Rusiya-Ermənistan münasibətlərində həlledici qopma mərhələsi: Kreml İrəvanı itirir?

Kreml üçün Ermənistanın mövcud mövqeyi Rusiyanın regiondakı ənənəvi təsir imkanlarının zəifləməsi baxımından, qəbuledilməz xarakter daşıyır… Bu baxımdan, Rusiya-Ermənistan qarşıdurmasında artıq həlledici “qopma mərhələsi”nin böyük sürətlə yaxınlaşdığı qətiyyən şübhə doğurmur…

Ermənistanın Rusiyanin patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərində yaranmış böhran yeni mərhələyə keçir. Belə ki, bu təşkilatın keçmiş baş katibi Nikolay Bordyuja Ermənistanın üzvlükdən çıxarılmasını təklif edib. Baş nazir Nikol Paşinyanın Rusiyanın ünvanına sərt mesajları və rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasəti isə Kremlə ziddiyyətləri daha da dərinləşdirib.

Onu da qeyd etmək lazımdır ki, noyabrın 11-də Moskvada keçirilməsi gözlənilən KTMT sammiti Ermənistanın bu təşkilatdakı gələcək statusu ilə bağlı taleyüklü qərarlara yol aça bilər. KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja hesab edir ki, Ermənistan təşkilatın fəaliyyətində iştirak etmədiyi və üzvlük haqlarını ödəmədiyi halda, bu qurumda formal tamhüquqlu üzv olaraq, qalması ilə bağlı ziddiyyətləri aradan qaldırmalıdır. Onun fikrincə, rəsmi İrəvan təşkilatda iştirak etmək istəmirsə, üzvlükdən çıxmalı, əks halda isə onun bu qurumdan çıxarılma məsələsinə baxılmalıdır.

20a31e17-d697-4b90-9bfd-02c15aef0072.jpg (167 KB)

Əslində, Nikolay Bordyujanın bu mövqeyi həm də KTMT daxilində yaranmış institusional problemin real mahiyyətini əks etdirir. Belə ki, Ermənistan bu təşkilatın fəaliyyətində iştirakını faktiki olaraq, dayandırsa da, hüquqi baxımdan, hələ də üzv kimi qalır. Halbuki, qərarların konsensus əsasında qəbul edildiyi bu qurumda belə vəziyyət həm də KTMT-da siyasi fikir ayrılıqlarını da dərinləşdirə bilər.

Ermənistanın KTMT ilə münasibətlərindəki böhran 2024-cü ilin fevralında rəsmi İrəvanın bu təşkilatda iştirakını “dondurduğunu” elan etməsindən sonra daha da kəskinləşib. Paşinyan hakimiyyəti bu addımı ölkənin təhlükəsizlik problemləri qarşısında təşkilatın adekvat mövqe nümayiş etdirməməsi ilə əsaslandırıb. Rəsmi İrəvan hesab edir ki, KTMT Ermənistan qarşısında öz müttəfiqlik öhdəliklərini gözlənilən səviyyədə yerinə yetirməyib.

Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin KTMT-yə qayıtmaq niyyətində olmadığını artıq rəsmən bəyan edib. Bu, onu göstərir ki, rəsmi İrəvanın mövqeyi müvəqqəti narazılıqdan daha çox, xarici siyasətdə uzunmüddətli dəyişikliklər ilə bağlıdır. Halbuki, Rusiya və Ermənistan arasındakı gərginlik yalnız KTMT məsələsi ilə də məhdudlaşmır.

Məsələ ondadır ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədri müavini Dmitri Medvedev rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasətini sərt tənqid edərək, bunun Ermənistan üçün ciddi təhlükələr yarada biləcəyini bildirib. O, Ermənistanın «yeni Ukrayna»ya çevrilmə ehtimalını ola biləcək ən təhlükəli ssenarilərdən biri kimi təqdim edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bu yanaşmaya sərt reaksiya verib. O, eyni məntiqlə Ermənistanın «yeni Rusiya»ya çevrilmə təhlükəsindən də danışmağın mümkün olduğunu bildirib.

