Qusar polisi məktəblilərlə görüşüb
Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Əvəcuq kənd tam orta məktəbində “Gəncliyimizi
narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri
keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra hakimiyyətinin
nümayəndələri, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis
polkovnik-leytenantı Hidayət Babayev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən
danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O,
Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar
barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa
çağırıb. Çıxışının sonunda isə H.Babayev gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə
valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.
Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev
hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb.
Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin
Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək təhsil müəssisəsinin yaranma tarixi,
inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli
hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.