin ölkələrin, dövlətlərin, xalqların taleyini Kremllə (olsun lap Pekinlə, fərqi yoxdur) bir əyləşdiyi masada əsas kart kimi istifadə etdiyi növbəti dəfə üzə çıxdı, vətəndaşlardan öz dövlətinin taleyi ilə oynamaq üçün istifadə etdiyi aşkarlandı və yumşaq desək, Rusiyanın qonşuları üçün daha mühafizəkar (yumşaq desək) milli düşüncə formalaşmasına səbəb oldu.

Azərbaycan kimi azsaylı ölkələrdə qrantların qabağı alınıb, “demokratik bombalar” zərərsizləşdirilib, təhlükəsizliklə bağlı əhəmiyyətli işlər görülüb.

Bu da müəyyən müddət üçün keçərlidir. Mütləq yerli, milli və tamamilə fərqli inkişaf və demokratiya modeli tapılmalıdır – məsələn, ASAN kimi…

Hamısını Göstər

Related Articles

Back to top button