Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələdən zərər çəkənlərə dəstək üçün 55 ton əlavə humanitar yardım göndəriləcək.
Polise.az Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Geyim əşyalarının, qış çadırlarının, metal çarpayıların, yataq dəstlərinin və digər vacib əşyaların daxil olduğu humanitar yük təyyarə ilə Qaziantep şəhərinə çatdırılacaq.
Bir müddət öncə Qazaxıstan Prezidenti Türkiyəyə təcili yardım qismində bir milyon dollar ayrılması barədə hökumətə göstəriş verib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Suriyaya göndərilən 50 ton humanitar yardım zəlzələdən zərər çəkən Hələb şəhərinə çatdırılıb.