“Rusiyalıların hamısı xəstələnəcək, orada plutonium var, bu əraziyə toxunmaq olmazdı” – Yaponiyadan müsahibə
İyulun 26-da Ukraynanın Yaponiyadakı səfiri Serqey Korsunskinin sədrliyi ilə “Atom Elektrik Stansiyalarının Təhlükəsizliyi və Mühafizəsi: Ukrayna və Dünya üçün Çağırışlar” adlı onlayn konfrans keçiriləcək.
Bu mövzu Ukrayna üçün daha çox aktualdır, çünki ölkənin və Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES hazırda Rusiya hərbçilərinin nəzarəti altında, faktiki olaraq müharibə zonasındadır.
Oxu.Az-ın əlaqə saxladığı Ukraynanın Yaponiyadakı səfiri Serqey Korsunski tanınmış ukraynalı alim və diplomatdır. O, keçmişdə bu ölkənin Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko Diplomatik Akademiyasına rəhbərlik edib, Ukraynanın Xarici İşlər Nazirliyinin ABŞ-dakı müvəqqəti işlər vəkili və Türkiyədə səfir olub.
– Ukraynada müharibə gedir və indi Zaporojye Atom Elektrik Stansiyası Rusiya Federasiyası tərəfindən ələ keçirilib. Dünyada buna bənzər bir hadisə olubmu ki, başqa bir ölkənin ordusu xarici dövlətin Atom Elektrik Stansiyasını ələ keçirsin?
– Söhbət də elə bundan gedir. Rusiyanın Ukraynaya təcavüzü, Çernobıl AES-i nəzərə almasaq, ərazisində 15 nüvə reaktoru olan ölkəyə qarşı bəşəriyyət tarixində ilk müharibədir. Bütün bəla və təhlükə budur. Təbii ki, bu çox ciddi problemdir. Ruslar Zaporojye AES-i minalayıb, reaktorlar arasına çoxsaylı reaktiv yaylım atəşi qurğuları yerləşdirib və Zaporojye vilayətinin yaşayış məntəqələrini atəşə tutublar. Onlar başa düşürlər ki, biz adekvat cavab verə bilmərik, çünki nüvə reaktorlarına dəymək təhlükəsi var. Baş verənlər sırf nüvə terrorizmidir, başqa bir şey deyil.
– Mənim başa düşdüyümə görə, Zaporojye AES Çernobıl AES-dən qat-qat güclüdür və Allah eləməsin, nəsə baş versə, qlobal fəlakət olacaq?
– Təbii ki, məhz belə olacaq. Ruslar özlərini problemin səviyyəsini başa düşməyən axmaqlar kimi aparırlar. Çernobıl AES-də Qırmızı Meşədə xəndəklər qazmağa başlayanda da özlərini belə aparırdılar. (Atom elektrik stansiyasına bitişik olan Qırmızı Meşə 1986-cı ildə reaktorun partlaması zamanı radioaktiv tozun atılmasında ən böyük payı öz üzərinə götürüb – red.). Onların hamısı xəstələnəcək, axı orada plutonium var. Bu əraziyə toxunmaq olmazdı. Lakin bu hərbçilər o qədər savadsızdırlar ki, radiasiyanın artdığı zonada olduqlarını belə bilmirdilər.
Zaporojye AES altı RBMK-1000 reaktoru ilə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Onların hər biri Çernobıldakı reaktorlardan daha böyükdür. Təbii ki, reaktor qabığının hər hansı zədələnməsi miqyasını təsəvvür etmək belə mümkün olmayan fəlakətə gətirib çıxara bilər. Mən hələ Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmək təhdidlərindən danışmıram.
– Dediniz ki, Zaporojye AES-də baş verə biləcək fəlakətin miqyasını təsəvvür etmək belə mümkün deyil. Ancaq yenə də hansı ərazilər zərər çəkə bilər?