0631ce7e-f74f-45be-882e-2512ea3b6933.jpg (200 KB)

Erməni baş nazir bildirib ki, «Ermənistan Ermənistandır və başqa bir şeyə çevrilməyəcək. O getdikcə, daha suveren dövlətə çevriləcək». Baş nazir Nikol Paşinyanın bu mövqeyi rəsmi İrəvanın xarici siyasət seçimlərini Rusiyanın müəyyən etdiyi çərçivələrlə məhdudlaşdırmaq istəmədiyini göstərir. Rəsmi İrəvanın əsas məqsədi daha çox Ermənistanın xarici siyasətini şaxələndirmək və Rusiyanın təsirindən asılılığını azaltmaqdır.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın KTMT-də iştirakını dayandırması Rusiyanın Cənubi Qafqazdakı mövqeləri baxımından, böyük geopolitik əhəmiyyət daşıyır. Eyni zamanda, Kremlin patronajlığı altında olan KTMT-nın səmərəliliyinin açıq şəkildə şübhə altına alınması Rusiyanın postsovet məkanındakı nüfuzuna da neqativ təsir göstərir. Və rəsmi İrəvanın Qərblə əlaqələrini daha da genişləndirməsi isə Kremlin geopolitik narahatlığını artıran əsas amillərdəndir.

Məsələ ondadır ki, Ermənistan Avropa Birliyi ilə siyasi və iqtisadi əməkdaşlığı dərinləşdirməyə çalışır. Eyni zamanda, təhlükəsizlik sahəsində də Rusiyaya alternativ tərəfdaşlarla münasibətlərini inkişaf etdirir. Yəni, Ermənistan üçün indi əsas məsələ siyasi əlaqələri genişləndirməklə yanaşı, həm də real müdafiə imkanlarını gücləndirmək və regional təhlükəsizlik risklərini idarə etməkdir.

Digər tərəfdən, Ermənistanın KTMT-də formal üzvlüyünü saxlaması, ancaq təşkilatın fəaliyyətində iştirak etməməsi bu qurumun öz daxilində də ciddi problemlər yaradır. Belə ki, üzvlük öhdəliklərinin yerinə yetirilməməsi və qərarların qəbulu zamanı yaranan ziddiyyətlər təşkilatın effektivliyi ilə bağlı mövcud sualları daha da artırır. Ona görə də, KTMT-nin noyabrın 11-də Moskvada keçiriləcək toplantısında Ermənistanla bağlı sərt müzakirələrin ola biləcəyi istisna edilmir. Hətta bu təşkilatın baş katibi Taalatbek Masadıkov Ermənistanın qurumdan çıxarılma məsələsinin müzakirə edilə biləcəyini vurğulayıb.

427edad6-259a-4ae6-a87f-58bfbcea76da.jpg (173 KB)

Bəzi ekspertlər hesab edirlər ki, bundan sonra Ermənistan ilə bağlı bir neçə ssenarinin reallaşdırması mümkün ola bilər. Birinci variant Ermənistanın KTMT-da formal üzvlüyünün saxlanması, ancaq təşkilatın fəaliyyətində iştirak etməməsinin davam etməsidir. İkinci variant üzvlük öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqidir. Üçüncü ssenari isə Ermənistanın təşkilatdan çıxarılması məsələsinin rəsmən gündəmə gətirilməsidir.

Bu baxımdan, Ermənistanın KTMT-dən çıxarılması ilə bağlı çağırışlar və baş nazir Nikol Paşinyanın Dmitri Medvedevə sərt cavabı Kreml ilə rəsmi İrəvan arasında dərinləşən ziddiyyətləri göstəricisi sayılır. Belə ki, Nikolay Bordyujanın təklifi təşkilatın formal üzvlüklə faktiki iştirak arasındakı ziddiyyətləri aradan qaldırmaq cəhdi kimi görünür. Ancaq baş nazir Nikol Paşinyanın Rusiyaya yönəlik sərt reaksiyası isə Ermənistanın xarici siyasətdə daha müstəqil mövqe tutmaq istəyini əks etdirir.

Halbuki, Kreml üçün Ermənistanın mövcud mövqeyi Rusiyanın regiondakı ənənəvi təsir imkanlarının zəifləməsi baxımından, qəbuledilməz xarakter daşıyır. Çünki Ermənistanın KTMT ilə münasibətlərindəki kəskin böhran həm də Cənubi Qafqazda dəyişən geopolitik reallıqların tərkib hissəsi kimi diqqəti çəkir. Və bu baxımdan, Rusiya-Ermənistan qarşıdurmasında artıq həlledici qopma mərhələsinin böyük sürətlə yaxınlaşdığı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button