Rusiya prezidentinin fikirlərinə söz ardı

Hakimiyyətdə  olduğu 21 il ərzində  prezident Putin  “münaqişənin həllinin hələ zamanı deyil”  deyib uzanmasında maraqlı olduğu  Qarabağdakı erməni separatizmi və işğalla bağlı  son 2 aydakı qədər açıqlama verməyib.  Azərbaycanın ərazi bütövlüyünü bərpası üçün  Qarabağda başlanan  savaşa  ilk dəfə oktyabrda münasibət bildirən Putinin problemə baxışında müsbət məqamlarla yanaşı,  tarixi gerçəklərin təhrifi və Azərbaycanın əleyhinə olan bir neçə tezis diqqəti cəlb etdi. Noyabr və dekabrda  mətbuata açıqlamalarında həmin  təhriflərin davamının şahid olduq.

Savaşın Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş sərhədləri daxilində getdiyindən Rusiyanın müdaxilə etməyəcəyi,  Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və Dağlıq Qarabağ münaqişəsi ifadəsinin işlədilməməsi  kimi fikirləri cəmiyyətimizdə məmnunluqla qarşılansa da, digər fikirləri bir o qədər narahatlıq yaradır. Həmin tezislərə ayrılıqda diqqət yetirək:

  1. Putin Qarabağ münaqişəsini  Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlanan münaqişə yox, etnik münaqişə kimi təqdim edir. Bunlar  tamamilə fərqli anlayışlardır. Etnik münaqişənin mənası siyasi, iqtisadi, mili,dini və  sosial səbəblərlə  iki və ya daha  artıq etnik qrup  arasında baş verən  münaqişədir. Halbuki, Qarabağ münaqişəsi ermənilərin Azərbaycan ərazilərini işğal edib Ermənistana birləşdirmək üçün başlatdıqları savaşdır. Bunun ərazi  iddiası olduğu  1989-cu ilun dekabrın 1-də Ermənistanın Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qəbul etdiyi qərarla təstiqlənir. Görünən o ki, Rusiya prezidenti Qarabağdakı iki toplumun bir arada yaşamasının  imkansız olduğu təəsüratını yaratmaqla, öncə münaqişə bölgəsinə yerləşmək, sonra  uzun müddət bölgədə qalma niyyətini ortaya qoyur. Azərbaycanlılarla ermənilərin sovet dönəmində hər iki ölkədə, hazırda Gürcüstan, Rusiya və digər ölkələrdə dinc yanaşı yaşamaları cənab Putinin  “etnik münaqişə” fikirlərini təkzib edən  ən yaxşı cavab sayıla bilər.
  2. Çıxışlarında mövcud status kvonun saxlanacağı, Dağlıq Qarabağın statusu məsələsinə gələcəkdə baxıla biləcəyi kimi fikirlər problemin dondurularaq, lazım olan  vaxt yenidən qızışdırıla biləcəyi ehtimalını gücləndirir. Bu isə Türkiyə prezidenti tərəfindən irəli sürülən və Putinin dəstəklədiyi əməkdaşlıq formatının mahiyyəti ilə ziddiyət təşkil edir. Problemin beynəlxalq hüququn tələblərinə uyğun  tam şəkildə həlli istiqamətində kontruktiv ardıcıl  addımlar atılmasa o zaman cənubi Qafqazda sülhdən və əməkdaşlıq məsələlərindən danışmaq əhəmiyyətsiz olar. Digər tərəfdən beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycanın  ayrılmaz hissəsi olduğunu söyləməklə bərabər,  müstəqilliyinin Ermənistan tərəfindən tanınmamasını israrla  vurğulaması, ermənilərə mesaj kimi də qiymətləndirilə bilər. Belə təsürat yaranır ki, Rusiya bölgəyə yerləşdikdən sonra problemin həllinin  uzadılması üçün status, dini abidələr və s. kimi mövzuların  beynəlxalq səviyyədə müzakirəsində  maraqlıdır. Putinin “Qarabağ ətrfındakı  vəziyyət beynəlxalq hüququn postulatlarından daha mürəkkəbdir” fikri  məsələnin yaxın dövrlər üçün tam şəkildə həllində maraqlı olmadığının ifadəsi kimi oxunulmaqla,  xoş olmayan niyyətin ifadəsi sayıla bilər.
  3. Təhrif edilən məsələlərdən biri Putinin təkrarladığı “etnik münaqişənin kökündə Sumqayıtda  baş verən hadisələrin durması və sonradan Dağlıq Qarabağa sıçraması” fikridir. Hər halda onun  Rusiya   prezidenti kimi münaqişənin səbəblərini ətraflı  bilməməsi imkansız.  Əgər doğrudan  bilmirsə, onda qısa şəkildə tarixi xatırlamaqda fayda var. Belə ki, Rusiya Azərbaycanın quzeyini işğal etdikdən sonra, 1823-cü ildəki əhalinin siyahıya alınmasında  Qarabağdakı 18563 ailədən yalnız 1559 ailə (8.4%) ermənilər olub. 1823-29-cu illərdə Rusiya İrandan 40 min, Osmanlıdan 84 min ermənini himayə edərək  bölgəyə gətirməklə  əhalinin etnik tərkibini dəyşdirməyə çalışıb. Sonrakı dövrlərdə, Rusiyanın dəstəklədiyi ermənilər 1905, 1918-20-ci illərdə terror yolu ilə   etnik  təmizləmə aparıb  Qarabağın dağlıq hissəsində say çoxluğuna malik olub, bölgəni Azərbaycandan ayırmaq cəhdlərinin qarşısı alınıb. 1923-cü ildə sovetlərin qərarı ilə ermənilərə Qarabağda muxtariyət yaradılsa da, Ermənistan bölgəni ələ keçirmək iddialarından vaz keçməyib və onun rəhbərləri, katalikosları bu niyyətlərini  heç vaxt gizlətməyib. Qarabağın Ermənistana verilməsi barədə 1945-ci ildə o zamankı erməni birinci katib Arutunovun Stalinə məktubu, Katalikos Vazgenin 1958-ci il Bakı səfərində onun  fikrini təkrarlaması və s. kimi faktlar məsələnin etnik münaqişə olmadığının sübutudur. Rusiya prezidenti yəqin münaqişə başlayanda Sumqayıtdan əvvəl   Qarabağda Bəxtiyar və Əli adlı iki azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyindən xəbərdardır.    Ona görə münaqişənin səbəbini Sumqayıt hadisələri ilə əlaqələndirmək doğru yanaşma deyil. Prezident Putinin  “Qarabağda ermənilərin öz həyatları və ləyaqətləri uğrunda silaha sarılmaları”  haqqında fikirləri faktiki olaraq separatçılara haqq qazandırıb,  qoruma cəhdi kimi dəyərləndirilə bilər. Ləyaqət anlayışının Ermənistanın Quqark rayonunda 70-ə yaxın, Qazaxın Bağanıs Ayrim kəndində 30, Qarabağın Malıbəyli kəndində 20, Qaradağlı kəndində 144  və Xocalıda  613 nəfər dinc  azərbaycanlının  vəhşiliklə qətlə yetirilməsi, yüzlərlə  yaşayış məntəqələrinin yandırılıb dağıdılması kimi terror hərəkətləri  ilə heç bir bağlılığı ola bilməz. Bu tip fikirlər  münaqişə zonasında neytral  sülhməramlı missiya həyata keçirməklə mükəlləf  olan  tərəfin niyyətlərinə şübhə ilə baxmağa səbəb olur. 

