Rusiyada siyasi temperatur yüksəlir! – “Hakimiyyətdə parçalanma…” – Sərt mübarizə!

“Şimal qonşumuzda yaşananların başlıca səbəbi ölkə daxilindəki çəkişmələrdir”

“ABŞ-ın bu proseslərdə “əli”nun olduğuna dair iddiaların ortaya atılmasında məqsəd diqqəti yayındırmaqdır”

“Mübarizənin formaları da sərtləşəcək. Son nəticədə bu, Putinin hakimiyyəti itirməsi ilə nəticələnəcək”

Son günlər Rusiyadakı proseslər ciddi müzakirə predimetinə çevrilib. Yanvarın 23-dən başlanan etiraz aksiyaları ölkədə böyük iğtişaşlar yaradıb. Paytaxt Moskvada, Sankt-Peterburq, Yekaterinburq, Perm, Vladivostok, Novosibirsk, Yakutsk və bir çox başqa şəhərdə başlanan aksiyaların səbəbkarı müxalif siyasətçi Aleksey Navalnıdır. Etirazçılar küçələrə axışaraq Navalnının azad edilməsini istəyiblər. Aksiya iştirakçılarının 3 mindən çoxunun həbs olunduğu bildirilir. Müxtəlif iddialara görə, A.Navalnı əslində Amerikanın yetişdirdiyi bir siyasətçidir. Yəni ABŞ Kremlin bölgədəki gücünü zəiflətmək üçün məhz Navalnıdan və ölkədəki çaxnaşmalardan istifadə edir.

Tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu Rusiyadakı proseslərlə bağlı “Sherg.az”ın suallarını cavablandırıb:

 Sizcə, şimal qonşumuzda cərəyan edən aksiyaların nəticəsi necə olacaq?

-Təxminən 6-7 ay bundan öncə verdiyim müsahibələrin birində söyləmişdim ki, Rusiyada çox kəskin hakimiyyətdaxili mübarizə gedir. Bu gün də həmin fikirdəyəm. Rusiya rəsmiləri, Putin və ona yaxın çevrədən olan şəxslər haqqında zaman-zaman müəyyən kompromatlar üzə çıxdı. Bütün bunlar onu göstərir ki, Kremldə çox ciddi mübarizə gedir. İctimai şüura yeridilir ki, guya Putində parkinson xəstəliyi tapılıb, bunun da perspektivi yoxdur. Lakin bu təsdiq olunmayıb. Rusiyada yaşananların başlıca səbəbi ölkə daxilindəki çəkişmələrdir. Bu, özünü müxtəlif forma və təzahürlərlə cəmiyyətdə gedən proseslərdə göstərir.

-Bu olaylarda ABŞ-ın “əli” varmı ?

-Navalnının arxasında istər ABŞ və yaxud bütün dünya dursun fərq etmir. Bir dövlət digərinin daxilində insanların kütləvi olaraq küçələrə çıxmasını təşkil edə bilməz. Özü də Rusiya kimi bir dövlətin daxilində… Orada azadlıqlar, hüquqlar məhduddur, demək olar ki, hamı nəzarətdədir. Düşünürəm ki, ABŞ-ın proseslərdə “əli”nin olduğuna dair iddiaların ortaya atılması yalnız diqqəti yayındırmaqdır. Əsas problem isə Rusiyadakı korrupsiyanın fəsadları olan sosial-iqtisadi durumla bağlıdır. Məsələn, insanlar 50 dərəcə şaxtada etiraza çıxırsa, bunun başqa səbəbi var. Amerika kəşfiyyatı gedib Rusiyada insanları qızışdırıb, onları ayağa qaldırdı ki, 50 dərəcə şaxta ola-ola küçələrə çıxıb Putinə etiraz edin? Bu, bir qədər absurd səslənir. Təbii ki, Qərbin müdaxiləsinin olmadığını demək istəmirəm. Şübhəsiz ki, Qərbdən müdaxilə var. Lakin baxır bu müdaxilə hansı səviyyədə və şəkildədir.

– Bu proseslərdə Amerikanın  müdaxiləsini ortaya atmaqda məqsəd nədir?

– Xarici amili qabartmağın səbəblərindən biri də budur ki, ilk növbədə Putin və onun yaxın ətrafı diqqəti ölkə daxilindən yayındırmağa çalışırlar. Çünki münaqişə kəksinləşdikcə mübarizənin formaları da sərtləşəcək. Son nəticədə bu, Putinin hakimiyyəti itirməsi ilə nəticələnəcək.

Xarici ölkələrin Rusiyada hadisələrdən istifadə etməsinə gəlincə, bu, təbii bir prosesdir. Rusiya da başqa ölkələrin daxilində gedən belə proseslərdən istifadə edir. Bu, geosiyasi mübarizənin bir formasıdır. Bütün avtoritar hakimiyyətlərdə simptomatik bir xüsusiyyət var: onlar daim daxildə yaranan problemləri xarici amilin ayağına yazırlar.

-Rusiyadakı iğtişaşların bir səbəbi kimi sosial-iqtisadi durumu qeyd etdiniz. Bəs Navalnının bu olanlarda payı nə qədərdir?

-Rusiyada insanların yaşayışında və gündəlik həyatında məhdudiyyətlər, basqılar, maneələr olmasa, insanlar etiraz aksiyasına çıxmazlar. Bu qədər insanı etiraz aksiyasına çıxaran yeganə səbəb onların həyatındakı real çətinliklərdir. Etiraf edən ki, aksiyaların kütləvi şəkildə baş tutması Navalnı deyil. Çünki nə Navalnı, nə də onun şəbəkəsi elə bir gücdə deyil ki, bu qədər insan aksiyalara çıxsın. Yaxşı bilirik ki, insanlar adi bir çağırışla küçələrə axışmazlar. Deməli, baş verənlərin arxasında başqa amillər var. Bəlkə də, elə məqamlar var ki, biz onu hələ bilmirik. Amma hər bir halda hakimiyyətdəki parçalanma amili də Rusiyadakı proseslərdə birmənalı rol oynayır.

Hamısını Göstər

Related Articles

Back to top button