Ramiz Mehdiyevin əsərləri Prezident Kitabxanasından silindi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin əsərləri Prezident Kitabxanasından silinib.
Apardığımız araşdırma zamanı məlum oldu ki, kitabxananın http://www.preslib.az saytında R. Mehdiyevin əsərlərinin yerləşdirildiyi http://ramizmehdiyev.preslib.az/ linki aktiv deyil. Linkin yerləşdirildiyi bölmədə belə qeyd yerləşdirilib:
“Mayın 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib”.
Hazırda bu layihəyə giriş bloklanıb. Orada Ramiz Mehdiyevin müəllifi olduğu bütün əsərlərin külliyatı toplanmışdı. Elektron kitabxanada digər bölmələrin hamısı aktivdir və araşdırma zamanı hər hansı texniki problemlər yaranmadı.
Xatırladaq ki, kitabxananın fəaliyyəti kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir.