Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nazirliyin mətbuat xidmətindən Polise.az -a bildirilib ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.
Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər. Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər.
Polise.az