Sülhməramlı missiyanı həyata keçirməli olan Rusiya üçtərfli anlaşmaya uyğun olaraq üzərinə düşənləri yerinə yetirib,  tərəfləri oz xoş məramına inandırmalıdır. Bu istiqamətdə Rusiyanın görəcəyi xeyli iş var. Xankəndinə taxta şalban daşıyıb tikinti işləri aparmaq əvəzinə ermənilərlə bərabər azərbaycanlı qaçqınların öz yerlərinə qayıtmaları ilə məşğul olmalıdır. Digər azad olunmuş rayonlarda şərait uyğun olmadığından ilkin mərhələdə  rayon sakinləri  yaşayışa yararlı Laçın şəhərinə qaytarıla bilər. Üçtərəfli anlaşma buna əsas verir. Belə ki, Xankəndində olduğu kimi Laçına  qayıdan azərbaycanlı əhalinin təlükəsizliyini Rus sülhməramlıları təmin edə bilər. Ehtiyac olarsa, onlarla bərabər Azərbaycan polisi və Daxili Qoşunların bölmələri prosesdə iştirak edə bilər.   

Üçtərəfli anlaşmaya uyğun olaraq, Laçın dəhlizi  ilə paralel  Rusiyanın  nəzarətində olacaq Naxçıvanı Azərbaycanla birləşdirən Mehri dəhlizinin açılması məsələsi yubanmadan  həll edilməlidir.     

Ən nəhayət BMT TŞ-nın qətnamələrinin tələbi və üçtərfli anlaşmanın şərtlərinə uyğun olaraq  Rusiya münaqişə zonasında qalan Ermənistan ordusunun 25 minə şəxsi heyəti və Qarabağdakı xunta rejiminin silahlı dəstələrinin tərksilah edilərək bölgədən çıxarılmasını təmin etməlidir.

Qeyd olunan məsələlər konkret zaman kəsiyində  həll olunub, bölgədə təhlükəsizlik məsələləri  yoluna qoyularsa  o zaman Rusiyaya inam azalmaz, əksinə artar.

Oktay

Hamısını Göstər

Related Articles

Back to top button