– Mən sizə Çernobıldan misal çəkəcəyəm. 1986-cı ildə Çernobıl qəzası baş verəndə mən bilavasitə onun nəticələrinin aradan qaldırılmasında iştirak etmişəm. Baş verənləri necə öyrəndiyimizi bilirsinizmi? Norveçdən! Və sonra izlər hətta Şotlandiyada tapıldı, burada qoyunları tamamilə məhv etmək məcburiyyətində qaldılar və Böyük Britaniyanın bu bölgəsi bir il ərzində yun məhsullarını istehsal etmədi – bu mümkün deyildi. Göydən radioaktiv toz yağırdı.
Zaporojye AES-də nəsə baş verərsə, bu, Qara dənizin sonu olacaq. Nəticələr Qafqaza və ola bilsin ki, Xəzər dənizinə təsir edəcək. Burada çox şey küləyin gücündən, onun hansı istiqamətdə əsəcəyindən asılıdır. Amma özlüyündə bütün bunları təsəvvür etmək belə mümkün deyil. Dnepr yaxınlığındakı radioaktiv maddələr ən azı bu çaya tökülsə nə olacaq?
Çernobıla qayıtsaq,1986-cı ildə mən Ukrayna Elmlər Akademiyasında işləyirdim və bizim şöbə qəzanın aradan qaldırılması ilə məşğul olurdu. O vaxt mənimlə işləyən dostlarım hazırda Yaponiyada işləyirlər, Fukusima-1 AES-dəki vəziyyətlə bağlı yapon mütəxəssislərinə kömək edirlər (2011-ci ilin martında zəlzələ və sunamidən sonra orada Beynəlxalq Nüvə Hadisələri Şkalası üzrə maksimum yeddinci dərəcəli radiasiya qəzası baş verib – red.). Biz onlarla Zaporojye AES ilə bağlı vəziyyəti müzakirə etdik. Ümumi nəticə ondan ibarətdir ki, bütün dünya üçün idarəolunmaz təhlükə var.
AES-də işçilər də gərgin vəziyyətdədirlər, onlardan gölməçələrin soyuducularından suyu boşaltmaq tələb olunur. Əgər bu edilərsə, qəza baş verdikdə reaktorları soyutmaq üçün heç nə olmayacaq! Və vəziyyət Fukusimadakı kimi olacaq. Biz ağılsızlarla rastlaşmışıq, vəziyyət çox pisdir.
– Siz Rusiyanın nüvə silahından istifadə ilə bağlı hədələrini qeyd etdiniz. Elə bu günlərdə mətbuat Britaniya kəşfiyyatına istinadən yazıb ki, Kreml iki dəfə Ukrayna ordusunun mövqelərinə taktiki nüvə silahından istifadə imkanını müzakirə edib. Yeri gəlmişkən, 2020-ci ildə ikinci Qarabağ müharibəsindən əvvəl, müharibə zamanı və sonrası Ermənistanda da Azərbaycana nüvə zərbəsi endirmək çağırışları olub, ancaq taktiki (onlarda yoxdur) deyil, çirkli atom bombası ilə. Bəs siyasətçilər və ekspertlər, ümumiyyətlə nüvə zərbələrinə necə çağırış edə bilərlər? Bunun bütün nəticələri başa düşmürlərmi?
– Bu barədə biz yalnız emosiyalar mübadiləsi edə bilərik. Biz başa düşmürük ki, onlar niyə başa düşmürlər. Amma biz Britaniya kəşfiyyatı olmasa belə, Rusiyadan bu təhdidləri eşidirik. Rusiya rəsmiləri nə deyir? Skabeeva və Solovyov kimi bütün şoularda Ukraynaya, Avropaya, ABŞ-a nüvə hücumlarını daim və ətraflı müzakirə edir, bizi necə nüvə külünə çevirəcəklərini deyirlər. Bilirik ki, həqiqətən də buna hazırlaşırlar, onların bu döyüş başlıqlarını daşıya bilən təyyarələri var. Bu, sadəcə dəlilikdir.