Rəsmi İrəvan NATO haqqında “feyk” vasitəsilə Bakını Moskva və Pekinlə necə üz-üzə qoymağa çalışıb?
24 Oktyabr 2021
Bəzi qüvvələr hələ də bu üsullar üzərində çalışırlar. Lakin gəlin hər şeyi ardıcıl nəzərdən keçirək. 2021-ci il oktyabrın 11-də thomsonadam.co.uk internet resursunda Böyük Britaniyanın NATO yanında keçmiş səfiri Adam Tomsonun belə bir başlıqlı materialı dərc olunub: “NATO-nun Xəzər sahilinə baxışı”.
“Caliber.az” xəbər verir ki, məqalənin müəllifləri guya Adam Tomson və Birləşmiş Krallığın alyans yanında hazırki səfiri Sara Makintoşdur.
Məqalənin leytmotivi Zəngəzur dəhlizidir. Materialda belə təxribatçı ideyalar əks olunub ki, guya Azərbaycan ilə Naxçıvan arasında quru yolunun bərpası rəsmi Bakının NATO-ya üzvlüyünə yol açacaq və həm Rusiyanın, həm də Çinin maraqlarına zərbə vuracaq.
Lakin biz materialın əvvəlində heç də nahaq yerə “feyklər” haqqında danışmadıq. Belə ki, yoxlanıldıqdan sonra bu məqalənin də “qəzet ördəyi” olduğu ortaya çıxıb. Bunu müəyyən etmək heç də çətin olmayıb. Bu ifşanı isə elə Adam Tomsonun özü edib. O, öz tviter hesabında bu dezinformasiyaya heç bir aidiyyatı olmadığını açıqlayıb.
“Mənim şəxsi bloqum yoxdur, mənim adımdan yaradılmış bloq isə saxtadır və mən bu barədə polisə məlumat verəcəyəm”, – Tomson yazıb.